Modern.az

İlham Əliyev və Mehriban Əliyeva Şahdağa qalxıblar- FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva Şahdağa qalxıblar- FOTOLAR

17 Fevral 2012, 19:09

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olublar. (AzərTAc).

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin gedişi ilə bağlı dövlət  başçısına ətraflı məlumat verib. Bildirilib ki, Şahdağ qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənəcək. Kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə bu kompleksin təməli qoyulub. 

Diqqətə çatdırılıb ki, Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Şahdağ qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilir, körpülər salınır, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilir və digər müvafiq işlər görülür. Tikintinin aparıldığı ərazi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir.

Kompleksin 2058 hektar ərazisi vardır. Azərbaycanda və ümumiyyətlə dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənəcək və il boyu fəaliyyət göstərəcəkdir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açacaq. Turistlər yay mövsümündə də burada mənalı istirahət edə biləcək.

Qeyd olundu ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılacaqdır. 2011-ci ilin fevralında Prezident İlham Əliyev kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı ötən ilin sonunda tikintinin gedişi ilə tanış olub. 
Prezident İlham Əliyev kompleksin lift bazasında həyata keçirilən işlərlə maraqlanıb. Bildirilib ki, artıq lift bazasında tamamlama işləri görülür. Bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Baza biri yeraltı olmaqla, üç mərtəbədən ibarətdir. Burada xizək avadanlığı kirayəsi bölməsi də var. 
Dövlət başçısına xizək bölməsində istifadə olunacaq və turistlərin ixtiyarına veriləcək xizək avadanlığı barədə məlumat verilib. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün də hərtərəfli şərait yaradılıb.

Azərbaycan Prezidentinə məlumat verilib ki, turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4, 8 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılmış, 3 nömrəli liftdə sınaq işi aparılır, 7 nömrəli liftin inşası isə yekunlaşdırılmaq üzrədir. Kompleksdə turistlərin xizəklə sürüşməsi və qış istirahətini sığortalamaq məqsədi ilə süni qaryağdırma sistemi yaradılır. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb. Bazada Almaniya istehsalı olan avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə gətirilməsində istifadə olunacaq. Burada birinci mərhələ çərçivəsində 9 kanat yolu fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki, lift bazasındakı oteldə 40 otaq, restoran, bar, kafe, bilyard otağı, dükanlar, konfrans salonu, tibb məntəqəsi, əməkdaşlar üçün otaqlar, on lift, avtomobil dayanacağı və digər obyektlər var. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva nümunə üçün yaradılan otel otaqlarında şəraitlə tanış oliblar. 
Daha sonra yüksəklikdən kompleksin ərazisini seyr edən dövlətimizin başçısına məlumat verilib ki, birinci mərhələ çərçivəsində qaz generator stansiyasının tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici infrastruktur üzrə də xeyli iş görülüb. Kompleksə Qusar rayonundan 35,7 kilometr uzunluğunda orta təzyiqli qaz kəməri çəkilib. 35 kilometrlik kanalizasiya sistemi də istifadəyə hazırdır. 29 kilometr uzunluğunda fiber lifli rabitə xəttinin çəkilişi tamamlanmaq üzrədir. 32,6 kilometrlik 110 kilovoltluq elektrik xəttinin inşası davam edir. İçməli su kəmərinin və təmizləyici qurğuların inşası da başa çatdırılıb.
 
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə növbəti mərhələdə həyata keçiriləcək infrastruktur işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövləti başçısının tapşırıqlarına əsasən Şahdağ qış-yay turizm kompleksinin ərazisində otellər şəbəkəsi yaradılır. Artıq “Resort” otelində tamamlama işləri görülür. Yeddimərtəbəli oteldə turistlərə prezident nömrəsi, VİP-suit otaq, hər biri ikinəfərlik 170 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün üç konfrans salonu, altı restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək kirayəsi məntəqəsi, xizək məktəbi, yeraltı dayanacaq xidmət göstərəcək və digər xidmətlər təklif olunacaq.
“Resort” otelinin yaxınlığında daha iki yüksək səviyyəli otel fəaliyyət göstərəcək. Həmin otellərdən birinin artıq bünövrəsi qoyulub, digərinin isə hazırlıq işləri aparılır. Yaxınlıqda ən müasir standartlara cavab verən ticarət mərkəzi də fəaliyyət göstərəcək. Ərazidə bir kiçik otelin inşası da tamamlanmaq üzrədir. Burada turistlər üçün 26 otaq, sağlamlıq klubu, restoran, bar, kafe və digər əyləncə mərkəzləri nəzərdə tutulur. Həmin otelin yaxınlığında elektrik stansiyası tikilir. Qonşuluqdakı digər infrastruktur obyekti isə yay mövsümündə Şahdağ qış-yay turizm kompleksindəki bütün obyektlərin sərin hava ilə təmin olunmasını mərkəzləşdirilmiş qaydada həyata keçirəcək. 
Diqqətə çatdırılıb ki, Şahdağ qış-yay turizm Kompleksi dünya turizm sənayesində xüsusi layihələrdən biri olacaq. Layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, 900 nömrəlik “Relax” mehmanxana şəbəkəsi, 200 nəfərlik diskoteka binası inşa olunacaq, at ferması fəaliyyət göstərəcək.
Qeyd olunub ki, kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub. 
Komplekslə yaxından tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya əyləncə mərkəzlərinin yerləşəcəyi məhəllə barədə ətraflı məlumat verilib.
Dövlət başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

 

 

 

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir