Modern.az

Misir Mərdanov 12 illik təhsil praktikasını öyrənmək üçün Daşkənddə - FOTOLAR

Misir Mərdanov 12 illik təhsil praktikasını öyrənmək üçün Daşkənddə - FOTOLAR

Aktual

18 Fevral 2012, 22:42

Daşkənddə “Təhsilli və intellektual inkişaf etmiş nəslin hazırlığı-ölkənin davamlı inkişafının və müasirləşməsinin mühüm şərti kimi” mövzusunda iki gün davam edən beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Cənubi Koreya, İtaliya, Sinqapur, Rusiya, həmçinin Avropa və Asiyanın 40-dan artıq ölkəsindən gəlmiş alimlər, elm və təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Asiya İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Ölkəmizi bu konfransda Azərbaycanın təhsil naziri Misir Mərdanov, Milli Məclisinin deputatı Asəf Hacıyev, Bakı Dövlət Universitetinin prorektoru Şəlalə Məmmədova, Milli Məclisin eksperti Şahin Məmmədov və başqaları təmsil ediblər.

Özbəkistan prezidenti İslam Kərimov konfransın qonaqlarını salamladıqdan sonra, Özbəkistanda siyasi və iqtisadi sahədə aparılan islahatların “Özbək modeli”nin uğurlarından, eləcə də, təhsil sahəsində qazandıqları uğurlardan danışıb. Dövlət başçısı qeyd edib ki, Özbəkistanda təhsil sahəsində islahatlarla bağlı qəbul olunmuş proqram artıq öz bəhrəsini verməkdədir . Asiya İnkişaf Bankının prezidenti Xaroxiko Kuroda Özbəkistanda təhsil, səhiyyə, energetika və digər sahələrdə aparılan uğurlu islahatlar haqqında məlumat verib, Özbəkistan hökuməti ilə birgə layihələrindən danışaraq, bu işin davam etdiriləcəyini bildirib.

Konfransın bölmələr üzrə keçirilən iclaslarında Özbəkistanında kadrların hazırlanması üzrə Milli Proqram çərçivəsində həyata keçirilən layihələr, yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin olunması və digər məsələlər müzakirə edilib.
Bölmələrdə keçirilən iclaslarda Milli Məclisinin deputatı Asəf Hacıyev, konfrans iştirakçılarına azərbaycanda təhsil sahəsində aparılan islahatlar və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Azərbaycanın təhsil naziri Misir Mərdanov son illərdə dünyada, Dünya Bankı, Avropa Birliyi, Avropa İttifaqının təhsilin inkişafı ilə bağlı çox ciddi tədbirlər həyata keçirdiyini bildirib və qeyd edib ki, son on ildə təhsilin hədəflərini, təhsildə hansı problemlərin olması, onun həllini necə tapılmsı barədə çox ciddi addımlar atılır. Nazir deyib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də ölkənin gələcək 10 ildə hədəfləri ilə bağlı bir sərəncam imzalayıb. O sərəncamda göstərilən strategiyanı hazırlamaq, üçün Azərbaycanda çox ciddi işlər gedir.
Daha sonra nazir bildirib:

“Dünya görüb götürüm dünyasıdır. Biz də bura gəlmişik görək burda təhsil sahəsi necədir? İslahatların gedişi necədir? Bura bildiklərimizi, gördüklərimizi, eyni zamanda iştirakçılardan eşitdiklərimizi Azərbaycanda əgər mümkün olsa, tətbiq etmək məqsədimiz var. Məsələn, bizim üçün çox maraqlı oldu ki, Özbəkistan artıq 12 illik təhsil sisteminə keçib. 9-cu sinifdən sonra bunlar peşə təhsilini, orta ixtisas təhsilini, öyrənirlər. Artıq 12-ci sinfi bitirənlər ümumi orta təhsil almaqla yanaşı, bir və ya bir neçə ölkə üçün vacib olan peşə ala bilirlər. Mənə belə gəlir ki, bu çox müsbət bir addımdır. Eyni zamanda ölkə prezidentinin dediyi bir neçə məsələ var ki, əlbəttə düşünməyə vadar edir, ölkədə bütün məktəblər demək olar ki yenidən tikilir və ya təmir edilir. Burada uşaqların sayı Azərbaycana nisbətən çoxdur. Bu ölkədə son illərdə təhsillə bağlı müəyyən işlər görülüb. Bizim də hədəflərimizdən biri yaxın vaxtlarda 12 illik təhsil sisteminə keçməkdir”.

Konfransdan sonra Azərbaycanın təhsil naziri Misir Mərdanov Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə gələrək, Heydər Əliyevin büstü önünə gül çicək dəstələri qoyub. Mədəniyyət evinin “Azərbaycan tarixi ” və “Heydər Əliyev” muzeyi ilə də tanış olub.

 

 

 

 

 

 



Ləman Ağayeva
Daşkənd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!