Modern.az

Xocalı abidəsi protokola salınsın

Xocalı abidəsi protokola salınsın

20 Fevral 2012, 13:13

Elşad Paşasoy

Çox gecikirik. Qubada kütləvi məzarlıq aşkarlananda dedilər ki, daha Ermənistan batdı, bütün dünyanın diqqətini erməni vəhşiliyinə yönəldib düşməni rəzil günə qoyacağıq. Üstündən illər keçib, Quba məzarlığını tədqiq etmək üçün nəinki dünya alimləri cəlb olunmayıb, heç burada adicə muzey də tikilməyib.

Biz nədənsə 1918-ci il mart qırğını, ya da Xocalı soyqırımı barədə həqiqətləri dünyaya çatdırmağa tərəddüd edirik. Sonra da deyirik ki, dünya erməninin yanındadır. Bizim milli məhkəmə nə vaxt Xocalı soyqırımı ilə bağlı Sərkisyan və ya Köçəryan haqqında hökm çıxardı ki, Beynəlxalq Haaqa Məhkəməsi də bu məsələyə baxmadı? Bu yaxınlarda söhbət etdiyimiz bir iqtidar təmsilçisi dedi ki, Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə iddia qaldırmaması sülh danışıqlarının pozulması ilə bağlıdır.

Əgər bundan sonra da sülh nağıllarına inam qalıbsa və rəsmi Bakı bu nağıllar səbəbindən zəruri addımları atmırsa, daha sözüm yoxdur. Bəs onda biz Sarkozinin ermənipərəstliyindən niyə inciyir, Fransa Senatını lənətləyirik? Azərbaycan Xocalı soyqırımının 20 illiyini ən azı erməni canilərini mühakimə edən məhkəmə ilə qeyd etməli idi.
Əslində Meksika və Pakistan parlamentləri Xocalı soyqırımını tanıyıbsa, bununla çox da öyünmək lazım deyil. Ona qalsa, ermənilər 20-dən çox ölkədə yalançı “soyqırımı” tanıdıb. Xüsusilə də qarşıdakı 3 ildə çox çalışmaq lazımdır. Ermənilər bütün diqqətini 2015-ci ilə - qondarma “soyqırım”ın 100 illiyinə yönəldibsə, biz sakit oturmamalıyıq. Bu müddətdə Azərbaycan və Türkiyənin birgə addımlar atması, birgə çalışması lazımdır. “Soyqırımı” zərbəsi hər iki ölkəyə dəyəcəksə, başqa alternativ yoxdur. Qəribəsi odur ki, Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının bu ərəfədə keçirilməsinə ehtiyac görülmədi. Deyirlər ki, iclas yayda olacaq. Niyə? Necə olur ki, bu qurum iqtisadi məsələlərlə bağlı dərhal toplana bilir, amma milli və dövlətçiliyimizlə bağlı məsələdə gözləməyə üstünlük veririk?

Türkiyənin Taksim meydanındakı Xocalı mitinqinə gedən hazırlıqlar adamı mütəəssir edir. Bunun özü Türkiyə-Azərbaycan birliyini dünyaya çatdırmaq, gerçək soyqırımı erməninin törətdiyini bəyan etmək üçün ciddi hadisə olacaq. Ancaq nədən həmin gün Bakıda da möhtəşəm aksiya keçirilməsin? Nədən 26 fevralda Azərbaycanın iqtidar və müxalifəti Xocalı ziyarətinə eyni saatda gedib, bir-birinə başsağlığı verməsin. Bəlkə elə dialoq mövzusu Xocalı olsun... Bir-birimizi tanımadan, bir-birimizə əl uzatmadan Xocalı soyqırımını tanıda bilməyəcəyik. Erməni ona görə hədəfinə çatır ki, ölkə daxilində də, xaricində də kimsəyə fərq qoymadan milli davanı aparmaqdadır.

Xocalı soyqırımını tanıtmağın ən vacib bir yolu da var. Bu yol Bakıdakı Xocalı abidəsinin ziyarətinin rəsmi dövlət protokoluna salınmasından keçir. Azərbaycana az qala hər gün xaricdən rəsmi qonaqlar gəlir, yüksək səviyyədə görüşlər keçirilir. Niyə o qonaqları Xətai rayonundakı “Xocalı harayı” abidəsini ziyarətə aparmayaq? Düzdür, qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edir. Olsun, ancaq əgər bizim hədəfimiz Xocalı soyqırımını dünya ölkələrində tanıtmaqdırsa, o halda ilk addımları özümüz atmalıyıq.

Ola bilər ki, hansısa ermənipərəst ölkə bundan imtina etsin. Ancaq ən azı Azərbaycanla normal münasibətləri olan ölkə rəsmiləri bizim milli faciəmizə biganə qalmayacaq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti Bakı səfərində bu ziyarəti protokola salmaq olar axı. Əminəm ki, qardaş ölkədən Bakıya gələn hər bir rəsmi-qeyri rəsmi şəxs Xocalı abidəsini ziyarət etmək istəyər. Həmçinin Meksikadan, Pakistandan gələnlər. Elə isə bu imkanı niyə onlara yaratmayaq? Ermənistandakı qondarma “soyqırımı” abidəsini ziyarət edənlər Bakı səfərində Xocalı abidəsini ziyarət etməyəcəksə, onlarla əlaqələrə də yenidən baxmaq olar.

Azərbaycana gələn əcnəbi ölkənin prezidenti Xocalı abidəsinin qarşısında baş əyməyincə, abidə üzərinə adları həkk olunan günahsız insanların faciəsi barədə elə oradaca zəruri məlumatları almayınca soyqırımının həmin ölkə parlamentində tanıdılması çox çətin olacaq. Biz onsuz da çox məsələlərdə gecikirik. Heç olmasa 20 ildən sonra səhvimizi düzəldək...

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər