Modern.az

Xocalıda hər iki valideynini itirmiş 25 uşaq - HARADASINIZ..?

Xocalıda hər iki valideynini itirmiş 25 uşaq  - HARADASINIZ..?

Aktual

20 Fevral 2012, 16:28

Fevralın 26-da XX əsrdə bəşəriyyətə qarşı ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının 20 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı rus motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Bir gecədə darmadağına məruz qalan şəhərin 2500 sakinindən 613-ü düşmən gülləsinə tuş gəldi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq oldu. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Modern.az
saytı o qanlı qətliam gecəsində hər iki valideynini itirmiş uşaqların sonrakı taleyini araşdırmağa çalışıb.

Məlum olub ki, hər iki valideyinini itirmiş 25 uşağın ən kiçiyinin artıq 20 yaşı var. Onların hamısı həyatdadır, sağ-salamatdırlar.

Əməkdaşımız onların hazırda harada yaşadıqlarını da öyrənməyə çalışıb.

Söyqırımı zamanı hər iki valideynini itirən Əliyev Mehdi Firdovsi oğlu 1988-ci ildə doğulub. Hazırda Goranboyda məskunlaşıb.

Hüseynov Yaşar Hüseyn oğlu 1978-ci ildə doğulub. Onun qardaşı Ədalət 1983-cü ildə doğulub. Onların hər ikisi Goranboyda məskunlaşıblar.

Xəlilova Həmayil Tahir qızı 1987-ci ildə doğulub. Bacısı Xəyalə isə 1992-ci il təvəllüdlüdür. Bacılar Bakıda məskunlaşıblar.

Qəhrəmanova Xəzəngül Təvəkkül qızı 1984-cü ildə, bacısı Nigar 1987-ci ildə, qardaşı Vüsal 1991-ci ildə dünyaya gəliblər. Hər üçü Sabunçu rayonunda yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşıblar.

Hüseynova Yasəmən Tofiq qızı 1980, bacısı Əfsanə 1981, qardaşı Murad isə 1983-cü ildə doğulublar. Onların üçü də Bakıda məskunlaşıblar.

Orucova Xatirə Telman qızı 1983, bacısı Kubra 1989, qardaşı Anar 1991-ci ildə doğulublar. Hər üçü Sabunçu rayonunda yerləşən “Qızılqum”  sanatoriyasında məskunlaşıblar.

Məhərrəmova Vüsalə Vaqif qızı 1982, bacısı Səbinə 1984, qardaşı Natiq 1980, qardaşı Vüsal 1985, üçüncü qardaşı Namiq isə 1986-cı ildə doğulub. Onların harada yaşadığı barədə dəqiq məlumat əldə edə bilmədik.

İbrahimov Sabir Əlixan oğlu 1981, qardaşı Samir 1984-cü ildə doğulub. Onlar Bakının Nizami rayonunda yaşayırlar.

Həmidov Mübariz Sabir oğlu 1978, qardaşı Müşfiq 1976, digər qardaşı Eldəniz 1980-ci ildə doğulub. Bacaları Nigarın isə doğum tarixini dəqiqləşdirə bilmədik. Bu bacı qardaşlar da Goranboyda məskunlaşıbar.

Araşdırmalar zamanı o da məlum olub ki, hər iki valideynini  itirmiş bu şəxslər digər şəhid ailələrindən fərqli olaraq prezident təqaüdü ala bilmirlər. Xatırladaq ki, Qarabağ müharibəsində şəhid olan hər bir hərbi və mülki şəxsin ailəsinə - atasına və anasına, valideynlər olmadıdqa övladına – ayda 165 manat prezident təqaüdü verilir.

Bəs hər iki valideynini itirmiş bu 25 nəfər Xocalı sakini prezident təqaüdüni niyə ala bilmirlər?

Xocalı rayon İcra Hakimiyyətindən Modern.az saytına bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun 18 yaşından yuxarı olan övladlara şamil edilmir. Vaxtilə Xocalını tərk edərkən uşaq olmuş şəxslər sözügedən qanun qüvvəyə minəndə artıq 18 yaşlarını geridə qoyublarmış. Yuxarıda da qeyd etdiyimiz kimi onlardan ən kiçiyinin indi 20 yaşı var.  Bu isə o deməkdir ki, 25 ailə həmin qanunun imkan verdiyi güzəştdən – president təqaüdündən istifadə edə bilmir.

Xocalı rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, bu məsələ ilə bağlı onlara da çoxsaylı müraciətlər daxil olur. Amma qanun qanundur…

Qaldı İcra Hakimiyyəti tərəfindən həmin uşaqlara yardım edilməsi məsələsinə, bildirilib ki, İcra Hakimiyyətinin konkret təyinatı üzrə büdcəsi olur. Həmin büdcədə bu məsələ nəzərə alınmır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür