Modern.az

Azərbaycanda dərsliklər şagirdlərə icraçı olmağı aşılayır

Azərbaycanda dərsliklər şagirdlərə icraçı olmağı aşılayır

21 Fevral 2012, 09:03

Bəyənmədiyimiz sovetlər dövründə uşaqları təhsilə cəlb etməyi stimullaşdıran həvəsləndirici ideyalar var idi. Bunlar elə orta məktəb dərsliklərində də nəzərə çarpırdı. Uşaq baxçasından tutmuş orta məktəblərə qədər olan dərsliklərdə belə bir fakir aşılanırdı ki, yüksək səviyyədə biliyə malik olmaqla kosmonavt, SSRİ-nin rəhbəri olmaq mümkündür.

Müstəqillik əldə etməyimizə baxmayaraq bu gün hansısa dərslikdə belə fikirlərə yer verilmir. Uşaqlara ən yaxşı halda icraçı olacağı aşılanır.

Məsələn, yüksək təhsilli olsan sən yaxşı həkim, mühəndis və s. ola bilrəsən. Amma prezident ola bilmərsən. Bu, nə dərəcədə doğrudur?

Keçmiş təhsil naziri Firudin Cəlilov ümumiyyətlə orta məktəb dərsliklərində şagirdlərə rəhbər vəzifə tutmaq barədə fikirlərin söylənilməsinin əleyhinədir: “Onları insan olmağa, hümanist, ədalətli olmağa öyrətməliyik. Bu gün yaxşı ki, rəhbər vəzifəni tutmaq istiqamətində təhriklər, təlimlər yoxdur. Çünki bugünki şagirdlər rəhbər vəzifədə işləyənlərin rüşvətxor olduğunu, millətini, xalqını sevmədiyini bilirlər. Yəni bu 10 yaşından tutmuş 70 yaşına qədər olan insanların gözü qabağındadır. Biz onlara “sən icra başçısı ol, gəl camaatın suyunu, işığını kəs” deyək? Burada yaxşı heç nə yoxdur”.

F.Cəlilovun fikrincə, şagirdləri məmur hazırlamaq istiqamətində tərbiyələndirmək məktəbin borcu deyil: “Gəncləri vətənpərvər, millətini, xalqını, ölkəsini, bayrağını, dövlətini sevən ruhda böyütmək lazımdır. Əgər uşağa desən ki, sən yaxşı oxusan Ziya Məmmədov, Rövnəq Abdullayev olacaqsan, o da hər gün qəzetdə, orada-burada görür ki, bunlar millətin qanını soran rüşvətxorlardır. Yəni biz indidən uşaqları buna hazırlayaq? Bu, səhv fikirdir”.

Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, bu gün insanların yaşam problemi olduğu üçün onlar daha çox qazanc gətirəcək sahələrə üz tuturlar: “Bu gün dünyada belə bir tendensiya gedir ki, tədris yeni innovasiyalar, texnologiyalar tətbiq olunaraq öyrədilsin. Bizdə bu proses yavaş-yavaş getsə də, hər halda addım var. Məsələn, ibtidai siniflərdə uşaq əylənərək nəyisə öyrənməyə, mütaliə etməyə başlayır. Bu həm yaradıcı, həm də intelektual düşüncəni inkişafı baxımdan əhəmiyyətlidir. Amma nədənsə bu, bizdə geniş tətbiq olunmur. Digər tərəfdən yuxarı siniflərdən başlayaraq bir çox əlavə fənlər tədris olunur. Bu əlavə fənlər isə tutaq ki, nə fikiza, nə riyaziyyat, nə tarix, nə coğrafiyadır. Bunların hamısının birləşməsindən ibarət bir fənn-(buna seçmə fənn də deyirlər, əvvəllər “İnsan və Cəmiyyət” keçilirdi, indi bilmirəm bu keçilir ya yox) var idi, bunun da mahiyyəti ondan ibarət idi ki, yeniyetməyə özünü bir fərd kimi gələcəkdə tapmağa  yardımçı olurdu.

 Bir çox sahələr var ki, onlar həmişə nüfuzlu sahələr olub. Bizdə bir müddət belə bir tendensiya var idi ki, imkanlı insanların övladları, xüsusilə qızlar şərqşünaslıqda, konservatoriyada oxuyurdular. Bu bir prestij, imic idi. Oğlanlar isə hüquq fakultəsində oxumağa üstünlük verirdilər. Kimi danışdırsan deyirdi ki, “prokoror, katib olacam”. Yəni bu kimi yanaşmalarla onları şüuraltı hədəfə doğru aparırdılar”.

E.Rüstəmov bu gün insanların düşüncəsinin məişət qayğıları ilə məhdudlaşdığını və buna görə də bu cür hadisələrin yaşandığını qeyd edib: “Yəni orta məktəb şagirdi deyir ki, mən məktəbi bitirəndən sonra yol polisi olacam. Səbəb soruşanda deyir ki, “hər dəfə səni saxlayanda  pul oalırlar. Mən də yol polisi olacam, çoxlu pul qazanacam”. Bunun üçün prioritet pul qazanmaqdır.

Zaman keçdikcə bu fikirlər dəyərdən düşəcək və insan fərd olaraq cəmiyyətə nə qədər faydalı ola biləcəyi düşüncəsinə çıxacaq.

Bu gün cəmiyyətə faydalı yox, özümə nə qədər faydalı olacağam düşüncəsi var, yəni öz atama, anama, həyat yoldaşıma, övladıma nə dərəcədə faydalı olacağam. Əslində problemin kökündə bu yatır. Yəni biz toplum olaraq düşünə bilmirik. Daha çox eqomuza qapılıb qalmışıq.

Bir ev tikəndə də birinci hasarı çəkib, onu 4-5 mərtəbə qaldırırıq ki, heç kim görməsin. Yəni tez öz sərhədlərimizi çəkməyə başlayırıq. Bir müddət keçəndən sonra bunlar dəyişəcək.

Düşünürəm ki, zaman keçdikcə insanların yaşamaq problemi olmayacaq. Bu, bir gerçəklikdir. Necə? Yəni onlar fikirləşəcəklər ki, digər insanlar üçün necə faydalı ola bilərlərş Bu gedişin bir dönüşü də olacaq”.

Elnur Rüstəmov bu gün insanlarda “artıq prestijli yerlərin tutulduğu” ilə bağlı səhv fikirlərin formalaşdığını bildirib: “Elə yer var ki, insanların düşüncəsində sanki ora tutulub. Amma elə bir şey yoxdur. O yer hamınındır. Bacarırsansa sən də onu əldə et”.

Psixoloqun fikrincə bu orta məktəb müəllimlərinin yalnış yanaşması ilə əlaqələndirilməməlidir.

“Orta məktəbdə müəllim də bir evdən gəlir, onun özü də məişət qayğıları vqar. O öz problemini şagirdin üzərində edir. Bax, məsələnin bu tərəfi var və bu da zaman keçdikcə qaydasına düşəcək.

Mən düşünürəm ki, orta məktəblərdə həm təhsilin keyfiyyəti, ümumiyyətlə, şagirdin özünü tapması istiqamətində tədbirlər görmək lazımdır. Bu dərsliklərlə məhdudlaşmır. Dərslik bu istiqamətdə bir vasitədir. Öncə şagirdi o səviyyəyə gətirmək lazımdır”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır