Modern.az

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə cavab hazırlayb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə cavab hazırlayb

25 Dekabr 2009, 12:42

Modern.az xəbər verir ki, Milli Məclisin dekabrın 25-də keçirilən iclasında çıxış edən vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin 17 dekabr tarixli qərarı barədə danışıb. V.Ələsgərov deyib ki, Avropa Parlamenti heç vaxt Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü, bütün hüquq və azadlıqları tapdanmış insanları yada salmayıb, halbuki, bu insanların hüquqlarının qorunmasına dair məsələlər həmin qətnamədə əks olunmalıydı. A

vropa Parlamentinin qətnaməsində isə ancaq Azərbaycanda insan haqlarının pozulmasına, həbsdə olan jurnalistlərin azad olunmasına dair tələblər yer alıb.

V.Ələsgərov həmin qətnaməni Azərbaycanın mənafeyinə zidd adlandırıb: “Kimlərinsə həbsdən azad olunmasına dair israrlı çağırışlar azərbaycanlıların haqq-ədalətinin bərpasını nəzərdə tutsaydı, nəyə desəydiniz gedərdim. Ona görə də biz bu qətnaməyə cavab verməliyik, öz iradımızı bildirməliyik”.

Deputat Rövşən Rzayev bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də qərbyönümlülükdür. “Bu gün də bu yol davam etdirilir. Ölkəmiz prezidentlərinin zivə toplantısı zamanı Praqada öz mövqeyini təsdiqləmişdi. Amma təəssüf ki, bu gün aldığımız qətnamədə birtərəfli mövqe tutulub. Bir kəlmə də olsun Azərbaycanın işğal altında olan torpaqları barədə heç nə deyilməyib. Avropa Parlamentinin birtərəfli mövqedən çıxış etməsi bizi narahat edir”.

R.Rzayevin sözlərinə görə, bələdiyyə seçkisində 100 minlərlə vətəndaşımız-məcburi köçkün iştirak etməyib, bu isə onların hüquqlarının pozulması deməkdir. “Belə halların heç birinə nəzər yetirmədən qətnamə qəbul ediblərsə, Milli Məclis bu məsələyə öz münasibətini bildirməlidir. Avropa Parlamentin nümayəndələrini Azərbaycana dəvət edək və komissiya yaradıb onlara bir daha öz mövqeyimizi çatdıraq”.

Fuad Muradov bildirib ki, uzun müddətdir Azərbaycan Avropa təşkilatları ilə əməkdaşlıq edir. “Nə qədər ki Azərbaycanın mövqeyi güclənir, hərbi gücü artırsa, bir o qədər də təzyiq görürük Açıq-aşkar deyirlər ki, niyə görə siz ancaq yalnız siyasi məsələlərdən danışırsınız. Avropada müəyyən siyasi qruplara daxil olan təşkilatlar daim Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Azərbaycan son illərdə öz ədalətli mövqeyini həyata keçirir. Bəzən bu qruplar erməni diasporu tərəfindən idarə olunur. Sadəcə isə şəxsi maraqdan Azərbaycanı zəiflətməyə çalışırlar. Biz Avropa Parlamentindən dəstək görmürük. Ümumi siyasi qrup çərçivəsində bu dəstək yoxdur”.-deyə deputat söyləyib. O, Avropa Parlamentinin qətnaməsini Azərbaycana yeni bir təzyiq vasitəsi adlandırıb: “Çalışırıq hərtərəfli münasibətləri qoruyaq. Amma milli maraqlarımız daha üstündür”.

Səməd Seyidov da eyni mövzu ilə bağlı fikirlərini açıqlayıb. Deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası ilə əməkdaşlıq edir: “Amma son illər Azərbaycanı həm istəyən, həm də istəməyən qruplar aktivləşib. Bizi istəməyən qüvvələrə obyektiv, real faktları çatdırmaq üçün Avropa Parlamentinin qətnaməsinə iki cür reaksiya verilməlidir. Birincisi, bu sənədə öz münasibətimizi bildirməliyik. İkinci reaksiya isə işimizi təhlil etməliyik. Biz nə şəkildə Avropa Parlamenti ilə işləyirik, danışıqlar hansı istiqamətdə gedir və s.”.

İltizam Əkbərli isə bildirib ki, seçki qutularını kütləvi şəkildə doldurma prosesini seçki adlandırmaq olmaz: “Saxtakarlığın həddi o səviyyəyə çatıb ki, beynəlxalq təşkilatlar bizim haqqımızda xoşagəlməz fikirdədirlər”. Deputat deyib ki,

Qarabağ müharibəsində döyüşən çoxsaylı insanlar indiyə qədər veteran vəsiqəsi ala bilmirlər. “Üç il əvvəl də çıxış edib bu məsələyə diqqət yönəltdim. Amma onların qanuni hüquqlarını bərpa etmək haqqında bir iş görülməyib”.

Lalə Abbasova saatların bir saat geri çəkilməsi məsələsinə diqqət çəkib. O, bildirib ki, bəzi postsovet respublikalarında saat əqrəblərinin bir saat irəli və geri çəkilməsindən imtina olunub, Azərbaycan da buna getməlidir. Deputat “Sumqayıtelektrikşəbəkə”nin işindən narazılıq edib. O, bildirib ki, Xaçmazın bəzi qəsəbə və kəndlərində işıq dirəkləri qəza vəziyyətindədir: “Dəfələrlə müraciət etsəm də, bu problem öz həllini tapmayıb”.

Cəmil Həsənli deyib ki, Azərbaycan üçün ciddi problemə çevrilən, imicinə ziyan vuran jurnalistlərin bə bloqçuların həbsi məsələsinə son qoyulmalıdır. Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov, Adnan Hacızadə və Emin Milli azadlığa buraxılmalıdır. Deputat üzünü Milli Məclisin sədri Oqtay Əsədova tutaraq xahiş edib ki, spiker jurnalistlərin, bloqçuların azadlığa buraxılması üçün öz nüfuzundan istifadə etsin və Pprezidentə müraciət ünvanlasın ki,həmin şəxslər sərbəstliyə çıxsınlar

: “Onların bu gün həbsdə qalması azadlıqda olmalarından daha çox ziyan gətirir”. Oqtay Əsədov isə cavab verib ki, o, hamı haqqında müraciət edə bilər, bircə Eynulla Fətullayevdən başqa. "Son aylar erməni saytları yazır ki, Xocalı soyqırımını azərbaycanlılar özləri törədiblər ki, Ayaz Mütəllibovu hakimiyyətdən devirsinlər. Bunu Eynulla Fətullayevin yazısına əsaslanıb deyirlər. Azərbaycan haqqında, Xocalı barəsində belə bir yazı yazan şəxslə bağlı müraciət edə bilmərəm”.

Sabir Rüstəmxanlı da deputatların Avropa Parlamentinin sənədi ilə bağlı fikirlərinə qoşulub.

Digər deputatlar da çıxışlarında Avropa Parlamentinin qətnaməsini pisləyərək orada Qarabağ münaqişəsinə dair məsələnin yer almamasına etiraz ediblər. Spiker

Oqtay Əsədov bildirib ki, Azərbaycan dünyada tanınan, güclü iqtisadiyyatı olan bir dövlətdir və Milli Məclis öz sözünü deməlidir: "Biz bu ikili standartlara qarşı öz fikirrmizi bildirməsək, təzyiqlər axıra kimi davam edəcək. Ötən dəfə Milli Məclis ABŞ Konqresinə məktub göndərdi. Bu dəfə isə Avropa Parlamentinə bəyanat qəbul etməliyik".

Daha sonra Milli Məclis Avropa Parlamentinin qətnaməsinə cavab hazırlamağı qərara alıb və bunun üçün deputatlardan ibarət komissiya yaradılıb.

Komissiyaya rəhbərlik Səməd Seyidova həvalə olunub. Üzvlər isə Fəzail Ağamalı, Fuad Muradov, Nizami İsgəndərov, Elman Məmmədov, İkram İsrafil, Rövşən Rzayev və Pənah Hüseyn seçiliblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir