Modern.az

Elmar Məmmədyarov nazirlərin G-20 toplantısında Qarabağdan danışıb

Elmar Məmmədyarov nazirlərin G-20 toplantısında Qarabağdan danışıb

21 Fevral 2012, 10:51

Meksikada səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib.

XIN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarovdan öncə çıxış edən Meksikanın xarici işlər naziri Azərbaycan Respublikasının və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib.  

Daha sonra çıxış edən Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycan Respublikasının etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.  

Nazir Elmar Məmmədyarov öz çıxışında davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, Azərbaycanın 20 illik müstəqillik dönəmində   bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən nazir Elmar Məmmədyarov, Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, bununla da gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını qeyd edib. O, İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu bildirib. Gender bərabərliyi məsələsinə toxunan nazir Elmar Məmmədyarov cəmiyyətdə qadının mühüm rolundan bəhs edib və xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. 

Təhlükəsizlik məsələlərinə toxunan nazir Elmar Məmmədyarov, bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edərək, BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycanın bu qətnamələrin tətbiq mexanizminin olmaması kimi xoşagəlməz təcrübəsinin olduğunu xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb. Nazir BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığımızı qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib. 

Nazir Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-ın dövlət katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib. 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi