Modern.az

Azərbaycan deputatlarının qatıldığı İrəvan iclası başa çatdı

Azərbaycan deputatlarının qatıldığı İrəvan iclası başa çatdı

Aktual

23 Fevral 2012, 17:54

“Bu dəqiqə Ermənistan nümayəndələrinin “Avronest”-in Bakıda keçirləcək növbəti tədbirində iştirak edə biləcəkləri sual altındadır”.
Modern.az xəbər verir ki, bu sözləri “Avronest”in Sosial məsələr üzrə komissiya həmsədri Artak Zakaryan iclasın yekunları ilə bağlı keçirdiyi mətbaut konfransında deyib. O, bildirib ki, əgər təhlükəsizlik məsələləri həll olunarsa, Ermənistan nümayəndə heyətinin həmin tədbirdə iştirakı mümkündür.

Zakaryan əlavə edib ki, Azərbaycan deputatlarının təhlükəsizlik baxımından heç bir problemləri olmayıb. Amma eyni fikri Bakıda keçirləcək tədbir haqda demək çətindir. O, fikrini Rusiya güləş üzrə yığmasının erməni üzvünə olan “təzyiqlər”lə əlaqələndirib.

Dünənki iclasda yaranan qarşıdurmaya gəldikdə isə, A.Zakaryan deyib ki, Azərbaycan deputatı təmsil etdiyi dövlətin təbliğatını aparıb. Dağlıq Qarabağ problemi isə bu təşkilatda müzakirə olunmamalıdır. Bu səbəbdən erməni deputatlar reaskiya veriblər.

Sosial Komissiyanın digər həmsədri litvalı Layma Andrikeyne azərbaycanlı deputatların iclasda iştirakına toxunub. O bildirib ki, azərbaycanlı deputatlar özlərini yüksək səviyyədə göstərə biliblər.  

Xatırladaq ki, İrəvanda keçirilən iclasda azərbaycanlı və erməni deputatlar arasında ciddi qarşıdurma yaranıb. Səbəb isə millət vəkili Azay Quliyevin çıxışı olub.

A.Quliyev çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, 1 milyona yaxın azərbaycanlı qaçqın-köçkünün olmasından, müharibənin Azərbaycana vurduğu ziyandan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən sərt danışıb. Bu erməni deputatları özündən çıxarıb. Onlar bunu Azərbaycanın təbliğatının növbəti mərhələsi, dəfələrlə eşitdikləri yalan adlandırıblar. Tərəfləri iclasın təşkilatçısının müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub.

Buna baxmayaraq, A.Quliyev xatırladıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, “Avronest”ə daxil olan Ermənistanla mədəni-humanitar sahədə əməkdaşlıq etmək mümkündür. Bir daha vurğulanıb ki, bu, yalnız işğala son qoyularsa mümkün olar.

Sonda qeyd edək ki, Azay Quliyevin çıxışı ermənistan mətbuatının gündəmindən düşmür. Bu məlumat yayımlandığı vaxta qədər 50-yə yaxın erməni saytı mövzuya toxunaraq, sərt reaksiya veriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu