Modern.az

Milli Məclisdə Pənah Hüseynlə bağlı gərginlik yaşanıb

Milli Məclisdə Pənah Hüseynlə bağlı gərginlik yaşanıb

Parlament

25 Dekabr 2009, 17:44

Modern.az xəbər verir ki, dekabrın 25-də Milli Məclisdə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə ) mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, hazırda Azərbaycanda 2224 nəfər AİDS/HİV virusuna yoluxmuş xəstə var. O, bildirib ki, Azərbaycanda AİDS/HİV virusuna yoluxanlardan 2138 nəfəri yerli, 86 nəfəri xarici ölkə vətəndaşıdır: “1990-cı illərin əvvəllərində Azərbaycanda yalnız bir nəfər AİDS/HİV virusu daşıyıcısı idi. İndi bu rəqəm dəfələrlə artıb. Virusa yoluxanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır. Virusa ən çox narkotikdən istifadə edəndə yoluxurlar. Xəstələrin 63,08 faizi bu cür yoluxub. İndiyə qədər Azərbaycanda 274 nəfər bu xəstəlikdən ölüb”.

Deputat qeyd edib ki, əslində indiki statistika da həqiqəti tam əks etdirmir: “Bu yalnız yoxlamalardan keçənlərin statistikasıdır. Həqiqətdə bu virusa yoluxanların sayı 2224 nəfərdən dəfələrlə artıqdır”.

M.Quliyev deyib ki, yeni qanun layihəsi bu xəstəliyə yoluxanların cəmiyyətin normal üzvü kimi qəbul edilməsini nəzərdə tutur.

Fazil Mustafa deyib ki, bu qanun daha çox xəstəliyə tutalan şəxslərin huquqlarını qoruyur. Amma nəzərə almaq lazımdır ki, həmin xəstələrdən yoluxan şəxslər də ola bilər: “Başqa insanların yoluxmaması üçün işəgötürənlərə bəzi hüquqlar verilməlidir”.

Gövhər Baxşəliyeva Hepatit B və digər yoluxucu, öldürücü viruslarla bağlı xüsusi tədbirlər görülməsinin, lazım gələrsə ayrıca qanun layihələrinin qəbulunu vacib sayıb.

Nizami Xudiyev isə bildirib ki, rəsmi statistikaya görə, Azərbaycanda 2224 adamın HİV-ə yoluxduğu göstərilsə də, qydiyyata düşməyənlərin sayı daha çoxdur. Fuad Muradov deyib ki, QİÇS xəstəliyi gəncləşib. “Bunun əsas səbəbi narkotik maddələrdən istifadə ilə bağlıdır. Profilaktik tədbirlər gücləndirilməlidir və bu virusun yayılması mümkün olan sahələrdə maarifləndirmə işləri görülməlidir. Bərbərxanalar, poliklinikalarda xəstəliklərdən qorunma ilə bağlı məlumat xarakterli yazılar olmalıdır”-deyə deputat bildirib.

 

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov “ağcaqanadlar da bu xəstəliyi yaya bilərmi?” deyə sual edib.

İclasda iştirak edən QİÇS-lə Milli Mübürizə Mərkəzinin  direktoru Həqiqət Qədirova “yox” deyib: “Ona görə ki, virus ağcaqanadın mədəsində çoxala bilmir. Orada məhv olur. Ağcaqanadın burnu mexaniki olaraq bu xəstəliyi daşıya bilər”. Spiker Oqtay Əsədov isə deyib ki, ağcaqanadların xortumları qanı ancaq çəkir, vermir.

 

İclasda Pənah Hüseyn daxili nizamnaməni pozduğuna görə çıxıçdan məhrum olunub. Ona bununla bağlı yazılı məlumat veriləcəyi bildirlib.

Gülər Əhmədova deyib ki, Azərbaycanda bütün sahələrdə maraqlı proseslər gedir. “Qarabağla bağlı təslimçilik ruhu yayan ideaoloji cəbhə açılır. Elmlər Akademiyasının Əli Abbasov adında bir alimi belə bir layihə haqqında məlumat verib. Deyib ki, ermənilərin düşmən obrazını yaratmamalıyıq.  Millət vəkilləri arasında da bu əhval-ruhiyyədə olan insan var. Ona görə də düşmən barədə elə bir obraz yaratmalıyıq ki, illər keçəndən sonra övladlarımız ermənilərlə sərbəst yaşaya bilməsinlər”.

Oqtay Əsədov çıxışa müdaxilə edib. Deyib ki, faktı yazılı şəkildə təqdim etsinlər ki, müvafiq araşdırma aparılsın. 

Eldar Quliyev pambıqçılıq haqda danışıb. Deyib ki, dünyada  100-dən çox ölkədə pambıq yetişdirilir. Pambıqdan 90-dan artıq məhsul istehsal olunur. Düyna bazarına çıxarılan 22-24 milyon ton pambıq mahlıc Çin, ABŞ, Hindistan, Pakistan və Özbəkistanın payına düşür. Çin ildə 5 milyon tondan artıq pambıq mahlıcı istehsal edir.

Azərbaycanda pambığın 1 kiloqramının 30-40 qəpiyə alınması onun istehsalına marağı azaldıb. E.Quliyevin sözlərinə görə, 2008-ci ildə 48 min hektarda, bu il 21 min hektarda pambıq yetişdirilib. Bu il 38 min ton pambıq yığılıb. Müzakirələrdən sonra “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə ) mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı