Modern.az

"Azərsu"da Xocalı şəhidləri anılıb

"Azərsu"da Xocalı şəhidləri anılıb

24 Fevral 2012, 18:02

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsi bəşəriyyət tarixinə insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşüb. 20 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutub. Hərbi təcavüz zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailənin bütün üzvləri öldürülüb, 487 dinc sakin ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil. “Bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzalayıb. Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib”. 

Tədbirdə çıxış edən “Birləşmiş Sukanal” MMC-nın sədri, Qarabağ müharibəsi veteranı Etibar Məmmədov, “Azərsu” ASC-nin mühəndisləri Heydər Abbasov, Firuzə Hüseynova Xocalı faciəsini törədənlərin əsas məqsədlərinin Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə siyasəti olduğunu bildiriblər. 

Çıxışlarda faciənin 20 il əvvəl olduğu kimi bu gün də hər bir azərbaycanlının qəlbini sızlatdığı və Xocalı soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilib.



Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir