Modern.az

Bərdə sakini Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur ola bilər

Bərdə sakini Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur ola bilər

25 Fevral 2012, 09:15

Bərdə rayonu Xəqani küçəsi 16 ünvanında kirayənişin yaşayan  Rafiq Qəzənfər oğlu Quliyev bu müracəti  Prezidentin İcra Aparatının elektron ünvanına  göndərməsindən bir aydan çox vaxt keçsə də, heç bir cavab almadığını bildirir.

Müraciətdə deyilir:

“Cənab prezident! Biz, beş nəfərlik ailə 15 ildir ki, Bərdə kimi varlı bir bölgədə kirayənişin yaşayırıq. Bunun da əsas səbəbi yerli məmurların bürokratiya və korrupsiyaya qurşanmasıdır.

Ailə başçısı kimi iş qabiliyyətim yoxdur, belə ki, ağır vərəm xəstəsiyəm. Həyat yoldaşım ali təhsilli olsa da, heç cür iş tapa bilmir. Beş nəfərdən ibarət ailə yalnız  dövlətin verdiyi, rüşvətxorların əlindən zorla sənədləşdirib ala bildiyimiz ünvanlı sosial yardımla böyük çətinliklə dolanır. İki övladım orta məktəbdə, biri isə tibb kursunda oxuyur. Onların geyim-geçimini təmin edə bilmirəm.

Neçə illərdir ki, rayon rəhbərliyindən bizə özümüzə koma tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması üçün müraciət etsək də, heç kim köməklik göstərmək istəmək istəmir. Cənab prezident, neçə illərdir üç icra başçısı dəyişilib, nə onların, nə də müavinlərinin, nə bələdiyyə sədrlərinin, nə də ailəlikcə səs verib bölgəmizi MM-də təmsil etməsi üçün  deputat seçdiyimiz Zahid Oruc cənablarının qəbuluna düşüb  sözümüzü deyə bilməmişik. Dəfələrlə ərizə ilə müraciət etsək də, görüşüb dərdimizi bildirmək istəyimiz baş tutmayıb.

Başa düşə bilmirik, dövlət məmurları vətəndaşın problemini həll etmək marağında deyilsə, vətəndaş kimə, yaxud hara müraciət etməlidir. Belə çıxır ki, bu ölkədə pulu, vəzifəsi olmayan vətəndaş deyil. Vətənə xidmət edib onun keşiyində duracaq  üç övlad böyüdürəm. Vətəndaşın, bir ildən sonra bu vətəni qoruyacaq gələcək əsgərin ailəsinə yaşamağa yer tapılmırsa,  onda həmin əsgər hansı vətəni qorumalıdır?.. Halbuki rayon ərazisində həyətyanı torpaq sahələri qarış-qarış satılır...

Möhtərəm prezident! Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik, ancaq yerlərdə təyin  etdiyiniz bəzi məmurların işi bizi qane etmir. Ona görə də sizə müraciət etmək məcburiyyətindəyik. Xahiş edirik bizim ailənin probleminin həlli üçün göstəriş verəsiniz. Ümidimiz sizədir. Yoxsa hansısa xarici dövlət səfirliyindən sığınacaq istəməyə məcbur olacağıq.

Cənab prezident! İnanırıq ki, problemimizin həlli üçün əlinizdən gələni əsirgəməyəcəksiniz”.

İmza: Rafiq Qəzənfər oğlu Quliyev                                 

Şəxsiyyət vəsiqəsi: AZE № 07256188

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir