Modern.az

Buxarestdə konfrans: rumın xalqı Azərbaycan xalqının kədərini bölüşüb

Buxarestdə konfrans: rumın xalqı Azərbaycan xalqının kədərini bölüşüb

25 Fevral 2012, 12:33

Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar qanlı faciənin dünyada tanıdılması ilə bağlı Dialoq və Əməkdaşlıq naminə İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu tərəfindən təsdiq olunmuş tədbirlər proqramına uyğun olaraq, Buxarest Yazıçılar Birliyi və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə Buxarestdə “İnsanların sülh şəraitində birgə yaşamasının təşviqində konstruktiv dialoqun rolu: Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib.

Qeyd etmək lazımdır ki, qanlı faciənin eləcə də erməni işğalının Rumıniyada geniş şəkildə təbliğ olunması istiqamətində silsilə tədbirlərin keçirilməsində Türkiyənin Rumıniyadakı Səfirliyi fəal şəkildə iştirak edib. Konfransa Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Kamer Kasım da məruzəçi qismində dəvət edilib.   

Tədbirdə Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, tanınmış din, ədəbiyyat, tarix və incəsənət xadimləri, KİV nümayəndələri, Rumıniyada akkreditə olunan xarici ölkələrin diplomatları, ölkədəki türk və tatar toplumunun təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət palatası, Heydər Əliyev Fondu və ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, orada təhsil alan tələbələrimiz iştirak edib.

Tədbirdə Azərbaycan Səfirliyinin nümayəndəsi dünyada, xüsusən Cənubi Qafqazda mövcud münaqişələrin həllində konstruktiv dialoqun müstəsna rolunu qeyd edib, Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində təcavüzkar ölkənin dağıdıcı mövqeyindən bəhs edib.

Buxarest Yazıçılar Assosiasiyasının sədri və Rumıniya Yazıçılar İttifaqının Direktorlar Komitəsinin üzvü yazıçı, dramaturq Horia Qırbya Azərbaycanla bağlı təəssüratlarından danışıb, Qubadakı kütləvi məzarlıqda ermənilərin günahsız Azərbaycan xalqına qarşı soyqırımın dəlilləri ilə yerindəcə tanış olduğunu, Xocalı faciəsinin günümüzdə insanlıq əleyhinə ən böyük cinayət kimi qiymətləndirilməsinin vacibliyini dilə gətirib. O bütün bunlara rəğmən Azərbaycan xalqının sülhsevər xalq olduğunu bildirib.  

Rumıniyanın və bötüövlükdə regionun aparıcı nüfuzlu nəşrlərindən olan “Geopolitika” dərgisinin direktoru Vasile Simileanu xalqımızın faciədə itirdiyi qurbanlarının böyük təəssüf hissi yaratdığını, ermənilərin bu qəddar əməlləri nəticəsində çoxlu sayda itkilərin olduğunu və rumın xalqının Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.

Xocalı faciəsinin insanlıq əleyhinə yönəlmiş cinayət olduğunu, soyqırımda çoxlu sayda insanların tələf olduğunu, ölkəmizin 20% torpağının Ermənistan təcavüzkarları tərəfindən işğala məruz qaldığını, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarından didərgin düşdüyünü bildirərək, tezliklə ərazi bütövlüyümüzün təmin olunacağını və qaçqınların öz yurdlarına qayıdacağına ümidini ifadə edib.

Daha sonra Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, Cənubi Qafqazdakı münaqişələr və erməni məsələsi üzrə mütəxəssis Kamer Kasım ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə iştirakçılara geniş məlumat verib. O, Xocalı faciəsinin Rusiya hərbi qüvvələrinin dəstəyi ilə Ermənistan tərəfindən törədildiyini, kütləvi qırığınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd edib. K.Kasım ermənilərin uydurduğu qondarma “erməni soyqırımı” və Ermənistanın Azərbaycana təcavüzünə görə Türkiyənin Ermənistanla sərhədlərini bağladığını, münaqişə həll olunmayana qədər ölkəsinin Ermənistanla sərhədlərini açmayacağını vurğulayıb. O, Türkiyənin Ermənistanla münasibətlərində hər zaman Azərbaycanın mövqeyini nəzərə aldığını və Türkiyənin Azərbaycana olan dəstəyinin daimi olacağını qeyd edib. Cənubi Qafqazda gedən proseslərin digər ölkələr tərəfindən izlənildiyini münaqişələrin həllinin Rusiyanın təsirindən asılılığını, ATƏT-in Minsk Qrupunun hazırda münaqişənin həllindəki səylərinin səmərəli olmadığını və Fransada ermənipərəst siyasi qərarların geniş vüsət aldığını nəzərə alaraq Minsk Qrupunda Fransanın öz neytrallığını itirdiyini diqqətə çatdırıb, onun tərkibinin dəyişidirilməsi və həmsədrliyə başqa Aİ ölkəsinin cəlb olunmasının vacibliyini vurğulayıb.

K.Kamer Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinin hələ də icra edilmədiyini və bunun məsələyə ədalətsiz yanaşma olduğunu bildirib. 

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Dumitru Balan Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıb. Ermənistanın sadə insanlarının münaqişə istəmədiyini və sülhün bərqərar olunması üçün hər iki ölkənin ziyalıları arasında konstruktiv dialoqun yaradılmasının əhəmiyyət kəsb etdiyini qeyd edib. O, erməni hakim dairələrinin münaqişənin həllində yerli xalqın iradəsinə qarşı zidd addım atmasından təəssüfləndiyini də bildirib.   

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) Gənclər təşkilatının sədri Andrada Dinu öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri ilə bağlı dünya ictimaiyyətinin yalnız erməni mənbələrindən məlumat aldığını, Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli haqlı mövqeyinin bərpa edilməsinə qarşı erməni lobbisinin məkrli və pozucu fəaliyyət göstərdiyini, Ermənistan dövlətinin Azərbaycan və Türkiyəyə qarşı müxtəlif iddialarını əsaslandırmaq üçün saxta dəlil və yalanlara əl atdığını vurğulayıb. Xanım Andrada Dinu bu gün dünya ictimaiyyətinin Ermənistan silahı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımı tanımalı olduğunu və bu ədalətsizliyə biganə yanaşmağın insanlıq baxımından yolverilməzliyini qeyd edib. A.Dinu “Böyük Ermənistan" ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktları açıqlayaraq onun 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabında Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklər haqda məlumat verib.

Səfirliyin nümayəndəsi Ermənistanın və erməni daşnaklarının tarixən Azərbaycan və  Türkiyəyə qarşı hədsiz fitnə-fəsadlarına bir daha diqqət çəkib, başına gələn ağır faciələrə rəğmən türk millətinin hər zaman sülhsevər və mehriban xalq olduğunu, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, Avropa Şurası və s. qəbul etdikləri qətnamə, qərar və sənədlər əsasında həlinin vacibliyini, bunun üçün təqlid və göstəriş xarakterli deyil, konstruktiv dialoqun aparılmasına ehtiyacın olduğunu bildirib. Səfirliyin nümayəndəsi münaqişənin beynəlxalq hüququn müvafiq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həlli ilə bağlı Rumıniya dövlətinin tutduğu birmənalı, açıq-aşkar mövqeyinə görə minnətdarlığını bildirib. Xocalı kimi insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması üçün Xocalı qəsbkarlarının dünya ictimaiyyəti tərəfindən qınanması və cəzalandırılmasının vacibliyi vurğulanıb. Bu məqsədlə iştirakçılar Dialoq və Əməkdaşlıq naminə İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun “Xocalıya ədalət” kampaniyasında fəal iştiraka dəvət edilib.

Sonda konfrans iştirakçılarına insan hüquqları üzrə beynəlxalq təşkilatların, xarici mətbuatın və şahidlərin Xocalı dəhşətlərini əks etdirən və qətliamı təsdiqləyən faktları görüntülü kadrlarla nümayiş etdirilib.

Mərasim ölkənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi