Modern.az

Bir əcnəbiyə qadın hədiyyə edəcək təfəkkür!!!

Bir əcnəbiyə qadın hədiyyə edəcək təfəkkür!!!

Aktual

25 Fevral 2012, 13:10

Azər Həsrət

“Doğum günümdə gecə otağıma bir qadın gəldi. Qırmızı hündürdaban ayaqqabı geyinmiş bu qadının əynində sinəsi, kürəyi yarıyacan açıq bəyaz paltar vardı. Əlində şərab da gətirmişdi. Çarpayımda oturduq və onun gətirdiyi şərabdan içdik. Almanca bilmirdi, ingiliscə danışası olduq. İngiliscə o qədər yaxşı bilmirdi, amma bir-birimizi başa salmağa kifayət edirdi. Bu qadın mənə çox tanış gəlirdi. Soruşdum ki, səni haradasa görmüşəmmi? Güldü və “əlbəttə, görmüsən, televizorda kliplərim var” dedi. Güldüm və xatırladım. Bir dəfə rəsmilərdən biri televizorda oxuyan pop ulduza diqqətlə baxdığımı görüb gülümsəmişdi, əlini kürəyimə vurub nəsə demişdi. Sonra tərcüməçimdən nə dediyini soruşmuşdum, o da tərcümə etmişdi: “Zövqün yaxşıdır”. Otağıma gələn televizordakı qadın idi. O gecə tək yatmadım…”
 

Bu yazılanlar “Yeni Müsavat” qəzetində Azərbaycan milli futbol komandasının milli olmayan baş məşqçisi Berti Fogtsun (Berti Vogts) gündəliyindən alıntılar olduğu iddia edilən bir yazıdandır. “Gündəlik”də Azərbaycanı, Azərbaycanlıları qıcıqlandıra biləcək çox mətləblərdən söz edilir. Məmurlarımızın içki düşkünü olması, hədsiz bədxərclik etmələri və s. kimi. Bütün bunlara qarışmırıq. Yalnız yuxarıdakı sitatda yer alan məsələdən başqa.

Əgər yuxarıda deyilənlər gerçəkdirsə, bir əcnəbiyə Azərbaycanın TV kanalında klipi yayımlanan bir qadını həyat qadını olaraq hədiyyə edən şərəfsizin kim olduğunu sorğulamaq istərdik! Hətta bu yazını oxuyanda “doğrudanmı mənim millətimdən olanlar bu qədər alçalmağın fərqində deyillər?”, – deyə düşünmüşdüm. Və ən ağrılısı da bu idi ki, həmin yazıdan anlaşılırdı ki, bir Azərbaycanlı qadını (həyat qadını olsa belə!) əcnəbiyə hədiyyə edən yüksək rütbəli məmurlardan biridir. Ağlıma hər cür adamın adı gəldi bu an. Kimləri daha gözümün önündən keçirmədim? Həm də lənətləyərək, onları başımızın üzərinə çıxaranlara nifrin edərək!

Və sonra bəlli oldu ki, Berti Fogtsun gündəliyi deyilən bir şey yox imiş! Sən demə, bu yazılanlar gözü gözlüklü, soyadı hələ də rusca olan bir gənc “jurnalist”in təxəyyülünün məhsulu imiş! Və bu xəbər də Fogts onun haqqında yalanlar yayan jurnalistləri məhkəməyə verəcəyini bəyan edəndən sonra ortaya çıxdı! Bax, belə! Bu jurnalist parçası iddia edir ki, tam ciddi bir janrda qələmə aldığı yazı, sən demə, sadəcə bir zarafat imiş! Olsun, bu cür üsul mümkündür və hətta hardasa qəbul ediləndir. Ancaq bir yerə qədər!

İçki, bədxərclik, bilməm daha nələr haqqında bir əcnəbinin düşüncələrini uyduruq da olsa qələmə almağı hardasa bağışlamaq olar. Ancaq bu “jurnalist”dən soruşmaq istərdim ki, sən necə rəva bilirsən və mümkün sayırsan ki, zarafatla olsa belə, Azərbaycan qadınını (yuxarıda da qeyd etdiyim kimi, həyat qadını olsa belə!) bir əcnəbiyə hədiyyə etmə şərəfsizliyi mümkündür?! Mənim düşüncəmə görə, Azərbaycan məmurları rüşvətxor ola bilər, əzazil ola bilər, hətta adam da öldürə, evlərini dağıda bilər, ancaq kimliyindən asılı olmayaraq millətin bir qadınını əcnəbilərin yatağına hədiyyə olaraq göndərməz! Belə bir düşüncəni özünə yaxın buraxan bir Azərbaycanlı jurnalisti anlamaq mənim üçün heç də asan deyil!

Və sonda özünü sığortalamaq üçün guya təxəyyülünə güc verdiyini iddia edən bu “jurnalist”ə demək istərdim ki, sənin zarafatın heç yerinə düşmədi. Türkiyədə bir “eşşək şakası” ifadəsi var. Səninki ondan oldu deyərdim. Və bu eşşək şakası ilə həm də onu göstərmiş oldun ki, bir gün, Allah eləməmiş, sənin əlində imkan olsa, ölkəmizə qonaq gələn əcnəbilərə qadın hədiyyə edəcəksən!

Gerisini düşünməyi oxucuların öhdəsinə buraxıram…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür