Modern.az

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”

Müsahibə

25 Fevral 2012, 14:11

Onunla müsahibəmiz Azərbaycan xalqının ən ağrılı tarixlərindən birinin, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsinə düşdü. Ona görə də söhbətə elə bu məqamdan başladıq. Xüsusilə də ona görə ki, Rəhim Hüseynovun həmin hadisə barədə özəl şəhadətləri, şərhləri var. Beləliklə,  Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı Azərbaycanın sabiq Baş naziri Rəhim Hüseynovdur.

- Bu faciənin baş verməsində Ayaz Mütəllibovu günahlandırırlar. Bu mövqe nə dərəcədə haqlıdır?

- Məsələ burasındadır ki, Xocalı faciəsi Ayaz Mütəllibovun hakimiyyətə gəlməsindən bir neçə ay sonra baş verib. Ona görə də istəyirdilər günahı onun boynuna qoysunlar. Amma Xocalı faciəsinin baş verməsində o zamankı Baş nazir Həsən Həsənovun rolu böyük idi. Həsən Həsənov Xalq Cəbhəsi ilə əlbir hərəkət edirdi. O vaxt Müdafiə Nazirliyi yaranmamışdı. Bütün güc strukturları Baş nazirin əlində cəmləşirdi. Xocalının icra başçısı Elman Məmmədov bunu Milli Məclisdə açıq demişdi ki, onlar Bakıya vəziyyətin necə olmasıyla bağlı teleqramlar vururmuşlar. Amma Həsən Həsənov nəinki heç bitr tədbir görməyib, heç bu barədə Prezidentə xəbər də verməyib. Səbəb də bu idi ki, Həsən Həsənovun Ayaz Mütəllibovla arası yox idi. Bu bir respublika üçün, ölkə üçün böyük bədbəxtçilik sayılır ki, Baş nazirin Prezidentlə arası olmasın. Ona görə də Həsən Həsənov razı oldu ki, xalq qırılsın, təki bunlar hakimiyyətə gəlsinlər. Yəni özü və Azərbaycan Xalq Cəbhəsi (AXC).

- Sizin həmin qarışıq dövrdə Baş nazir təyin olunmağınız necə baş verdi?

- Mən o zaman Dövlət Plan Komitəsinin sədri idim. Eyni zamanda Ali Sovetin deputatı idim. Hamıya məlum olduğu kimi, Ayaz Mütəllibovu Xocalı faciəsindən sonra vəzifəsindən azad etdilər. Sonra mayın 15-dəki iclasda qərar verildi ki, onun Xocalı faciəsinin baş verməsində günahı olmayıb, ona görə də təklif olundu ku, qayıtsın vəzifəsinə. Elə həmin iclasda da təklif olundu ki, o, Baş naziri də seçsin. Artıq Həsən Həsənov getmişdi. Mütəllibov da elə tribunadan dedi ki, “mən Rəhim Hüseynovu Baş nazir təyin edirəm”. Dedi, tanınmış iqtisadçıdır, bir də dedi ki, “bu iki ayda məni bircə o axtarıb2. Amma bu söhbət bir az başqa cür olmuşdu. Bu, əlbəttə, tələsik bir qərar idi. O sessiyada Araz Əlizadə çıxış elədi. Dedi ki, “Rəhim Hüseynoviçi bir həftə sonra da təsdiq etmək olar”. Amma Ayaz Mütəllibov israr etdi. Həmin sessiyadan çıxıb mən Dövlət Plan Komitəsinə öz iş yerimə getdim. Sonra da vəziyyət yenə qarışdı. Mütəllibov Moskvaya getdi. 

- Amma Siz AXC ilə də işləmisiniz axı?

- Bəli, mən də elə onu danışıram. Gecə saat 3-ün yarısında bir də gördüm Yaqub Məmmədov dövlət telefonu ilə zəng vurdu ki, bəs, sizi yenidən təsdiq elədilər Baş nazir kimi. Beləliklə mən, iki gündə iki dəfə baş nazir təyin olundum. (Gülür).

- Və siz də onlarla işləməyə razı oldunuz?

- Əlbəttə ki, bu mənim üçün elə bir məsələ deyildi ki, dərhal razılıq verim. O zaman AXC hələ hakimiyyətdə deyildi. Ölkənin rəhbəri Yaqub Məmmədov sayılırdı. Amma mən işləmək üçün onlarla, yəni, AXC ilə şərt kəsdim. Dedim, mən ölkənin iqtisadiyyatı ilə məşğul olacam. Siyasət sizlikdir. Amma mənim işlərimə qarışmamalısınız. Onlar da dedilər ki, “kişi kimi söz veririk, bu, belə olacaq”. Lakin bir az işləyəndən sonra başladılar özbaşınalıq etməyə. Səriştəsiz adamları iş başına gətirdilər. Mənim tabeçiliyimdə olan adamları işdən çıxartdılar. Mən də zəng elədim, dedim ki, siz kişi olmadınız, ona görə də mən sizinlə işləmək istəmirəm.

- Kimə dediniz bunu?

- Elşibəyə... Hamısına...

- Siz işi bilən, təcrübəli və təmkinli adamsınız. AXC hakimiyyəti ilə necə işləmisiniz?

- Mən öz kitabımda da yazmışam ki, bir Allah bilir, mən onlardan nə çəkmişəm. Elçibəy yaxçı adam idi. Amma dövlət xadimi deyildi. Prezidentlik onunçün deyildi. Təsəvvür edin, sərəncamında olanlar onun yanında siqaret çəkirdilər. Bir-biri ilə dalaşırdılar. Bir dəfə belə iclaslardan birində Rəhim Qazıyev Pənah Hüseynovu az qala öldürəcəkdi. Mən cəld tərpənib onun başına vurmaq üçün götürdüyü külqabını əlindən almasaydım... Əvvəlcə külqabını, sonra da butulkanı əlindən alanda əlim kəsildi. Yeri əlimdə indi də qalır. (Əlindəki çapığı göstərir). Sonra Elçibəyə dedim ki, sən niyə imkan verirsən belə şeylərə? Deyirdi, neyniyim, mən onlarla bir yerdə sosiska yemişəm.

- Axı siz onun müşaviri də olmusunuz?

- Mən Baş nazir vəzifəsindən istefa verəndən sonra bir neçə ay Elçibəy məndən əl çəkmədi ki, işimə qayıdım. Mənə təkid edirdi ki, onun müşaviri olum. Razı olmadım. Sonra bir gün onun köməkçisi Gürşad bəy zəng vurdu ki, dünən Elçibəyin qərarı ilə Siz prezidentin xüsusi müşaviri təyin olunmusunuz. Sonra İşlər idarısindən, Rabitə Nazirliyindən zənglər oldu ki, “Sizin üçün xüsusi maşın, dövlət telefonu ayırılıb. Kabinetinizin qapısına da lövhə vurulub. Gəlin işə”. Amma mən getmədim. Mən o işə bir gün də olsun getməmişəm.

- Amma maraqlıdır ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Sizin kimi təcrübəli bir insana vəzifə vermədi...

- Burada bir az əvvələ gedib, bir hadisəni danışmaq istəyirəm. Hələ Heydər Əliyeviç Naxçıvanda olanda biz onunla İzmirdə görüşmüşdük. Beynəlxalq tədbirlərdən birində. Onda Heydər Əliyeviç mənə dedi ki, “Naxçıvanda vəziyyət çox ağırdır. Bunlar məni sıxışdırmaq üçün əhalinin əmək haqlarını aylarladır göndərmirlər”. Mən ona söz verdim ki, kömək edərəm. Bakıya dönəndən sonra söz verdiyim kimi, 10 milyon rubl yox 15 milyon rubl ayırıb, xüsusi təyyarə ilə Naxçıvana göndərdim. O zaman Baş nazir kimi buna səlahiyyətim var idi. Və qeyri-qanuni heç bir iş görmürdüm.
Hə... Heydər Əliyeviç hakimiyyətə gələndən sonra Surət Hüseynov məni dəvət etdi. Bir neçə vəzifə təklif olundu mənə. Biri Material Ehtiyatları Nazirliyi, biri də Dövlət Plan Komitəsi. Heç birini istəmədim. Dedim, indi bu idarələrin quru adı qalıb. Sonra elə ordan-burdan eşidirdim ki, Heydər Əliyeviçin mənə münasibəti yüksəkdir və vəzifə verəcək. Amma bunlar olmadı.
Bunlar olmadı, əvəzində isə mən bu arada çox yaxşı bir iş fürsətini əldən verdim. 1994-cü ildə Dünya Bankları Birliyi məni İsveçrəyə dəvət eləmişdi. O vaxt MDB bir-iki il idi ki, yaranmışdı. Mənə orada belə bir iş təklif olundu. O vaxt Parisdə MDB ölkələri üzrə Avropa Banklar qrupu yaradılmışdı və Cenevrənin ən böyük banklarından birinin rəhbərini ora prezident seçmişdilər. O mənə dedi ki, “Sizi çoxdan tanıyırıq, güclü iqtisadçısınız”. Avropa Banklar Qrupunun MDB ölkələri üzrə müşaviri vəzifəsini təklif etdi mənə. Təsəvvür edin, əgər razılaşsa idim, MDB ölkələri üzrə sərmayə, kapital qoyuluşu məsələlərində mənim fikrim onlar üşün əsas olacaqdı. Cenevrədə mənim üçün ofis, ev də ayrılmışdı və bunları mənim özümə göstərmişdilər. Mən onda işsiz idim və bu, mənim üçün çox böyük bir fürsət idi. Mən razılaşdım. Ordan qayıdanda Moskvada Çernomırdinlə görüşdüm. Onunla mənim dostluq münasibətlərim var idi. Çernomırdin mənə dedi ki, “Heydər Əliyev sənə vəzifə verəcək. Başqa heç bir vəzifəyə getmə”. Mən də inanıb, həmin işdən imtina etdim. Beləliklə, belə bir gözəl fürsət mənim əlimdən çıxdı. 

- Sizinlə bağlı belə bir şey də danışılır ki, Fransanın o zamankı prezidenti Fransua Mitteranı necə deyərlər, “yuyub-sərmisiniz”. Bu hadisə necə olub? Mitteran hara, Siz hara?


- Bu hadisə olub. Braziliyada beynəlxalq konqreslərdən birində baş verib. Həmin konqresdə dünyanın bütün aparıcı dövlətlərinin rəhbərləri iştirak edirdi. Azərbaycanı isə Baş nazir kimi mən təmsil edirdim. Orada Qarabağ məsələsiylə bağlı çıxışım çox maraqla qarşılandı. ABŞ prezidenti Corc Buşla (ata Buş-red.) görüş istəmişdim. Bu çıxışdan sonra mənə dedilər ki. Buş sizinlə görüşmək istəyir. Orda dövlət xadimləri üçün zal ayrılmışdı. Həmin zalda kimi istəsən görə bilərdin. Buşla söhbət zamanı Fransa prezidenti bizə yaxınlaşdı və nəsə dedi. Mən isə “no franse” deməklə bildirdim ki, fransızca bilmirəm. Buşun da kefi kök idi. Dedi ki, “mən sizə tərcüməçilik edə bilərəm”. Mən bu hadisəni danışanda həmişə deyırəm ki, Аmerika prezidenti mənə tərcüməçilik edib. (Gülür).
Mən Buşa dedim ki, cənab Buş, biz sizinlə qəlb açıqlığı ilə söhbət edirdik. Amma Mitteranla bu cür söhbətimiz alına bilməz. Buş təəccübləndi ki, niyə? Dedim, çünki Mitteran erməni əhval-ruhiyyəsinə, erməni maraqlarına köklənmiş bir adamdır.
Sonra üzümü Mitterana tutub dedim ki, mən keşən il Parisdə olarkən sizin xarici işlər naziri vasitəsilə sizə prezidentimizin adından dəvətnamə təqdim etmişəm ki, Azərbaycana gələsiniz. Bizim ölkəmizi özünüz görəsiniz. Yoxsa ordan-burdan eşitməklə təəssürat almayasınız. Dedim, Fransa mədəniyyətin beşiyidir, fransız xalqı mədəni xalqdır. Siz dövlət xadimisiniz. Vaxtınız az olur. Amma mədəniyyətiniz olsaydı, bizim prezidentə heç olmasa cavab yazardınız ki, “dəvətə görə təşəkkür edirəm, amma indi vaxtım yoxdur. Vaxt tapan kimi ölkənizə səfər edəcəm”. Çünki bu, qəbul olunmuş normadır. Buş, əlbəttə ki, bunları tərcümə edərkən, istəyirdi, söhbəti zarafat üstünə gətirsin. Çünki siyasətçilər bir-birlərinə belə sözləri deməzlər. Bu, təhqir sayılır.

- Siz həm də məşədi, kərbəlayısınız. Özü də bildiyimizə görə bu şəhərləri sovet dövründə ziyarət eləmisiniz. Bu, bir qədər qəribə görünür...

- 1978-ci ildə mən İraqa getmişdim. Səddam Hüseyn rəhmətlik məni ora dəvət eləmişdi. İraqa gedəndə nümayəndə heyətinin tərkibində Allahşükür Paşasadə, Nəbi Xəzri  də var idi. Şeyx də mənimlə getmişdi. Bağdaddan gəldik Kufə şəhərinə. Həzrət Əlinin evinin yanında qonaq qalırdım. Səddam Hüseynlə görüşəndə o mənə sual verdi ki, siz Kərbəlaya gedəcəksiniz? Dedim ki, əgər İraqa gəlmişəmsə, Kərbəlaya getməliyəm. Çünki orda Füzulinin qəbri var. Sonra Kufədə oturub səhər yeməyi yeyirdik, Şeyx məndən xahiş etdi ki, onu da aparım özümlə. Apardım. Orada bizi Kərbəlayının şeyxi qarşıladı. Söhbət elədik. Sonra o mənə diplom da verdi, öz imzasıyla təsdiq olunmuş diplom. Bizim Şeyx də sonra onu ərəbcədən Azərbaycan dilinə çevirib, qol da çəkib. Bağımda olmalıdır o diplomlar....

(Ardı var)

Qızılgül Abdinova        

***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır