Modern.az

İstanbulda Taksim meydanı Xocalı mitinqinə hazırlaşır - FOTOLAR

İstanbulda Taksim meydanı Xocalı mitinqinə hazırlaşır - FOTOLAR

25 Fevral 2012, 19:37

Fevralın 26-da İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriləcək. Aksiyada iştirak etmək üçün Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın baş redaktoru Elşad Eyvazlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da Türkiyəyə gedib. E.Eyvazlının verdiyi məlumata görə, bu gün – fevralın 25-də, yürüş-mitinq öncəsi Taksimdə olub, meydanda müxtəlif insanlarla söhbətləşiblər. Azərbaycanlı jurnalistlər İstanbul sakinlərinin sabahki aksiya barədə fikirlərini və yürüş-mitinqə hazırlıq vəziyyətini öyrəniblər. 

Həmkarlarımız Taksimdə Türkiyənin “Aydınlıq” qəzetinin əməkdaşı Hasan Ortatepe ilə söhbətləşiblər. Türkiyəli jurnalist bildirib ki, o da Taksimdə planlaşdırılan Xocalı yürüş-mitinqinə qatılacaq.
”Hamımız qatılacağıq, Xocalı hamımızın dərdidir”.

Taksimdə 30 ildir smit satan və bu yolla ailəsini dolandıran Ali Kacar adlı Türkiyə vətəndaşı da aksiyadan xəbərdar olduğunu qeyd edib və bildirib ki, sözügedən tədbirə mütləq qoşulacaq.

Fatih Doğan isə tələbədir. Deyib ki, Taksimdə planlaşdırılan aksiyadan xəbəri var. “Xəbərim var. İştirak edəcəyəm, amma mitinqə hazırlıq işi buarada yaxşı təbliğ olunmur. Türkiyədə milləti tərpədəcək təbliğat olmalıydı. Təəssüf ki, belə olmadı, bu məni üzür”.
Türk tələbə deyib ki, İstanbul mediası bu məsələyə öz problemi kimi baxmalıdır. Fatih Doğan azərbaycanlı tələbələrin hazırlıq işində fəal olduqlarını vurğulayıb.

Əməkdaşımızın Taksimdə söhbətləşdiyi təqaüdçü Şərif Bozdəmir bildirib ki, türklərin əsrlər boyu erməni məsələsinə biğanə yanaşması səbəbindən Xocalı soyqırımı kimi problemlər yaşanıb.
”Türkiyə Azərbaycanla erməni məsələsini birgə həll etməlidir”.

Həmkarlarımızın meydan ətrafında rastlaşdıqları polis işçiləri də Xocalı aksiyasından  xəbərdar olduqlarını qeyd ediblər.

Azərbaycanlı jurnalistlər bildiriblər ki, Taksim ətrafında sabahkı mitinqə çağırışla bağlı plakata meydandan 5 kilometr aralıda rast gəliblər. İstanbulun bir qədər kosmopolit şəhər olduğunu düşünən həmkarlarımızın fikrincə, təbliğat işinin daha da güclü qurulmasına ehtiyac varmış.

Bununla belə sabahki yürüş-mitinqə minlərlə insanın qatılacağı ehtimal olunur. Hər halda bu, fevralın 26-da bilinəcək.

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı