Modern.az

Türkiyə paytaxtında Xocalı abidəsinin təməlatma mərasimi olub - FOTOLAR

Türkiyə paytaxtında Xocalı abidəsinin təməlatma mərasimi olub - FOTOLAR

26 Fevral 2012, 11:30

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonu bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı soyqırımı abidəsinin təməlatma mərasimi keçirilib.

Tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Kızılcahamam Bələdiyyəsinin başçısı Coşqun Ünal, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla və ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra, Kızılcahamam bələdiyyəsinin başçısı Coşqun Ünal, diasporumuz adından Prof. Dr. Əflatun Nemətzadə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, millət vəkili Qənirə Paşayeva və səfir Faiq Bağırov Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçıları ilə dəyərli fikirlərini bölüşüblər.

Ardından, Xocalı soyqırımı abidəsinin yerləşəcəyi yerdə Kızılcahamam rayonunun dindar ağsaqqallarından birinin duaları ilə təməl atma mərasimi davam edib.

Bu tədbirin ardından, səfirliyimiz ilə Türkiyənin nüfuzlu universitetlərindən biri Orta Doğu Texniki Universitetinin (ODTÜ) birgə hazırladığı Xocalı soyqırımı ilə bağlı geniş tərkibli xatirə tədbiri başlayıb. Qeyd etmək istərdik ki, bu tədbir ODTÜ-də Azərbaycanla bağlı təşkil olunmuş ilk tədbir olma xüsusiyyətini daşımaqdadır.

Konfransda, səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, ODTÜ Beynəlxalq Münasibətlər Kafedrasının müdiri Prof. Dr. Hüseyin Bağcı, universitetin müəllim və tələbə kollektivi ilə yanaşı çox sayda elm adamı, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Tədbir Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış müfəssəl sənədli filmin nümayişi ilə başlayıb.

Daha sonra, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının Türkiyə nümayəndəsi Dr. Gözde Kılıç, diasporumuz adından Xanım Xəlilova, ODTÜ Beynəlxalq Münasibətlər Kafedrasının müdiri Prof. Dr. Hüseyin Bağcı, ODTÜ-nün professoru Həmidulla Mehrabov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar və millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı ilə bağlı fikirlərini öz çıxışları ilə auditoriyanın nəzərinə çatdırıblar.

Ardından səfir Faiq Bağırov, gənc senarist Nazim Muradovun qələmə aldığı “Xocalı Haykırışı” adlı teatr əsərini canlandıran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə səfirliyin hədiyyələrini təqdim edib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.

“Qeyd etmək istərdik ki, Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə səfirliyimizin planlaşdırdığı silsilə tədbirlər çərçivəsində paytaxt Ankaranın çox sayda müxtəlif səmtlərində küçələrə Xocalı soyqırımı ilə bağlı təbliğat xarakterli foto və bilbordların asılması təmin olunmuşdur”-deyə Azərbaycanın Türkiyədəki səfirliyindən Modern.az-a bildirlib..







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?