Modern.az

“Zayımız çıxıb”?!

“Zayımız çıxıb”?!

Aktual

27 Fevral 2012, 15:32

Kinolarımızın birində nağıl qəhrəmanlarından birinin dilindən səslənən “adamların zayı çıxıb, adamları yemək olmur” ifadəsi otuz ilə yaxındır ki,  fikrimdən çıxmır. Həmişə “Niyə axı zay olmuşuq”- deyə düşünürdüm... Keçmiş dönəmdə çəkilən filmimizin rejissoru bu fikri yalnız uydurma qəhrəmanın dili ilə verə bilmişdi. Üstündən xeyli keçsə də, indi başa düşürəm ki, rejissor  fikri səsləndirməklə öz həyatını nə qədər təhlükə altına qoyub. Axı sovet dövründə insanlığa aid olan nə vardısa, onun ancaq inkişafı və yalnız müsbət tərəfləri görünməliydi. Məqsəd “işıqlı” kommunizm ideyalarının “sovet” xalqına, ancaq xöşbəxtlik gətirdiyini isbatlamaq idi. Nəhəng aysberqin görünməyən tərəfləri haqqında danışmaq  yasaq idi... 

İndi isə tam başqa bir zamandı. Eyni məkan olsa da, zaman fərqlidir. İndi nə sovet xalqı var, nə də SSRİ... İndi müstəqilik, heç bir məhdudiyyət olmadığından, kimin haqqında nə istəsən danışa və yaza bilərsən. İnsaf qalır özünə... Amma nədənsə İNSAF da qeyb olub, gözə dəymir...

Xalqımıza edilən pisliyi çox tez unudur, bağışlayırıq. “Elnən gələn dərd bəla toy bayramdır” deməklə, özümüzü sığortalayırıq. Məsələn, məmləkətimizdə cinayət hadisəsi baş verib, biz tərəflərə - ailə üzvlərimizə ziyan dəyməyibsə, demək, mənə aidiyyatı yoxdur?! O vaxt danışırıq ki, külək bizim səmtə əsir. Onda az qala dil-dil ötür,  xeyir-şərdə danışmaqdan yorulmuruq...

Nədənsə idmanın kolektiv oyunlarında uğur qazana bilmirik. Daha çox fərdiləşirik. Fərdiləşdikcə də ucuzlaşır və cılızlaşırıq... Yaxşılığı tez unudur, yaddan çıxarır, nədənsə bizə fərdi şəkildə  edilən pisliyi isə nöqtəsinə, vergülünə kimi yadda saxlayırıq. Birinə çoxsaylı yaxşılıq edirsən, hələ tam qazanmasa da, avans olaraq hörmətini saxlayırsan, yeri gələndə saydırırsan və  təbii ki, yaxşı  olursan. Ancaq, hansısa bir işə görə irad bildirirsən (yenə də onun xeyri üçün),  olursan düşmən.

Yenə də dil-dil ötür,  xeyr-şərdə danışmaqdan yorulmuruq. Əlimizə imkan düşsə bəlkə də o adamı parçalayar, didərik. ...

Nədən belə unutqan olduq. Xocalıda ermənilər AZƏRBAYCANLILARIN başına min oyun gətirdilər. Qaradağlıda, Meşəlidə, Əlibəylidə və daha neçə-neçə kənddə qırğınlar törədildi. Bir əsrdə üçüncü dəfə ermənilər biz azərbaycanlılara qarşı belə soyqırım hadisəsi törədir, biz isə hər dəfə əli bağlı qul kimi oturub gözləyir, susur və sanki taleyimizlə barışırıq. Erməni hücumları nəticəsində minlərcə mülki vətəndaşımız həlak olsa da, artıq onları unutmuşuq. Heç bu kəndlərin harada yerləşdiyinin fərqinə varmırıq. Erməni vandalları Qarabağdakı Azərbaycan şəhər və kəndlərini az qala  yer üzündən silmək istəyirlər. Onlar sanki bununla acıqlarını çıxmaq istəyir, biz  hələ də özümüzü tox tuturuq. Yəqin su gəlmiş arxa, suyun bir də gələn vaxtı olar...

Bu günlərdə Muzey mərkəzinə “Xocalıdan gələn yol” adlanan fotosərgidə oldum. 20 il əvvəlki anlara bir də qayıtdım. Ağrılı da olsa, o dövrəki kövrək xatirələr bir anlıq göz önümdən keçdi. Həmin günlər  Ağdam həm də regionun  siyasi mərkəzi sayılırdı. Hamı bu şəhərdən umub küsürdü.  Çətin məqamda pənah gətirirdi. Hamının ümid yeri idi Ağdam. Rəsmi mənbələr iki nəfərin öldüyünü desələr də, Ağdama gətirilən meyitlərin sayı hesabı yox idi. Rəhmətlik milli qəhrəman Allahverdi Bağırovun o proseslərdə-əsirlərin dəyişdirilməsində, meyitlərin alınmasında çox böyük və əvəzsiz zəhməti olmuşdu. Şəkillərin birində o da var idi. Sanki yuxuda idi. Gözündə işıq itmişdi elə bil. Özündə deyildi. Amma hiss edirsən ki, özünü tox tutub, biruzə vermir və yanındakılara özü  toxtaqlıq verirdi...

O günlər şəhərin mərkəzi meydanı təlatüm içində idi. Şəhər qaynayırdı. Bir tərəfdə ağlaşma səsləri, digər tərəfdən ah-nalə səsləri azalmaq bilmirdi. İlk dəfə idi ki, şəhər belə bir mənzərə ilə üzləşmişdi. İndi helikopter adlandırdığımız iki hərbi vertolyotun şəhər üzərində  vahiməli uçuşu hamını çaş-baş  salmışdı...  

Sərginin təşkilatçılarına minnətdaram ki, belə lazımı işi təşkil ediblər. Bu sərgini Avropada, dünya ölkələrində nümayiş etdirməzdən əvvəl, düşünürəm ki, paytaxtın məktəblərində, təhsil ocaqlarında sərgiləmək lazımdır. Çünki indiki nəslin bu faciə haqqında ola bilər ki, bilgiləri az olsun. İnsanlığa qarşı atılan bu addımı pisləməklə yanaşı həm də dünyada soyqırım kimi tanıdılmasına nail olmalıyıq. Hamının hədəfi Qarabağa qayıtmaq və  tariximizin işğal dövrünü geniş təhlil və təbliğ edilməsi olmalıdır...

Bu addımları atmasaq, demək yuxarıdakı nağıl qəhrəmanımızın sözü olmasın onda həqiqətən “zayımız çıxıb”...    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?