Modern.az

Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ

Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ

27 Fevral 2012, 16:38

Onunla müsahibəmiz Azərbaycan xalqının ən ağrılı tarixlərindən birinin, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsinə düşdü. Ona görə də söhbətə elə bu məqamdan başladıq. Xüsusilə də ona görə ki, Rəhim Hüseynovun həmin hadisə barədə özəl şəhadətləri, şərhləri var. Beləliklə,  Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı Azərbaycanın sabiq Baş naziri Rəhim Hüseynovdur.

(Əvvəli Modern.az-ın şənbə günü tarixində )

- Baş nazir işlədiyiniz dönəmdə Artur Rasizadə sizin müavininz olub. Deyilənə görə aranız olmayıb onunla...?

- Artur Rasizadə bir neçə saat mənim müavinim olub. Sonradan onun yerinə Vahid Əhmədov təyin olundu. Sadəcə olaraq orda belə bir məqam olub. Mütəllibov məni Baş nazir təyin edən günün səhərisi Prezident Aparatında təqdimetmə mərasimi olmalıydı. Baş nazir kimi təsdiq etməliydi məni. Vəziyyət gərgin idi, AXC-nin əlisilahlı dəstələri Prezident Aparatının, Nazirlər Kabinetinin həyətində gəzişirdilər. Prezident Aparatındakı təqdimetməyə çox adam qorxusundan gəlməmişdi. Başdansovdu bir təqdimetmə keçirdik, gəldim Nazirlər Kabinetinə. O vaxt müavinlərdən Feyruz Mustafayev gəldi ki, “yoldaşımın pristupu tutub, icazə verin gedim”. Dedim, get. Bir azdan Artur Rasizadə zəng vurdu ki, “Rəhim müəllim, deyəsən təzyiqim qalxıb, icazə verin gedim”, ona da icazə verdim. Onlar icazə alıb getdilər və qayıtmadılar. Sonradan da onlara zəng vuranda cavab vermədilər. Sonralar məndən soruşublar ki, onlar qorxudanmı belə ediblər, demişəm, bunu onların özlərindən soruşun. Hər halda iki müavinim-Rauf Gülməmmədov və Matvey Radayev axıracan mənim yanımda qaldılar. Hər ikisi rəhmətə gedib. Allah hər ikisinə rəhmət eləsin! Mən bunu olduğu kimi kitabımda qeyd eləmişəm. Başqa bir şey olmayıb. Həmin gün xəbər gəldi ki, Mütəllibov Moskvaya qaçıb. Axşam da məlum oldu ki, Mütəllibovun çəxardığı bütün qərarları Ali Sovetdə ləğv ediblər. Ancaq məni yenidən Baş nazir təyin edəndə birinci müavinliyə Vahid Əhmədovu təsdiq ediblər. Bununla da Artur Rasizadə avtomatik olaraq vəzifəsini itirib.  

- Bir ara sizin partiya yaradacağınız barəfə xəbərlər gəzirdi. Bunlar hardan qaynaqlanmışdı?

- Deyə bilmərəm hardan qaynaqlanmışdı. Amma mənim heç vaxt siyasətə qarışmaq fikrim olmayıb. Sadəcə olaraq mətbuatdan zəng vurub məndən soruşublar ki, eşitmişik Yaqub Məmmədov partiya yaradır, siz də orada olacaqsınız. Mən demişəm siyasətə qoşulsam, elə özüm partiya yaradaram. Amma belə bir fikrim heç zaman olmayıb.

- Atanız Əlihüseyn Hüseynov Azərbaycanın səhiyyə naziri olub. Amma Siz orta məktəbi qurtaran kimi Moskva Polad İnstitutuna üz tutmusunuz. Nazir balası üçün belə bir qeyri-adi seçim nə ilə bağlı idi?

- Kimyaya marağım böyük idi. Orta məktəbdə oxuyanda kimyaçı, ya da metal sahəsində mütəxəssis olmaq istəyirdim. Digər tərəfdən Azərbaycanda hansısa məktəbə daxil olsaydım, elə çıxacaqdı ki, atamın sayəsində olub. Ona görə də qərara aldım ki, müstəqil şəkildə öz gələcəyimi qurum. Onu da deyim ki, atam da öz həyatında belə bir prinsipiallıq göstərib. O, gənc yaşlarından nəşriyyat orqanlarında işləyib. Fəhləlikdən “Azərnəşr”in direktoru və “Kommunist” qəzetinin redaktoru vəzifəsinədək yüksəlib. Həmçinin Ali Sovetin deputatı olub. Elə deputat ola-ola, yüksək fəzifədə işləyə-işləyə də Tibb İnstitutuna daxil olub və sonradan bildiyiniz kimi, səhiyyə naziri vəzifəsinə qədər irəliləyə bilib.
Mən də 1953-cü ildə Moskva Polad İnstutuna daxil oldum. İnstitutu bitirib Azərbaycana qayıtdıqdan sonra da hansısa vəzifəyə yox, Boru Prokat Zavodunda usta köməkçisi işinə düzəldim. Və pillə-pillə irəliləməyə başladım. Usta köməkçisindən usta, sonra baş texnoloq vəzifəsinə keçdim. 1962-ci ildə Dövlət Plan Komitəsinin sədri Əli İbrahimov məni gənc metallurq mütəxəssis kimi Komitəyə dəvət etdi. Mən də onda təzə evlənmişdim. Yoldaşım Bakıda işləyirdi, mən Sumqayıtda. Bu təklif ürəyimcə oldu. Sonra 1965-ci ildə isə məni o zaman yeni yaradılmış Baş Maddi-Texniki Təchizat İdarəsinə rəis müavini təyin etdilər. Bu vəzifənin adı rəis müavini olsa da statusu nazir müavini idi. Yəni, başqa sözlə desək, mən 29 yaşımda nazir müavini postuna yüksələ bildim. Bu o dövr üçün heç kəsə nəsib olmayan bir nailiyyət idi. Beləliklə, 9 il müavin,  15 il isə həmin komitənin sədri, yəni nazir vəzifəsində işlədim. 1989-cu ildə isə Dövlət Plan Komitəsinin sədri, Baş nazirin birinci müavini oldum.

- Evlənməyiniz necə olub? Həyat yoldaşınızı özünüz seçmisiniz, yoxsa?

- Mən 10-cu sinifdə oxuyanda Çuxuryurda istirahətə getmişdik. Biz tez-tez oraya gedirdik. Həyat yoldaşımgil də ailəvi şəkildə oraya istirahətə gəlmişdilər. Mənim ondan xoşum gəldi. Tanış olduq. Mən Moskvaya gedəndən sonra da məktub yazırdıq bir-birimizə. 1960-ci ildə isə evləndik. İki qızım, dörd nəvəm var. Yoldaşım bir neçə il öncə rəhmətə gedib. İki qızım var, hərəsinin bir oğlu, bir qızı var. Qız nəvələrimin biri Almaniyada universiteti qurtardı. İndi orda magistraturada oxuyur. Oğlan nəvəmin biri Sofiyadakı səfirlimizdə attaşedir. Atası da diplomatdır. Belqradda işləyir. Akademik Tofiq Köcərlinin oğludur. Qızlarımın ikisi də həkimdir. Yoldaşım da həkim idi. Qaynatam İsrafil Hacıyev də Tibb Universitetində kafedra müdiri, professor idi. Atam, anam həkim olduqları üçün hamı elə bilirdi ki, mən də həkim olacam. Mən isə inad elədim, getdim Polad İnstitutuna.     

- Hazırda nə işlə məşğulsunuz?

- Vəzifədən gedəndən sonra “Xəzər” Fondunu yaratdım. Bundan başqa Respublika Alimlər və Mühəndislər İttifaqının sədriyəm. Bu birliyin sədri olaraq mən həm də Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidenti kimi də fəaliyyət göstərirəm. Həm də Ümumdünya Konfederasiyasının həqiqi üzvüyəm. Əsas fəaliyyətim isə Dünlərarası və Millətlərarası Ümumdünya Sülh Federasiyası ilə bağlıdır. Mən həmin təşkilatın sülh səfiriyəm. O təşkilatda da fəaliyyətim əsasən Qarabağ məsələsi ilə bağlıdır. Bu təşkilat BMT-nin üzvüdür. Çıxışlarımda həmişə Qarabağ məsələsiylə bağlı həqiqətləri çatdırmağa çalışıram.

- İllərlə yüksək vəzifələrdə işləmisiniz. Azərbaycan mühiti üçün indi dəbdəbəli yaşamalı idiniz. Amma hiss olunur ki, belə deyil...

- Bəli, 2005-ci ilədək ümumiyyətlə biabırçı bir vəziyyət var idi. Mən keçmiş Baş nazir kimi 15000 (15 şirvan-red.) təqaüd alırdım. Sonra mən bu məsələni qaldırdım ki, bu nədir, indiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar, amma o adamlar ki, Heydər Əliyeviçlə birgə bu ölkənin inkişafı uğrunda çanla-başla çalışıblar, özləri üçün də sərvət toplamayıblar, onlar cüzi təqaüd alır. 2005-ci ildə İlham Əliyev sərəncam imzaladı. Ondan sonra mən Baş nazir kimi xüsusi təqaüd aldım. Bura mənim öz evimdir. Ofis kimi düzəltmişəm. Çünki ofis saxlamağa imkanım yoxdur. Sürücümün pulunu öz pensiyamdan verirəm.

- Sizin demək olar ki, həyatınızın böyük hissəsi sosializm dövrünə düşüb. Son dövrlər cəmiyyətdə yaranan sosializm meyllərini necə qarşılayırsınız?

- Bu, tamamilə yanlış və həm də mənasız bir mövqedir. Dünya düzənindəki proseslər də, elə kecmiş sovet məkanında baş verən hadisələr də o dövrdən, o quruluşdan o qədər uzağa gedib ki, təzədən bu haqda danışmaq mənasızdır. Digər tərəfdən, dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyat, demokratiya yolunu tutmuş ölkələr daha gözəl inkişaf ediblər. Mən sizə bir misal çəkim. Səfiri olduğum Dinlərarası və Millətlərarası Ümumdünya Sülh Federasiyası Cənubi Koreyada yaranıb və biz demək olar ki, hər il bu ölkədə oluruq. Cənubi Koreyadakı sosial rifah, mədəniyyət, şəhərlərin gözəlliyi və sair bu ölkənin böyük inkişafından xəbər verir. Amma mən səfərlərimdən birində Şimali Koreyada da olmaq istədiyimi dedim. Təşkil elədilər, sərhəddi keçdim, getdim Şimali Koreyaya. Təsəvvür edin, sərhəddi keçən kimi hər şey dəyişir. Palçıqlı yollar, daxma evlər... Bir sözlə geridəqalmışlıq və kasıblıq dərhal hiss olunur. Təkcə bu fərq, bu misal  sosializm barədə bu gün danışmağın nə qədər mənasız olduğunu bir daha sübut edir.

Qızılgül Abdinova

***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
 

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”
//modern.az/articles/21497/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir