Modern.az

Dövlət Neft Şirkəti işə qəbulla bağlı məlumat açıqladı

Dövlət Neft Şirkəti işə qəbulla bağlı məlumat açıqladı

27 Fevral 2012, 16:59

İxtisaslı fəhlə kadrların hazırlanması məqsədi ilə ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə növbəti qəbul imtahanı keçirilib

Modern.az ARDNŞ-yə istinadən xəbər verir ki, Təlim Mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası üzvlərinin və digər məsul şəxslərin nəzarəti altında keçirilmiş imtahanlarda namizədlər riyaziyyat, kimya, fizika, tarix və ümumi dövlətçilik fənlərindən, eləcə də məntiqdən ümumilikdə 70 sualdan ibarət test üzrə biliklərini sınayıblar. 2012-ci ildə Kadr Hazırlığının Təşkili Mərkəzinə “Texnoloji qurğuların operatoru”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər”, “Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi”, “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru”, “Elektrik qaz qaynaqçısı”, “Texnoloji kompressorların maşinisti” və “Texnoloji qurğuların təmiri çilingəri” ixtisasları üzrə hər birinə 15 nəfər olmaqla 105 şagirdin qəbul edilməsi nəzərdə tutulur. İmtahanın nəticələri yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki,  Kadr Hazırlığının Təşkili Mərkəzinə elan edilmiş şagird qəbulunun I mərhələsində müraciət edən 453 nəfərin elektron ərizələrində göstərilmiş məlumatlar yoxlanılmış, müvafiq şərtlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb.

II mərhələ - namizədlərin müsahibə olunması prosesi isə 13-21 fevral tarixlərində başa çatıb. Müsahibələrə 336 namizəd dəvət olunub, onlardan 238 nəfəri test imtahanında iştirak hüququ qazansa da, onlardan yalnız 222 nəfəri iştirak edib.

Qəbul qaydalarına əsasən, imtahanda yalnız 11 illik orta təhsil bazasına malik Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda qeydiyyatda olan, həmçinin, həqiqi hərbi xidməti başa vurmuş 29 yaşına qədər gənclər iştirak ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, imtahanda iştirak etmiş uşaq evlərindən 11 nəfər gəncə güzəştlərin edilməsi nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi