Modern.az

Azərbaycanda yay-qış vaxtına keçid ləğv oluna bilər

Azərbaycanda yay-qış vaxtına keçid ləğv oluna bilər

29 Fevral 2012, 16:39

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA Rəyasət Heyətinin bugün keçirilən iclası “Yay-qış vaxtına keçid haqqında” adlı elmi məruzəyə həsr edilib.

İclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov bildirib ki, hər il Azərbaycanda yay və qış vaxtına keçid AR Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilirdi. Bu məsələnin bir sıra ölkələrdə ləğv olunduğunu söyləyən akademik Azərbaycanda da yay və qış vaxtına keçidlə bağlı bir sıra təkliflərin səsləndiyini qeyd edib.

A.Həşimov AR Nazirlər Kabinetinin sorğusuna əsasən bu araşdırılmaların AMEA-ya həvalə olunduğunu, aidiyyatı orqanların (nazirliklərin) nümayəndələrinin iştirakı ilə AMEA-da sözügedən məsələ ilə bağlı seminarların keçirilərək müzakirələrin aparıldığını diqqətə çatdırıb. O bildirib ki, RH-da aparılan müzakirələrdən sonra bu məsələ ilə bağlı müvafiq təkliflər hazırlanaraq AR Nazirlər Kabinetinə təqdim ediləcək.

“Yay-qış vaxtına keçid haqqında” elmi məruzəsi ilə çıxış edən AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, yay-qış vaxtına keçid əsasən hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalı, bir neçə saat qurşağında yerləşən və günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktuallığı nəzərə alınmalıdır. Həmçinin, regionda Günəşin saat 12-də kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, iş vaxtı günün işıqlı hissəsində “səhər-axşam” simmetriyası prinsipinə əsaslanmalıdır. Ə.Quliyev sadalanan prinsiplərlə yanaşı ekvatora yaxın ölkələrdə, Şimal və Cənub qütblərinə yaxın regionlarda yay-qış vaxtına keçidin aktual olmadığını diqqətə çatdırıb.
O bildirib ki, keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə və insan sağlamlığına təsiri, təhsil sistemində ortaya çıxan problemlər, azyaşlı uşaqların dəyişilmiş vaxta adaptasiya problemləri, idarə, müəssisə və təşkilatlarda iş rejiminə təsiri, əmək məhsuldarlığına təsiri, informasiya-rabitə texnologiyalarının operasiya sistemlərinə təsiri, nəqliyyat sektorunun işinə təsiri, aqrar sektorda yaranan problemlər, turizm sektoruna təsiri, avtomobil qəzalarının dinamikası, kriminal halların dinamikası, region ölkələri ilə vaxt harmonizasiyası nəzərə alınmalıdır.

1930-cu ildən praktikada olan dekret vaxtının ləğv edilməsi məsələsinin öyrənilməsinə ehtiyacın olduğunu diqqətə çatdıran Ə.Quliyev dekret vaxtının ləğv olunmaqla hazırda tətbiq olunan qış vaxtından istifadənin daha məqsədəuyğun (Qrinviç vaxtı+3 saat) olduğunu, dekret vaxtı ləğv olunmaqla indiki qış vaxtı saxlanılarsa iş vaxtının 7-30 dan 16-30 qədər təyin olunmasının məqsədəuyğun olduğunu qeyd edib. O, həmçinin dekret vaxtı ləğv olunmamaqla indiki qış vaxtı saxlanılarsa (yəni Bakı vaxtı = Qrinviç vaxtı + 4 saat), iş vaxtının 8-30 dan 17-30 qədər təyin olunmasını, iş vaxtı təyin olunarkən günün işıqlı hissəsi üçün “səhər-axşam” simmetriyasınin gözlənilməsini tövsiyə edib.

Akademiklər Vaqif Fərzəliyev, Akif Əlizadə, Tofiq Nağıyev, AMEA-nın müxbir üzvləri Namiq Cəlilov, Adil Qəribov, AMEA Elmi-Təşkilat Şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov, AR Sənaye və Energetika Nazirliyinin Energetika şöbəsinin müdiri Tahir Cəfərov və b. elmi məruzə ilə bağlı müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı hazırkı yay-qış vaxtına keçidin saxlanılmasının məqsədə uyğun olduğu tövsiyə olunub.

Tədbirdə AMEA üzvlüyünə seçkilərlə əlaqədar AMEA bölmələrinin ekspert komissiyalarının təsdiq edilməsi, AMEA Fizika və Botanika institutlarının strukturunda, AMEA Bilologiya elmləri üzrə Problem Şurasının tərkibində qismən dəyişiklik edilməsi, AMEA Fiziologiya İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, AMEA Mərdəkan Dendrarisi və Neft-Kimya Prosesləri Elmi Şuralarının yeni tərkibinin təsdiq edilməsi məsələlərinə baxılıb və təsdiq edilib.

K.e.d. İslam Mustafayevin, b.e.d. Səyyarə İbadullayevanın və b.ü.f.d. Ş.HacıyevinAMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, Akademik Əfrand Daşdəmirovun və AMEA-nın müxbir üzvü Xəlil Qasımovun 70 illik yubileylərinin keçirilməsi məsələlərinə baxılıb və təsdiq edilib.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir