Modern.az

Qubanın icra başçısı istefa verib rayonu tərk etdi

Qubanın icra başçısı istefa verib rayonu tərk etdi

1 Mart 2012, 21:18

Qubanın millət vəkili Vahid Əhmədov Modern.az saytına açıqlama verib. Deputat əməkdaşımıza bildirib ki, Quba şəhərində vəziyyət artıq sabitləşib, insanlar evlərinə dağılışıblar. O, özünün səhhətilə bağlı yayılan məlumatlara aydınlıq gətirərək “hər şey qaydasındadır” deyib.

Vahid Əhmədov bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasından Zeynal Nağdəliyev və digər rəsmi şəxslər hazırda rayon İcra Hakimiyyətindədirlər.

Deputat baş verənlərlə bağlı hazırda Rayon İcra Hakimiyyətində qapalı toplantı keçirildiyini bildirərək əlavə heç nə deyə bilməyəcəyini vurğulayıb.

O, əməkdaşımızın icra başçısının istefa verib-vermədiyi məsələsinə dair sualını da cavabsız qoyub.

***
Bir qədər əvvəl Vahid Əhmədov Modern.az-a Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verdiyini təsdiqləyib və bildirib ki, Prezident İlham Əliyev də bu istefanı qəbul edib.
Vahid Əhmədov deyib ki,  Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətləri müvəqəti olaraq başçının birinci müavini Sahib Məmmədova həvalə olunub.

Millət vəkili onu da əlavə edib ki, istefa verən Rauf Həbibov artıq Quba rayonunu da tərk edib.

Vahid Əhmədov deyib ki, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev  və nəqliyyat naziri Ziya Məmmədov onunla birlikdə hazırda rayondadır.

Deputatın sözlərinə görə, əhali şikayət edib ki, rayonun Qələdüz kəndində Rauf Həbibovun qayınının təxminən 4 hektarlıq hasara alınmış torpaq sahəsi var ki, həmin hasar yolu bağlayır, örüşə gediş-gəlişə mane olur.

"Bakıdan gəlmiş rəsmilər əhaliyə söz verdilər ki, hasar martın 2-də söküləcək. Biz əhalini sakitləşdirdik və gərginliyin davam etməsinin qarşısını aldıq. Martın 2-də Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, nəqliyyat naziri Ziya Məmmədov və mən əhali ilə yenidən görüşüb söhbətləşəcəyik". 

Vahid Əhmədov aksiya iştirakçılarından heç kimin hazırda həbsdə olmadığını da vurğulayıb və vəziyyətin artıq tam sabitləşdiyini söyləyib. 

Qeyd edək ki, martın 1-də  Qubada rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirilib. İcazəsiz mitinq keçirənlər icra başçısı Rauf Həbibovun bu günlərdə etdiyi çıxışında yerli sakinləri təhqir etməsini əsas gətirərək onun istefa verməsini istəyiblər. Quba rayon İcra Hakimiyyətinin başçısı etiraz edən sakinlərin qarşısına çıxıb. O üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılışmayıblar. Nəticədə polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

İstefa verməyə məcbur olan Rauf Həbibov 2007-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub