Modern.az

Prezident İlham Əliyev uşaq bağçalarına gedib - FOTO

Prezident İlham Əliyev uşaq bağçalarına gedib - FOTO

1 Mart 2012, 23:05

Prezident İlham Əliyev martın 1-də Bakının Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. 
Prezident İlham Əliyev əvvəlcə paytaxtın Nizami rayonundakı 110 nömrəli körpələr evi və uşaq bağçasına gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov binada əsaslı təmir və yenidənqurma zamanı görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bağçanın binası 1965-ci ildə inşa olunub. Son dəfə 1976-cı ildə əsaslı təmir edilib. Müəssisə 12 qrupdan ibarət 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq tərbiyə alır. Qalan 5 qrupun otaqlarında isə məcburi köçkünlər məskunlaşıb. Diqqətə çatdırılıb ki, binanın ümumi sahəsi 1700 kvadratmetrdir. İki mərtəbədən və 6 korpusdan ibarət körpələr evi və uşaq bağçasının binası dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bina isti və soyuq su ilə tam təchiz edilib. Körpələr evi və uşaq bağçasının yeməkxanası da ən müasir tələblər səviyyəsindədir.
Bağçanın bir hektarlıq həyətyanı sahəsində də abadlıq və quruculuq tədbirləri görülüb. Burada uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib. Dövlət başçısı Xətai rayonundakı 251 nömrəli körpələr evi və uşaq bağçası binasının da yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olub. Burada görülən işlərlə bağlı prezidentə məlumat verilib. Qeyd olunub ki, bu körpələr evi və uşaq bağçasının binası 1984-cü ildə inşa olunub. 120 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. İki mərtəbədən və 4 korpusdan ibarət binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində burada uşaqların təlim və tərbiyəsi üçün ən müasir şərait yaradılıb. Körpələr evi və uşaq bağçasında qazanxana tamamilə yenidən qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq isti və soyuq su ilə təchiz edilib.
Müəssisənin 3500 kvadratmetrlik həyətyanı sahəsində də abadlaşdırma işləri aparılıb, uşaqların əylənməsi üçün lazımi şərait yaradılıb. İşıqlandırma sistemi yeniləri ilə əvəz edilib.
Körpələr evi və uşaq bağçalarının hər ikisində təhlükəsizlik kameraları quraşdırılıb.
Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?