Modern.az

İlham İsmayılov: “2009-cu ildə Azərbaycan türk dünyası üçün mərkəzə çevrildi”

İlham İsmayılov: “2009-cu ildə Azərbaycan türk dünyası üçün mərkəzə çevrildi”

28 Dekabr 2009, 10:00

 

Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovdur

 - İlham müəllim, ATXƏM vasitəsilə türk dünyası üçün görülən işlər nədən ibarətdir, türk dünyası ilə əlaqələriniz hansı səviyyədədir?

- ATXƏM-in iki illik fəaliyyətində ən çox önəm verdiyimiz məsələlərdən biri də bütün türkdilli xalqlarla əməkdaşlıq məsələsidir.

Dünya siyasətinə təsir imkanları olan türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək üçün 2007-ci ilin dekabr ayında rəhbərlik etdiyim Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini yaratmışıq. Mərkəzimiz Azərbaycan, eləcə də bütün türk dünyası üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edərək, türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışmaqdadır. Əsas məqsədimiz türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətininin olduğunu nümayiş etdirməkdir. Bu istəyin nəticəsidir ki, yarandığımız iki il ərzində Türk dünyasının böyük yazarı Çingiz Aytmatovun xeyir-duası ilə açılışını etdiyimiz Mərkəzimiz türk dünyasının bir ocağına çevrilib. Bu iki il ərzində Azərbaycan-Türkiyə Akademik Tibb Toplantısını keçirmiş, Dünya Türk Gəncləri Birliyinin başkanlarını Mərkəzdə bir araya gətirmiş, Türk Dünyası QHT-lərinin birliyinə nail olmaq üçün aktiv fəaliyyətə başlamışıq. Bu ilin mayında Bakıda Dünya Türk Gəncləri birliyinin VIII Başkanlar qurultayın sonuncu günü bütün Türkdilli ölkələrdən gəlmiş 50-dən çox təşkilat rəhbəri ATXƏM-in mərkəzi ofisində bir araya gələrək, ATXƏM-in fəaliyyətiylə yaxından tanış olub, birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

May ayında daha bir nümayəndə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində keçirilən Türkiyə və Azərbaycan kardio-cərrahlarının iştirakı ilə “Bakı qəlb günləri” adlı Beynəlxalq konfransın iştirakçıları müsafirimız oldu, mərkəzimizlə yaxından tanış olaraq, buradan xoş duyğularla ayrıldı. Oktyabrda isə İstanbulda fəaliyyət göstərən “Azeri Kültür Evi” dərnəyinin üzvləri, türk iş adamları, sənətçilər və yazarlardan ibarət böyük nümayəndə heyəti ATXƏM-in qonağı oldu. Bir həftəlik səfər çərçivəsində qonaqlar Quba, Salyan, Gəncə və Sumqayıt şəhərlərində olub, ölkəmizlə bağlı təəssüratlarını bizimlə birgə keçirdikləri mətbuat konfransında bölüşdülər. ATXƏM olaraq bu il ərzində bizim də bir çox səfərlərimiz olub. Amma bütün bunları yetərli saymaq olmaz. Biz Türk dünyasının birliyi üçün təşəbbüs göstərir, bu birliyin daha yaxşı səviyyədə qurulmasına çalışırıq, Əlbəttə, bunun üçün bizim özümüzə də dəstəyin olması yaxşı olardı.  - Azərbaycan Türk dünyasının problemlərinin həllində hansı rolu oynayır? -Ümummilli liderimiz Heydər Əliyevin bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin müdafiəsində dayanması, ölkəmizin bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında birləşməsini şərtləndirmişdir. Bu siyasətin davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirməsi nəticəsində Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Yola saldığımız 2009-cu il türk birliyi yolunda mühüm addımlar atılmış, türk birliyinin reallaşdığı il olmuşdur. Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin sentyabr ayında Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Sammitin yekun nəticəsi olaraq Türk Parlament Assambleyanın baş katibliyinin Bakıda yerləşməsi ölkəmizin bu sahədə oynadığı müstəsna rola verilən adekvat qiymət idi.

2009-cu ilin oktyabr ayında isə Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə görüşü ölkəmizin Türkiyə və Orta Asiyanın türkdilli ölkələriylə münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından çox mühüm addım oldu. Bu zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ideyası da türk dövlətlərinin birliyinin vacibliyini bir daha təsdiq etdi. Bütün bu tədbirlərin Azərbaycanda keçirilməsi təbii ki, ölkəmizin türk dünyası üçün yalnız iqtisadi deyil, eyni zamanda bir beyin və düşüncə mərkəzinə çevrildiyini sübut etməkdədir. - Türkiyəyə son səfərinizdə məqsəd nə idi?

- Dekabrın birinci yarısında Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun heyəti olaraq mən və MQF-nin prezidenti Rauf Zeyni Ankarada işgüzar səfərdə olduq. Səfərdə məqsədimiz Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda 2010-cu ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri QHT-lərinin I Bakı Forumuna hazırlıqla bağlı məsələləri müzakirə etmək olub.

Ankarada Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun heyəti Türkiyədən olan üzv təşkilatların rəhbərləri, eləcə də Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) başqan yardımçısı Celalettin Yavuz, Türk Ocakları başkanları, Türk Azərbaycan Dərnəkləri Federasyonu rəhbərləri, Türkiyə Qastrentoloji Vakfının rəhbəri pr.dok. Sayın Əli Özden, İPMA Dünya Konqresi Başkanı pr. dok. Çətin Elmasla görüşərək, onlarla ölkələrimiz arasındakı ictimai əlaqələrin durumu, iki ölkə QHT-lərinin qarşılıqlı əlaqələri ilə bağlı müzakirələr apardıq, onlarla Bakıda keçiriləcək Türk Dövlətləri QHT-lərinin I Bakı Forumunun gündəliyini müzakirə etdik.

- Qarşıda hansı layihələriniz var?

- Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparmaları ölkə başçısının da xüsusi önəm verdiyi məsələrdəndir. Biz də işimizi bu istiqamətdə qurmağa çalışmaqla Dağlıq Qarabağ probleminin həllində türkdilli ölkələrin dəstəyinin artırılmasına çalışırıq.

- Türk dünyasının ən böyük problemi nələrdir və Türkdilli dövlətlər və cəmiyyətlər bütün imkanlarını bu gün hansı məqsəd uğrunda səfərbər etməlidirlər?

- Sözsüz ki, türkdilli xalqların dostluq, qardaşlıq münasibətlərini istəməyən qüvvələr də var. Çox böyük maliyyə inkanlarına malik olan erməni lobbisi və dünya ermənilərinin bizə qarşı kampaniya aparmalarını buna misal göstərə bilərəm. Erməni lobbisi bizə qarşı əsassız ittihamlar, iddialar qaldırır, bütün türkləri düşmən hesab edir. Biz onların, eləcə də himayədarlıqları ilə bəzi ölkələrin riyakar siyasətçilərinin əsassız ittihamlarına qarşı öz həqiqətimizi qoymalıyıq. Ermənilər bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu, böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Əslində ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Biz buna qarşı bütün türk dünyası olaraq öz siyasətimizi, həqiqətimizi, təbliğatımzı və gücümüzü qoymalıyıq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir