Modern.az

“Putin Rusiyanı əvvəlki kimi idarə edə bilməyəcək” - ANALİZ

“Putin Rusiyanı əvvəlki kimi idarə edə bilməyəcək” - ANALİZ

5 Mart 2012, 17:26

Politoloq Razi Nurullayev Rusiyada keçirilən prezident seçkilərində baş nazır V.Putinin qələbə qazanmasına münasibət bildirib.

Politoloq deyib ki, “Rusiyada gözlənilən baş verib. Müxalifət külli miqdarda saxtakarlıq aşkar etsə də, Putinin prezident seçilməsini əngəlləyə bilməyib. Burada Putinin hələ də populyarlığının qalması və büdcə təşkilatlarının onu ya inzibati, ya da könüllü olaraq dəstəkləməsi səbəb olub. Digər tərəfdən isə, kommunistlər istisna olmaqla, digər müxalifət nümayəndələrinin doğurdan da Putinə qarşı mübarizə apardıqları tam inandırıcı deyildi. Seçkinin sonunda Sergey Mironovun və Vladimir Jirinovskinin yeni seçilmiş prezident Putini təbrik etməsi buna əyani misaldır. Belə görüntü yaranır ki, onlar cənab Putinin legitimliyinin təsdiqi üçün lazım idilər. Bu fakt seçki öncəsi də görünürdü və buna görə də müxalif elektorat müxalifətçilərə tam olaraq inanmadı və belə davranış da onların az səs almasına gətirib çıxardı”.

Politoloq klassik müxalifətin Putinə çətin anlar yaşatması mümkünlüyünə də toxunub: “Klassik müxalifətin Putini islahatlara vadar etməsi mümkünsüz görünür. Bu seçki də həmin faktı ortaya qoydu. Rusiyada yeni yanaşmalarla işləyən, dünyada dəyişən trendi izləyən yeni qüvvələr meydana çıxır. Onların bir çoxlarının siyasi ambisiyaları yoxdur. Amma klassik müxalifət onları tərəfinə çəkə bilsə və onları özlərinin də yeniləşdiyinə və dünyaya yeni gözlə baxdıqlarına inandıra bilsə, o zaman Rusiyanın narazı təbəqəsi təmərküzləşə və cənab Putinə yaxın zamanlarda ciddi müqavimət yarada bilər. Əsas məsələ, xalqı səmimiyyətə inandırmaqdır. Xalqın müxalifətə olan inamlarını yuxarıda adlarını çəkdiyim liderlər seçkini tanımaqla sarsıtdı”. 

R.Nurullayev V.Putinin səslərini saxtakarlıq yolu ilə alması məsələsinə də aydınlıq gətirib. O, deyib ki, “müxalifət namizədləri də Putinin onlardan çox səs aldığını boyunlarına alırlar. Amma, 63% səsi şişirdilmiş hesab edirlər. Putinin 45% civarında səs aldığı ehtimal edilir. Beləliklə, ikinci tur Putinlə, Züqanov arasında olmalı idi. Bunun nə qədər real olub-olmadığını isə yaxın günlərdə biləcəyik”. 

Politoloq onu da bildirib ki, Putin Rusiyanı əvvəlki kimi idarə edə bilməyəcək: “Rusiyada ictimai-siyasi vəziyyət dəyişib. Seçki prosesinə diqqət etsək, görərik ki, Putinə səs verənlər, əsasən büdcə təşkilatlarında çalışanlardır. Onlar ümid edirdi ki, Putin hakimiyyətə gəldiyi təqdirdə onların sosial-iqtisadi problemləri müəyyən qədər öz həllini tapacaq. Bu təbəqəyə pensiyaçıları da əlavə etmək olar. Bütün bunlar isə onu deməyə əsas verir ki, Putin hakimiyyətinin ilk illərində ciddi sosial islahatlar həyata keçirilməlidir. Əgər bu islahatlar həyata keçirilməzsə onda Rusiya daxilində olan narazılıqlar daha da kəskin xarakter alacaq. Putinə səs verənlər ondan daha çox narazı olan orta təbəqəyə qoşulacaqlar.  Orta təbəqə isə cənab Putindən siyasi və iqtisadi islahatlar tələb edir. Bütün təbəqələrin gözləntilərini doğrultmaq üçün isə Rusiyada demokratik ab-hava yaratmaq və demokratik dəyişikliklər həyata keçirilməlidir. Bunu isə etmək cənab Putin üçün çox çətin olacaq. Dəyişikliklər etmək onu qurduğu siyasi sistemin dağılması deməkdir. Domino effektindən qorunmaq üçün ciddi islahatlar keçirmək çətindir və bu baş verərsə, o zaman Putinin 6 illik müddətini başa vura bilməsi imkanları şübhəli görünür ”.

Politoloq Putinin regional siyasətlə bağlı atacaqları addımlar haqqında da danışıb: “Putin 2000-ci ilin mayında hakimiyyətə gəldiyi andan 2008-ci ilin mayına kimi prezident olaraq qalıb. 2008-ci ildən prezident Medvedev olsa da, bütün siyasətlərə Putinlə birlikdə qərar veriblər. Putin Rusiya siyasətinə yeni gəlmir və ona görə də regional siyasətdə ciddi dəyişikliklər gözləməyə dəyməz. Bununla bərabər, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Medvedevin başladığı üçtərəfli görüşlər Putin tərəfindən də çox yəqin ki, davam etdiriləcək. Putin şəxsi nüfuzundan və təcrübəsindən istifadə edərək Qəbələ Radiolokasiya stansiyası ilə bağlı yaranan narahatlıqları həll edə biləcək. Putinin bu prezidentliyi dövründə Gürcüstanla müəyyən isti münasibətlər yarana bilər və iqtisadi sahədə əməkdaşlıqları da gözləmək olar. Gürcüstan Rusiya ilə viza rejimini birtərəfli qaydada aradan qaldırdığını bəyan edib və yəqin ki, Rusiya da analoji addım atacaqdır. Türkiyə ilə daha yaxından əməkdaşlıq ediləcək və gözləmək olar ki, Türkiyənin Avropa Birliyi ilə uyuşmadığı siyasi məsələlərdə Rusiya onunla bir cəbhədə hərəkət etməyə çalışacaq. Bədnam qonşumuza gəldikdə isə, Ermənistan-Rusiya münasibətləri daha da yaxınlaşa bilər”.

Politoloq sonda deyib ki, “istənilən halda Rusiyada maraqlı hadisələr baş verəcək və Putin narazı kütləni ələ almaq üçün ciddi addımlar atmalı olacaq. Bu addımlar onun beynəlxalq siyasətinə də təsirsiz ötüşməyəcək. Hətta, ola bilər ki, Rusiya Qərb dünyası ilə bir sıra beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirsin və Rusiyanın da demokratiyanın və xalqların azadlıq mübarizəsində onların yanında olduğunu bəyan etsin. Artıq proses başlayıb və tübikdən çıxan pastanı geri qaytarmaq mümkün olmur”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!