Modern.az

Sənədsiz evlərin qeydiyyatını indi də Dövlət Komitəsi aparır

Sənədsiz evlərin qeydiyyatını indi də Dövlət Komitəsi aparır

Ölkə

28 Dekabr 2009, 13:23

Hazırda ölkə ərazisində çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ ötən ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Bu işi o vaxt indi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankının dəstəyi ilə reallaşdırdığı «Daşınmaz əmlakın qeydiyyatı layihəsi» çərçivəsində həyata keçirirdi. Sözügedən sahədəki vəziyyətin öyrənilməsi məqsədilə öncə pilot ərazi kimi Abşeron və Binəqədi rayonlarının bəzi yaşayış massivlərində özbaşına tikililərin texniki inventarlaşdırılmasının aparılması nəzərdə tutulurdu. Aparılan araşdırmalar özbaşına tikililərdə yaşayan insanların öz əmlakları üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması perspektivi yaradırdı. Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təkcə Bakı şəhəri və onun ətrafında 500 minə yaxın qanunsuz tikilinin olduğunu proqnozlaşdırmışdı. Lakin bir müddət öncə Arif Qaraşovun həmin xidmətin sədri vəzifəsindən uzaqlaşdırılması və bu qurumun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilməsindən sonra sənədsiz evlərlə bağlı görülən işlər haqqında mətbuata məlumatların verilməsi dayandırıldı.

Yeri gəlmişkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov vəzifədən getməzdən öncə Bakıdakı «Stalinka» və «Xruşovka» tipli beşmərtəbəli evlərin tədricən söküləcəyini, onların yerində müasir, hündürmərtəbəli binaların tikiləcəyini bildirmişdi. O, «Xruşşovka», «Stalinka» kimi tanınan köhnə layihəli yaşayış binalarının mərhələlərlə sökülməsinə dair xüsusi dövlət proqramının hazırlandığını da qeyd etmişdi.

Modern.az hər iki məsələ ilə bağlı işlərin davam etdirilib-etdirilmədiyini öyrənmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov saytımıza bildirib ki, sənədsiz evlərin qeydiyyata alınması istiqamətində işlər bü gün də davam etdirilir və bunun nə vaxt yekunlaşacağı məlum deyil.

«Xruşşovka» və «Stalinka» layihəli yaşayış binaları ilə bağlı xüsusi dövlət proqramına gəlincə, Q.Xəlilov Dövlət Komitəsində belə bir sənədin hazırlanmadığını deyib.

 

Sözügüdən məsələlərə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az-a deyib ki, görülən və ya gprüləcək işlər barədə o, da məlumatsizdir: “Deyim ki, Bakıda və şəhərətrafı ərazilərdə fərdi yaşayış evlərinin qanunsuz tikilməsi vətəndaşların günahı deyil. Çoxu bələdiyyədən torpaq alıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin memarından bunun üçün sənəd əldə edə bilməyib. Deputatlar dəfələrlə Milli Məclisdə məsələ qaldırıblar ki, Bakıda icazə olmadan daşı daş üstünə qoymaq mümkün deyil. Ona görə də hesab edirəm ki, sənədi olmayan evlər siyahıya alınmalı və onlara müvafiq sənədlərl verilməlidir”.

Deputat bildirib ki, bu problemin həlli ölkəmizin imici məsələsində də müsbət hal olardı: “Sənədi olmayan evlərin sökülməsi ilə bağlı kifayət qədər məhkəmə prosesi gedir. Hətta bununla bağlı bəzi faktlar beynəlxalq müstəviyə də çıxarılıb. Ona görə də bu məsələnin həlli vətəndaşları həm süründürməçilik və nigarançılıqdan qurtarar, həm də beynəlxalq aləmdə imicimizə xeyir gətirər”.

«Xruşşovka» və «Stalinka» layihəli yaşayış binaların sökülməsi məsələsindən danışan N.Məmmədov bildirib ki, hər hansı şirkətin müəyyən yeri alıb oranı abadlaşdırması müsbət haldır: “Ancaq proses vətəndaşların hüquqlarının pozuıması ilə müşaiyət olunacaqsa, bu, kimsəyə lazım deyil. Hesab edirəm ki, bu sahədə Bakı Şəhər İcra Hakimiyyəti qanunları pozur. Vətəndaşların razılığı olmadan şəxsi mülkiyyətlərin sökülməsi barədə sərəncamlar verir. Halbuki, vətəndaş mülkiyyətini satmamaq hüququnu özündə saxlayır. Hər halda bu prosesin insanların narazı salınması ilə müşaiyət olunmasının əleyhinəyəm”.

 

Modern.az   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi