Modern.az

Eks-Baş Prokuror Əli Ömərovun “Karyera”sı: “Zakir Qaralovu orqana bərpa elədim” - II Hissə

Eks-Baş Prokuror Əli Ömərovun “Karyera”sı: “Zakir Qaralovu orqana bərpa elədim” - II Hissə

7 Mart 2012, 14:03

“Elə adamlar var ki, ona desələr, get öz arvadını həbs elə, eləyəsidi...”

Açığı, mən Əli Ömərovun belə sadə olduğunu təsəvvür etmirdim. Hələ ilk zəngimdəm mənimlə tam səmimi danışan Əli müəllim, bəzi tanınmışlar arasında yayılmış ilk dəfədən müsahibəyə razılaşmamaq şakərindən də uzaq durdu. Adımı, soyadımı, saytın adını soruşdu. Hələ bir, “Gəncədən döyülsən ki, ay qız” deyə doğmalıq da axtardı səsimdə. Elə həmin gün də görüşüb, müsahibə verdi. İndi bu müsahibəni oxuyarkən, ora ermənistanlıların ləhcəsini də əlavə etsəniz, söhbətin hansı şirinlikdə olduğunu təsəvvür edərsiniz.

Beləliklə, Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərovdur. Onunla söhbərin I hissəsini ötən günlərdə təqdim etmişdik.

II hissə

- Baxmayaraq ki, mənim Surət Hüseynovla aram yox idi, Gəncə xalqının mənafeyi naminə mən də ona kömək eləməli oldum. Sonra da bildiyiniz kimi, Elçibəy Kələkiyə getdi, Heydər Əliyev gəldi Ali Sovetin sədri oldu və prezidentin vəzifələrini icra elədi. Bu müddətdə Heydər Əliyev mənim Ali Sovetdəki mövqeyimi, mətbuatdakı çıxışlarımı nəzərə alaraq, çağırtdırdı yanına, Baş prokuror təyin etdi. Bir il dörd ay mən Baş prokuror işlədim. Bu müddərdə Heydər Əliyev bir dəfə də məni çağıtdırdı ki, “mən istəyirəm səni Milli Məclisə sədr təyin edəm”, yalvardım ki, “yox, mənim ən böyük arzum prokuror olmaqdı. Bir yeganə arzum da var, o da həqiqi dövlət ədliyyə müşaviri, ordu generalı rütbəsi almaqdır”.
Heydər Əliyev dedi, “mən sənin arzunu yerinə yetirərəm, narahat olma”. Mən Baş prokuror kimi qaldım, Milli Məclisə Rəsul Quliyevi sədr təyin elədi. Rəsul Quliyevə təqdimat verdi ki, Əli Ömərova dövlət ədliyyə müşaviri rütbəsini verin və Milli Məclis tərəfindən mənə bu rütbə verildi.

- ...Və gəldik 1994-cü ilin oktyabr hadisələrinə...

-
Bəli, 1994-cü ilin oktyabr ayında Cavadovlar Respublika Prokurorluğuna hücum elədilər, Hücumun da səbəbi o idi ki, mən Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun ölümünü iki

günə açdım. O ölümün içtirakçılarından biri Mahir Cavadovun sürücüsü idi, Fazil Muxtarov. Onu şübhəli səxs qismində saxladıq və buna görə də onlar Respublika Rpokurorluğuna hücum elədilər. Hadisələri təfərrüatı ilə danışmaq ustəmirəm, bu barədə çox danışılıb. Mən istefa verdim. Məndən sonra Eldar Həsənovu təyin elədilər yerimə. Onun vaxtında istintaqın gedişində bir də aşkar elədilər ki, həqiqətən bu cinayəti Fazil Muxtarov törədib. Onu Moskvadan gətirdilər, bir də həbs elədilər. İndi bəzən mətbuatda yazırlar ki, Əli Ömərov Muxtarovu həbs edib, özü də qanunsuz həbs edib. Mən yüz faiz sizi əmin edirəm ki, cinayəti törədən onlardır, amma o cinayətin istintaqını mən aparmamışam, Eldar Həsənovun vaxtında aparılıb. İstintaq sübut edib ki, onlar cinayətkardır və Muxtarovu həbs etdilər.

- İstefa verəndən sonra heç yerdə işləməmisiniz. Neçə ildir artıq?

- On yeddi ildir, artıq on səkkizinci ilə keçir ki, bekaram, heç yerdə işləmirəm, ancaq evdəyəm. Mətbuatla maraqlanıram, nə bilim, xatirələr yaziram, qəzet oxuyuram, çıxıram şəhəri gəzirəm, rayonlara gedirəm. Yəni heç kəsdən çəkinmədən, başı uca, alnı açıq gəzirəm, hər kim məni görürsə, deyir ki, “Əli müəllim, gedək oturaq, bir stəkan çay içək”. Yəni mən işləyəndə elə işləmişəm ki, heç kimə müxənnətlik eləməyim. Heç kimi günahsız həbs eləməmişəm, günahı olanı da azad eləməmişəm. Mənim böyük sərvətim yoxdur. Yeganə Baş prokuroram ki, bağ evim də yoxdur. Evin birini Heydər Əliyev rəhmətlik verib, 5 otaqlı evdir. Bir də Yusif Məmmədəliyev küçəsində evim var idi. Mən hələ Baş prokuror gəlməmişdən almışdım. O evi də sonra uşaqlarım dəyişdi. Mən heç kimdən pul götürməmişəm. İşə qoyduğum adamların hamısını təmənnasız qoymuşam. 15-20 nəfər prokuror qoymuşam. 20-30 nəfər orqana götürmüşəm. Bu gün onlar harda otururlarsa, mənim şərəfimə badə qaldırırlar, mənim yaxşılığımdan danışırlar. Ancaq pensiya ilə dolanıram. Bir də mənim Gəncədə evlərim-zadım var idi, onlardan bir neçəsini satmışam. Bax belə...

 - Əli müəllim müsahibənizin əvvəlində dediniz ki, 110 manat maaş aldığınız vaxtlar olub. Özü də ailəli, kirayədə qaldığınız vaxtlarda. Necə dolanmısınız 110 manatla?

- O vaxt kifayət edirdi. Yağın kilosu 3 manat neçə qəpik idi. Sadəcə olaraq mən Ermənistanda müəllim işləyəndə 250 rubl alırdım. Onda yoldaşım da həkim işləyirdi. İkimizin maaşımız eləyirdi 500 rubl. Amma o cür maaşdan vaz keçdik.

- Yoldaşınız da ermənistanlıdır?

- Bəli. Orta məktəbin 10-cu sinfində tanış olmuşuq. Sonra mən hüquqda qiyabi oxumuşam, o da həkimliyə qəbul olub. İkinci kursda nişanlanmışıq. 3-4 il də nişanlı qalmışıq. Ali məktəbi bitirəndən sonra evlənmişik.

- Müsahibələrinizin birində şikayət eləmisiniz ki, uşaqlarınıza iş vermirlər. Hələ də işsizdirlər?

- Yox, müxbirdi də, dedi ki, “Əli müəllim siz bu qədər adama yaxşılıq eləmisiniz”.
Mən də danışdım ki, məsələn, Zakir Qaralovu, o vaxt axtardım, dedilər, orqandan qovublar. Soruşdum niyə, dedilər nə bilim, guya kiminləsə narazılıq eliyib, dalaşıb. Çağırdım, bərpa elədim onu.
Oğlum ərizə yazmışdı ki, ona bir iş versin, Qaralov da cavab vermişdi ki, “bizim sizə münasib işimiz yoxdur”. Müxbir mənə sual verdi ki, “bəs siz bu qədər insana yaxşılıq eləmisiniz, bəs uşaqlarınız niyə işləmir?” Dedim vallah, onların öz işidir, mən yaxşılıq eləmişəm, halal eləyirəm. Amma Südabə xanıma, Ədliyyə Nazirliyinə bir gün zəng elədim, dedim ki, “Südabə xanım, mənimlə çalışanlara, kimə zəng eləyirəm, qızıma iş vermir. Amma mən sizə heç vaxt yaxşılıq eləməmişəm, sizə həmişə pislik eləmişəm, sərt olmuşam”.

 - Niyə pislik eləmisiniz?

- Başqalarının işinə nisbətən onun işindən tez-tez protest verirdim...

- Niyə protest verirdiniz?

- İşlə əlaqədar. Qanuni pislik eləmişəm, qanunsuz yox. Amma eləməyə də bilərdim də. O da mənə cavab verdi ki, “Əli müəllim, siz nə danışırsınız, sizin qızınız mənim qızımdır. Göndərin gəlsin, mən ona iş verəcəm”. Doğurdan da qızımı işə götürdü, ekspertiza institutuna verdi. Sonra da orda ona “zvaniya” vermədilər, Fikrət Məmmədova da ismarış göndərdim, yenə də vermədilər. Dedim “qızım ərizəni yaz, çıx”. Çox sağ olsunlar, mənim iş yoldaşlarım, hörmətli münasibətə görə. Qızım da çıxdı, sonra Banka müraciət etdim, götürdülər işə.

 - Maraqlıdır ki, Heydər Əliyev də sonradan sizə iş vermədi. Nə baş vermişdi ki?

- Mən sizə Bəylər Əyyubovun sözünü deyirəm. Heydər Əliyev rəhmətə gedəndə Bəylər Əyyubova deyib ki, “İlhama deyərsən, Əli Ömərova iş verər”. Bu, bir növ vəsiyyət çıxır də. Amma görünür ortada elə mənfur, pis adamlar var ki, məndən olan-olmayan pis sözləri çatdırıblar. Mənim prinsipiallığımdan qorxan adamlar var ki, sabah Əli Ömərov gələr bir vəzifəyə, buna bir söz deyə bilmərlər. Axı indi elə adamlar işləyir ki, onlara nə desələr yerinə yetirirlər. Vallah, elə adamlar var ki, onlara desələr ki, get evdə arvadını həbs elə, eləyəsidi. Əli Ömərov isə heç vaxt qanunu pozmayıb. Heç kim mənə göstəriş verməyib, verə də bilməyib. Mənə deyiblər qanunu necə bilirsən, elə də et.

- Söhbətin əvvəlindəki daha bir məqama toxunmaq istəyirəm. Erməni xislətiylə bağlı. Nə var o xislətdə?

- Qızım, onlar həmişə öyünürdülər ki, “bizim bu qədər marşalımız var, generalımız var”. Uşaq vaxtı biz də onlarla mübahisə edəndə, deyirdik “bizim generalımız sizinkindən 100 dəfə çoxdur”. Deyirdilər “harda?”, biz də dağın o tərəfini, Türkiyəni göstərirdik. Yəni biz bilirdik onlar nəyin uğrunda mübarizə aparırdılar 60-cı illərdən . Və mən işdən çıxmaq üçün Poponovun yanına gedəndə- Ermənistanın daxili işlər nazirinin-, dedim, sizin Avones Avonesyan adlı bir şairiniz var, Silva Kaputyanın həyat yoldaşı, onun bir şeirini tərçümə edəndə başa düşdüm ki, erməni xalqı nə deməkdir. Şerin məzmunu belədir ki, yəni deməli onlar Ermənistanın o quru barsız düzlərində nökər olmağı Azərbaycanın barlı-bəhərli çöllərində şah olmaqdan üstün tuturlar. O şeiri mən ona dedim, dedim ona görə də mən daha burda qala bilmərəm.
Həmin günü gecə saat on ikinin yarısına kimi onun qəbul otağında gözlədim, əmrimi aldım çıxdım ordan. Gəncədə də işləyəndə bu hadisələr ki, baş verdi, Baqramyanın heykəlini orda camaat yıxıb sürütləyəndə, mənim üzümə duranlar oldu ki, Əli Ömərov dəmiryolçulara göstəriş verib. Moskvadan gələn müstəntiqlər də məni də həmin istintaq qrupuna salmışdılar. Erməniləri dindirəndə gördüm ki, bunlar öz aralarında erməni dilində danışırlar. Bilmirlər ki, mən ermənicə bilirəm. Mən bunların evindən bir siyahı tapmışdım. O siyahıda 150 nəfər erməninin adı var idi. Bunlar mənə izahat verəndə deyirdilər ki, guya bir erməninin ad günüdür, bunlar da ona görə 50 manatdan pul yığırlar. Amma bunlar öz aralarında danışanda isə deyirdilər ki, düzünü desək, nolacaq? Mən bunların ifadəsini alandan sonra dedim ki, mən sizin səsinizi yazmışam. İndi mənə düzünü deyin görüm, bu nə məsələdir. Dedilər, 50-60 il bundan əvvəldən başlayaraq bütün dünya ermənilərinin hamısında bu siyahıdan var. Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün hər bir erməni 50 manat pul verməlidir. Mərkəzi Komitənin birinci katibindən tutmuş, Respublika Prokurorunadək hamı bu məsələni bilirmiş. Amma görün nə qədər bic millətdirlər ki, bir nəfər sızdırmayıb ki, belə bir məsələ var. Amma bizimkilər? Mən orda iki dəmiryolçuya dedim ki, heykəlin boğazına kəndir salın, özümüzün rayon katiblərindən biri dedi ki, Əli Ömərov göstəriş verib saldırdı heykəli.

- Ermənistanlılar savadlı olur. Bax, Sizin adını çəkdiyiniz sinif yoldaşlarınız da yüksək mərtəbələrə çata biliblər. Bunu təhsilin səviyyəsi ilə bağlamaq olarmı?

- Amasyanın məktəbləri güclü məktəblər idi. Çünki bizdə bir mübarizə var idi, medal yarışı mübarizəsi  Bir məktəbdə 12-13 nəfər azərbaycanlılardan medal alanda, 2-3 erməni medal alırdı. Biz necə deyərlər, mübarizədə bərkimişik. Çoxları indi bunu bilmir. Azərbaycanda yaşayan azərbaycanlılar rahat yaşayıblar. Biz isə orda zülmün içində yaşamışıq. Adam da mübarizədə bərkiyir. Bir-birimizə münasibətdə də bərkimişik. Bilirdik erməninin niyyəti nədir, xisləti nədir. Bizim bir xizək üzrə çempionumuz var idi, onu motosikletlə vurub öldürdülər. Yəni hər dəqiqə belə münasibətə hazır idik.

- Amma sizlərin-Ermənistan azərbaycanlılarının bir-birinə belə münasibəti Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Yerlibazlıqda suçlayırlar, vəzifəpərəst adlandırırlar. Bax bu cür yanaşmalara nə deyirsiniz?

- Onu deyənlər bircə şeyi başa düşmürlər ki, bütün hallarda hakimiyyətə gələnlərin hamısı ermənistanlıların dəstəyi ilə gəliblər. Tarixə nəzər salsanız, bunu görərsiniz. Ermənistanlıların dəstəyi ilə hakimiyyətə gəlib, sonra onlara badalaq atmaq, onlara qarşı düşmən siyasəti yeritmək bu nakişilikdir. Ermənistandan gələnlərin hamısı ziyalıdır Götürün respublikada görkəmli akademikləri, alimləri. Yəni bu bizim xalqımızdır-azərbaycanlı, gürcüstanlı deyəndə şəxsən mən utanıram. Bax indi siz fikir verin, Ermənistanda bizə “azərbaycanlıdı” deyib yer vermirdilər, Azərbaycanda da son vaxtlar bu “yeraz” məsələsini cıxardıblar. Bəs biz harda yaşamalıyıq, Amerikada???!!!  

- Son vaxtlar hakimiyyətdə ermənistanlıların sıxışdırıldığı deyilir...

- İndi siz sosial araşdırma aparsanız, buna inanarsınız ki, naxçıvanlılar hakimiyyətdə daha çoxdurlar. Ən üzdə olan vəzifələrdə naxçıvanlılar daha çoxdur. Ləzgi də var, kürd də var, ermənistanlı da var... Amma mən sizin sualnıza cavab olaraq onu deyə bilərəm ki, milləti bu cür bölənlər tarix qarşısında cavab verəcəklər.

Son

Qızılgül Abdinova














Qızılgül Abdinova         

 

***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
 

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”
//modern.az/articles/21497/1/

Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ
//modern.az/articles/21554/1/ 

Eks-Baş prokuror Əli Ömərovun “Karyera”sı: “Ermənini söydüm, qapısını təpiklə vurub, çıxdım”
//modern.az/articles/21720/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi