Modern.az

Düşünün bir az... – Köşə

Düşünün bir az... – Köşə

7 Mart 2012, 17:34

Cəfər Mənsimi

Təhsilimlə bağlı 5 aydır ki, vətənimdən, doğmalarımdan uzaqda yaşayıram. Bakıda olanda həmişə düşünürdüm: tək yaşamağa nə var ki..? 4 il dözə bilməyəcəyəm?  Zamandır da, gəlib tez keçəcək...  Amma...

... İndi tamamilə fərqli düşünürəm: ailənin yanında yaşamağa nə var ki? Hər şey hazır qabağına gəlir. Heç nə haqqında düşünmürsən. Sən düşünməsən də, ailəndən kiminsə bu haqda düşünəcəyini fikirləşirsən. Amma xaricdə oxumaq və tək yaşamaq belə deyil...

... Ailəndən uzaqda yaşamaq çox çətindir. Xüsusilə də heç zaman tək yaşamayan bir insan üçün. Xaricdə təhsil almağın çox üstünlükləri var. Yüksək təhsil almaqla yanaşı, həyatı dərk edirsən. Etdiyin səhvləri bir daha təkrarlamamağa çalışırsan. Ən əsası da ailənə, yaxınlarına olan məhəbbətin günü-gündən artır.  Vətənini xaricdə layiqincə təmsil etməyə çalışırsan. Çiynində böyük yük daşıyırsan.

... Bəzən ac-suzuz qalırsan. Bəzən elə olur ki, bir çörək alamağa pul tapmırsan. Bəzən elə olur ki, aclığın ömrünü azaltmaq üçün yuxudan günorta qalxmağa üstünlük verirsən...  

Burada bir cüt corabı yuya bilmirsən. Və ya  cırılmış  paltarını  tikə bilmirsən. Yadına düşür ki, bəlkə də evdə  kobudcasına bacılarına  100 dəfə “nə var ki,  bunu etməyə” demisən.

  ...Yavaş-yavaş etdiyin səhvləri anlayırsan. Daha da dərrakəli və qənaətcil olursan. Əsl sevginin nə olduğunu dərk edirsən.

 Ananın bişirdiyi ləzzətli yeməkləri yeyəcəyin, valideynlərini qucaqlayıb onların dizində yuxuya gedəcəyin, məhəllədə uşaqlarla gülüb-əyləndiyin, işıqlar sönəndə lampa işığında  oturub çay içdiyin, bəzən söz gücü ilə, bəzən də əlbəyaxa dalaşdığın, amma yenə də  onları bağrına basacağın günləri gözləyirsən...

Əsl dostunun kim olduğunu  birindən yardım istəyəndə   “elə özüm də o gündəyəm”, “sənə köməklik edə bilməyəcəyimə üzülürəm” cümlələri ilə qarşılaşanda  anlayırsan.  Bəzən də dostlarının dəstəyi  acılarının üzərindən xətt çəkir.  Uşaq kimi sevindiyin günləri gözünün önündən keçirirsən.

Amma bütün bunları ailəndən gizlədirsən. Bu çətinliklərlə təkbaşına bacarıb-bacarmayacağını düşünüb, özünü sınamaq istəyirsən.  Ailənin bu günə qədər sənə çəkdiyi əziyyətləri gözünün önündən keçirirsən. Təcrübən ikiqat artır...

Qısacası,   dərk edirsən ki, ailənin bir üzvünü belə incitmək olmaz.

 Nə olar, siz də valideynlərinizi incitməyin. Nə olar, onlara qarşı “uff” sözünü işlətməyin. Nə olar, bir az düşünün... Və “övladının necə olmağını istəyirsənsə, sən də valideynlərinə qarşı elə ol” cümləsini heç zaman unutmayın...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir