Modern.az

“8 martdır, anacan” – Analara hədiyyə - FOTOLAR

“8 martdır, anacan” – Analara hədiyyə - FOTOLAR

Aktual

7 Mart 2012, 18:54

Bu gün “Azərbaycana Birgə Yardım” Təşkilatı (United Aid For Azerbaijan) Bakcell şirkətinin dəstəyi ilə Park Bulvarda xüsusi qayğıya ehtiyacı olan uşaqların “8 martdır, anacan” adlı rəsm sərgisi keçirilib. Modern.az saytı xəbər verir ki, sərgi Bakcell-in Koorporativ Sosial Proqramının dəstəyi ilə UAFA tərəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri də keçirilir, onlara fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir.

Sərgidə ilk növbədə fiziki qüsurlu uşaqların rəsm əsərləri nümayiş olunub. Əllə çəkilən şəkillər paytaxt sakinlərinin də diqqətindən yayınmayıb. Xüsusilə yanlarında balaca uşaqları olan valideynlər sərgi önünüdən keçərkən şəkilləri diqqətlə izləyir və onlar barədə sərgi iştirakçılarından ətraflı məlumat alırdılar.

Lakin iş bununla da bitmirdi. Fiziki qüsurlu uşaqlardan 7 nəfəri tədbir zamanı canlı olaraq rəsm əsərləri çəkib onu 8 martla bağlı analarına hədiyyə etməliydilər.

Uşaqlar öz yerlərində oturub şəkil çəkməyə başlayan kimi UAFA-nın Yasamal İcra Əsaslı Reabilitasiya Mərkəzinin meneceri Ülviyyə Mirzəyeva sərginin keçirilməsinin məqsədi barədə danışdı. Bildirdi ki, UAFA və Bakcell-in birlikdə “Bakcell ulduzları” (Bakcell Stars) çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir neçə foto, rəqs, rəsm dərnəkləri fəaliyyət göstərir.

“Bugünki sərgimizdə isə rəsm dərnəyində uşaqların işlədiyi əl işlərindən ibarət sərgi nümayiş etdirilir. Bu rəslər müxtəlif əlilliyi olan uşaqlar tərəfindən çəkilən əl işləridir”.

Ü.Mirzəyevanın sözlərinə görə dərnəklər Bakcell-in layihəsi çərçivəsində fəaliyyət göstərir və Bakcell tərəfindən maliyyələşdirilir. Bakcell-in dəstəyi ilə hazırda 3 dərnəkdə 70-ə yaxın uşaq iştirak edir.

“Rəsm dərnəyinə isə 30-dan çox uşaq cəlb olunub və biz onları 15 nəfərdən ibarət iki qrupa bölmüşük. Rəsm dərnəyində dərslər həftədə iki dəfə olmaqla keçirilir. Elə dərslərimizdən birini də bu gün sərgiyə salmışıq”.

Uşaqların rəsm müəllimi Aysel Əmirova artıq 2 ildir ki, bu balacalarla işləyir. Aysel xanım deyir ki, əvvəllər onlarla işləməkdə çətinlik çəksə də, sonradan uşaqları başa düşüb, onların istəyini qavrayıb.

“Əvvəllər ünsiyyətdə, onları başa düşməkdə çətinlik çəkirdim, amma artıq öyrəşmişəm”.

Autizmdən əziyyət çəkən 14 yaşlı Şamxal özünün fikirləşdiyi rəsmi - anası üçün gül şəkli çəkirdi. Ancaq tabloda özünü və anasını da göstərməyi unutmurdu. Dərnəklərdə böyük həvəslə iştirak edən Şamxal artıq fotoaparatla çox rahat işləyə bilir, çəkdiyi gözəl rəsmlərlə sərgilərə qatılır. Anası Zəhra Xələfovanın sözlərinə görə, rəqs dərnəklərindən sonra oğlunda autizmli insanlara xas olan qeyri-iradi hərəkətlər daha az müşahidə edilir.

10 yaşlı Günayın (sümüklərin anadangəlmə inkişaf problemi var) anası Ulduzə xanım deyir ki, ən böyük arzusu qızını ətraf mühitdən, ünsiyyətdən sıxılma kompleksindən azad etməkdir. Rəsm dərslərindən sonra onun özünə inamı artıb, əl barmaqlarında inkişaf sürətlənib.

Uşaqlar işlədikcə, onların əl işləri həmin an oradan keçənlərin də diqqətindən yayınmırdı və maraqla izlənilirdi.

Qeyd edək ki, dərnəklərə qatılan uşaqlar indiyə kimi bir neçə respublika səviyyəli müsabiqlərin qalibi olublar.

Layihəyə cəlb olunan psixoloqlar, cəmiyyətdən təcrid olunmuş belə uşaqlara yardım göstərir, həmçinin layihənin fəaliyyətində yaxından iştirak edən Valideyn Birliyi üzvlərinə dəstək olur. Artıq Ailə Dəstək Mərkəzinin xidmətlərindən istifadə edən hər bir xüsusi qayğıya ehtiyac olan uşağın psixoloji pasportu var.


 

 

 

 

 

 

 

 

 

 


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!