Modern.az

Qənirə Paşayeva - Sənsiz necə yaşayam?

Qənirə Paşayeva - Sənsiz necə yaşayam?

8 Mart 2012, 15:50

Ruhum Qarabağlıdır silsiləsindən

I

Yuxum ərşə çəkilib
Görmədiyim gündən səni
Gözümün yaşı kəsmir
Sənə gəlməyəndən bəri
Canım parçam-parça, ruhum pərişan
Diriykən ölüyəm
Sənsiz, Qarabağ!

Mənim yaralı atam,
Mənim bəlalı anam,
Qarabağ!

Türk torpağı, türk yurdu,
Gözlərimi yaş yudu.
Sənsiz niyə yaşayaq?!
Sənsiz necə yaşayam,
Qarabağ?!

Düşmən tapdağında qoymarıq səni,
Kafir caynağında qoymarıq səni,
Həsrətin qoynunda qoymarıq səni,
Müqəddəs andımız, ruhum,
Qarabağ!

Sənsiz qala bilmərəm!
Sənsiz ola bilmərəm!
Sənsiz ölə də bilmərəm,
Ölsəm, qibləm Qarabağ!

II

Yetər, Dünya!
Bir gör artıq
Günahlını,
Günahsızı;
Qantökən,
Axar qanı;
Əsir olan cocuqları.
Girov qalan anaları;
Viran olan yuvaları, xanaları...

Yetər, Dünya!
Bir duy artıq
Öz yurduna həsrət
Qalan milyonların
Ərşə qalxan naləsini.

Yetər, Dünya!
Bir gör artıq
O günahsız qadınların, cocuqların
Axıdılan pak qanını.
Köçkünlüyə məhkum olmuş milyonların,
Boynubükük cocuqların
Gözlərini, o gözlərin kədərini,
Dillənməyən Ürəklərin çağırışını,
ağrısını.

Yetər, Dünya
Bir gör artıq
Əsir, girov qadınlara, körpələrə
O edilən zülmləri.
Duy, onların fəryadını, harayını!

Yetər, Dünya!
Anla artıq
“Bircə dəfə öz evimi görə bilsəm
Öz evimdə ölə bilsəm;
əzizimin məzarına
üz-gözümü sürtə bilsəm”
deyənlərin həsrətini, ağrısını, acısını...

Yetər, Dünya!
Bir gün artıq
O günahsız qadınların, cocuqların,
köçkün olan, qaçqın olan yüz minlərin,
Öz evinə gedəmməyən insanların
Boynu bükük arzuları çarpar sizi!

Yetər, Dünya!
Dünya gərək dada yetsin!
Qaçqınların hay-harayı
Hər doğmaya, yada yetsin!
Varsa əgər bu dünyada
ən adil insana yetsin!

Yetər, Dünya!
Bir gör artıq
Zülm eləyən zülmkarı
Bu dövrdə, bu zamanda
Ölüm saçan ölümkarı...
Bir gör artıq,
Bir duy artıq,
Anla artıq,
Yetər artıq,
Artıq yetər!

Eşit, Dünya!
Yüz minlərlə nərəsini-
“Haqq!” bağıran haqq səsini

III

Qarabağ düşmən əllərdə!
Duysun düşmən, bilsin hamı:
Qalmayacaq bu ah yerdə!
Qalmyacaq qan yerdə!
Qarabağım yad əllərdə!
Qarabağım düşmən əldə!

Dönəcəyik evimizə,
Dönəcəyik yurdumuza,
Sökəcəyik biz bu yolda,
Qarşımızda hər nə varsa,
Dönəcəyik Qarabağa!

Qarabağım!
Anam mənim, canım mənim,
Balam mənim, yarım mənim.
Duyurmusan bu səsləri:
Milyonlarla övladının
Yer üzünün hər yanından
Sən Qarabağ nərəsini, haqq səsini?!

Harda olsaq fərqi yoxdur
Qibləmizsən, xan Qarabağ!
Harda olsaq fərqi yoxdur,
Səninləyik, can Qarabağ!
Sən canımız, sən qanımız,
Sən ən qutsal amalımız,
Sən ən böyük sevdamızsan,
can Qarabağ!

IV

Qarabağım!
Güneyliyik, Quzeyliyik,
Təbrizdənik, Bakındanıq,
Borçalıdan, Dərbənddənik,
Anadolu, Kərkükdənik.
Türküstandan, Altaydanıq
Fərqi yoxdur biz hardanıq,
Fərqi yoxdur biz hardayıq,
Uzaqdayıq, yaxındayıq.
Biz hamımız üzümüzü
sənə tutduq!
Biz hamımız sözümüzü
sənə tutduq!
Sözümüzdə səni tutduq!

Qarabağim!
Heç qalarmı günah yerdə?!
Qalmayacaq bu ah yerdə!
Qalmayacaq bu qan yerdə!
Qarabağım yad əllərdə!
Qarabağım düşmən əldə!

Öləcəyik sənin üçün, Qarabağım!
Qanımızdır sənə fəda, Qarabağım!
Öləcəyik sənin üçün, Qarabağım!
Canımızdır sənə fəda, Qarabağım!

Qəm yeməynən,
Keçəcəkdir acı günlər,
Qəm yeməynən,
Bitəcək xarı bülbüllər,
Ötəcək sarı bülbüllər.

***

Əyan olsun qoy hamıya,
Bəyan olsun qoy hamıya,
Qoy and olsun Xocalıya!
Sənsiz bizə haram olsun
bu gen dünya!
Dönəcəyik sənə bir gün,
QARABAĞIM!
QARAM, AĞIM

V

Ruhuma vətənsən, gözümə torpaq!
Gözəl Qarabağ!

Xar tutmuş gülümsən,
xarı bülbülüm,
Səndədir, sənlədir
sanım, Qarabağ!
canım, Qarabağ!

Mənim qibləm Qarabağ!
Qibləm qara bağlıdır...
Mənim ruhum, Qarabağ!
Ruhum Qarabağlıdır!

Qaram, ağım!
Qara ağım!
Ay Qarabağ!
Sən elə bir sevdasan,
Sən nə Günəş, nə Ay, Qarabağ!
Sənin kimi Eşq doğurmaz
İnsan olan Eşqsiz olmaz.
Eşqim mənim!
Taleyimdə
ən silinməz nəqşim mənim

Düşünən türk səni deyir, səni anır.
Ürək sizə yaxın uzaq
Ürəkliyə uzaq yaxın!
Sevgimizi göndəririk axın-axın
sənin üçün,
Qarabağım!
Qaram, ağım!
Qara ağım!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu