Modern.az

Hər il milyonları öldürən xəstəlik

Hər il milyonları öldürən xəstəlik

12 Mart 2012, 14:19

Vərəmlə mübarizəni necə gücləndirmək olar?

Dünya əhalisinin üçdə biri bu xəstəliyə yoluxub. Hər il 2 milyona yaxın insan bu azar ucbatından dünyasını dəyişir. Söhbət vərəmdən gedir. 24 mart – Vərəmlə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantıda bu xəstəliyin tarixi, indiki durum və mübarizə yollar haqqında faktlar səsləndirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib ki, son 20 il ərzində bu xəstəlikdən ölüm halları 40% azalıb. Lakin maliyyələşdirilmənin kifayət dərəcədə olmaması üzündən hazırkı nailiyyətlər təhlükə altındadır. Son illərin statistikasını səsləndirən xanım Süleymanova bildirib ki, 2010-cu ildə vərəmə yoluxanların sayı 8,8 milyon nəfər olub. Elə həmin il vərəm üzündən ölənlərin sayı 1,4 milyon olub (bunlardan 320 mini qadındır). Bundan bir il əvvəl  - 2009-cu ildə isə ölənlərin sayı 1,7 milyon olmuşdu.

Ümumiyyətlə, 1995-ci ildən bəri 46 milyon insan uğurla müalicəni bitirib, 6,8 milyon insanın həyatı xilas edilib. Lakin hesablamalara görə, bütün dünyada vərəmlə xəstələnmə hallarının üçdə biri qeydiyyata alınmır. Buna görə bu cür  hallarda düzgün diaqnozun qoyulub-qoyulmadığı, lazımi müalicənin aparılıb-aparılmadığı bilinmir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlərdən danışdı.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin eksperti Aleksandr Paseçnikov isə vərəmli xəstələrə qarşı cəmiyyətin münasibətindən  söz saldı. Onun dediyinə görə, Azərbaycanda xəstələrin konfidensiallıq hüququ qorunmur və hər kəsə xəstəlik haqqında məlumat verilir. Bu isə belə insanların özünü narahat hiss etməsinə, damğalanmasına gətirib çıxarır.

Tədbirin sonunda “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalist müsabiqəsinin başlandığı elan edilib.

Fidan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub