Modern.az

İcra başçısının jurnalistə yumruq qıcaması

İcra başçısının jurnalistə yumruq qıcaması

Aktual

12 Mart 2012, 15:14

İldə ən azı iki-üç dəfə Qubada keçirilən seminar və treniqlərdə iştirak edirəm. Hər dəfə bu görüşlərdən sonra Qubada məmur özbaşınalığını tənqid edən məqalələr yazıram. Şəxsi arxivimdə bu cür yazıların sayı 10-a çatır...

İndi hamı Rauf Həbibovu tənqid edir. Əlbəttə, ötən il noyabrın 22-də rayon fəallarının iştirakı ilə keçirilən müşavirədə onun qubalıların ünvanına söylədiyi fikirlərə bəraət qazandırmaq mümkün deyil. Vəzifəli şəxslərin öz soydaşlarını bu cür aşağılaması ilk növbədə harınlıq əlamətidir. Adamdan soruşarlar ki, axı sənin vətəndaşın niyə 30-40 manata möhtac olmalıdır? Rauf Həbibov yaxşı icra başçısı olsaydı, onun rəhbərlik etdiyi rayonda insanlar evlərinə çörək almaq üçün hansısa dini təriqətə qoşulmaq məcburiyyətində qalmazdılar.

Quba üsyanından sonra məlum oldu ki, Rauf Həbibovun bu rayonda 4 villası var. Quba şəhərində və rayonun ayrı-ayrı kəndlərində tikilən villaların sayı isə 4 mindən çoxdur. Bəs, bu villalar kimindir? Bu sualın cavabı hamıya aydındır. Ölkədə nə qədər imkanlı adam varsa, hamısı Qubada özünə villa tikdirib. Hətta elə məmurlar var ki, şou-biznes əhli olan eybəcər məşuqələrinə də Qubada villa ucaldıblar. Yəni, qubalıların kasıb həyat tərzi keçirməsinə görə, məsuliyyət həm də vəzifəli şəxslərin üzərinə düşür. Əgər oliqarx-məmurlar Qubanı atalarının mülki kimi öz aralarında bölüşdürməsəydilər, bu gün qubalılar bir tikə çörəyə möhtac qalmazdılar.

Ötən yay "Qəçreş" istirahət mərkəzində tədbirdə olarkən iki həmkarımla birlikdə yaxınlıqdakı alma bağına gəzintiyə çıxdıq. Aradan iki dəqiqə keçməmiş bağın gözətçisi başımızın üstünü aldı. Qoca bağban bizdən xahiş etdi ki, alma bağından çıxaq. Kişi o qədər həyəcanlı idi ki, hətta fikrini ifadə etməyə də çətinlik çəkirdi. Söhbət əsnasında məlum oldu ki, bağın sahibi yaxınlıqdakı meşədə istirahət edir. Əgər o, bağda yad adamların gəzdiyini görsəydi, gözətçini işdən qova bilərdi. Mən, həmin bağbandan özünün alma bağının olub-olmadığını soruşdum. Qoca təəccüblə üzümə baxıb, belə dedi: "Bağ nədir, həyətimdə üç-dörd alma ağacı vardı, onu da Bakıdan gələn adamlara satmışam".
Qubalılar Rauf Həbibovu devirəndə, qeyri-ixtiyari olaraq, bu hadisəni xatırladım. Mənə elə gəlir ki, Rauf Həbibovu həmin qocanın ahı tutdu.

Bu hadisəni mənə jurnalist dostlarımdan biri danışıb. İki il əvvəl bir qrup jurnalist kütləvi məzarlığı ziyarət etmək üçün Qubaya gedib. Hava yağmurlu olduğu üçün jurnalistlər yol kənarı ilə məzarlıq arasındakı 20 metrlik məsafəni qət edərkən xeyli əziyyət çəkiblər. Bu vaxt Rauf Həbibov da öz sürücüsü ilə məzarlığı ziyarət etməyə gəlib. Jurnalistlərdən biri ondan niyə məzarlığın yolunu təmir etdirmədiyini soruşub. İcra başçısı deyib ki, yolu təmir etdirmək üçün tələb olunan vəsaiti tapa bilmir. Söhbət əsnasında məlum olub ki, ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımızın uyuduğu məzarlığa gedən yolun təmiri üçün cəmi 4 min manat vəsait lazımdır. Həmin jurnalist icra başçısına deyib ki, Bakıya qayıdandan sonra bu vəsaiti jurnalistlərdən toplayıb, ona göndərəcək. Bu söz Rauf Həbibovun xətrinə dəyib. O, əynindəki pencəyi çıxarıb sürücüsünə verəndən sonra həmin jurnalistə belə deyib: "Gedək meşəyə, səni başa salım".
Bəli, vaxt vardı, Rauf Həbibov jurnalistə yumruq qıcayırdı. Amma indi canının qorxusundan qaçıb Avropada gizlənir.
İbrət götürülməli taledir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?