Modern.az

Deputatın partiyası Rusiya ilə əməkdaşlığa qarşı çıxdı

Deputatın partiyası Rusiya ilə əməkdaşlığa qarşı çıxdı

12 Mart 2012, 16:31

Partiya Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsilə bağlı müqavilənin müddətinin uzadılmasının əleyhinədir

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsində BAXCP İdarə Heyəti üzvlərinin ən çox diqqət yetirdiyi məsələ Qəbələ Radiolokasiya Stansiyasının (Qəbələ RLS) icarəyə verilməsilə bağlı Rusiya ilə bağlınılmış müqaviləsinin müddətinin uzadılması məqsədilə aparılan danışıqlarla bağlı olub.

Aparılan müzakirələr nəticəsində Qəbələ RLS-in icarə müddətinin uzalıması ilə bağlı məsələyə münasibəni açıqlayan BAXCP İdarə Heyəti partiyanın adıçəkilən radiolokasiya stansiyasının Rusiyaya icarə verilməsinin hər zaman əleyhinə olduğunu xatırladıb : "Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa söykənən ədalətli mövqe nümayəiş etdirsəydi, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün hərbi-siyasi müttəfiqi Ermənistana təzyiq göstərsəydi, Xəzərin hüquq statusunun müəyyənləşdirilməsilə bağlı aparılan danışıqlarda İranın əsassız iddalarını stimullaşdırmasaydı, Trans-Xəzər layihəsinin həyata keçirilməsinə maneə yaratmasaydı, bəlkə də bu halda Azərbaycan xalqı Qəbələ RLS-lə bağlı Rusiya ilə imzalanmış müqavilənin müddətinin uzadılmasına anlayışla yanaşa bilərdi. Rusiyanın sadalanan bütün məsələlərdə Azərbaycanın maraqlarına və beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti bu ölkə ilə imzalanmış müqavilənin müddətinin uzadılmasına heç bir əsas vermir. Rusiya generallarının və bu ölkənin dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin mütəmadi olaraq Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirmələri, ölkəmizin öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ata biləcəyi perspektiv addımlarla bağlı təhdid xarakterli önləyici fikirlər səsləndirmələri, işğalçı Ermənistanın mövqelərini açıq-aşkar müdafiə etmələri rəsmi Moskvanın etibarsız və güvənilməsi mümkün olmayan tərəf müqabili olduğunu təsdiqləyir".

BAXCP hesab edir ki, yalnız aşağıdakı hallarda Azərbaycan xalqı Qəbələ RLS-lə bağlı Rusiya ilə imzalanmış müqavilənin müddətinin uzadılmasına dözümlü yanaşa bilər:

1. Rusiya Dağlıq Qarabağ münaqişəsinin təzimlənməsi prosesində beynəlxalq hüququn prinsiplərinə, problemin tarixi səbəblərinə söykənərək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini aparıcı mövqeyə çıxarsın və bu istiqamətdə hərbi-siyasi müttəfiqi olan təcavüzkar Ermənistana real nəticələrə səbəb ola biləcək təzyiqlər göstərsin.

2. Xəzərin hüquqi statusu ilə bağlı məsələlərdə Dəniz hüququna dair 1958-ci ildə qəbul olunmuş Konvensiyanın prinsiplərini, eləcə də hüquqi varisi olduğu SSRİ ilə İran arasında 1931, 1935 və 1940-cı illərdə imzalanmış ikitərəfli müqavilələrin müddəalarını əsas götürərək, rəsmi Tehranın əsassız ərazi iddialarına son qoyulması istiqamətində birmənalı və açıq mövqe nümayiş etdirsin.

3. Azərbaycanın iştirakı ilə həyata keçirilən və keçiriləcək iqtisadi layihələrə, o cümlədən Trans-Xəzər layihəsinə münasibətdə aqressiv və sabotaj xarakterli davranışlarına son qoysun.

BAXCP İdarə Heyəti Qəbələ RLS-in bölgədəki ekoloji vəziyyətə də ciddi ziyan vurduğunu xatırladıb: "Qəbələ RLS-in istismar olunması nəticəsində turizm üçün olduqca əlverişli olan bir bölgənin ekoloji mühitinə olduqca ciddi ziyan dəyib, insanların sağlamlığı zərər görüb".

BAXCP İdarə Heyəti eyni zamanda qeyd edib ki, Qəbələ RLS-lə bağlı müqavilənin müddətinin uzadılması Azərbaycan Respublikasının hərbi doktrinasının və digər hüquqi-normativ aktların müvafiq müddəalarına ziddir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir