Modern.az

Necdet Ünüvar: “Mən Xocalıya getmək istəsəm də...”

Necdet Ünüvar: “Mən Xocalıya getmək istəsəm də...”

Aktual

12 Mart 2012, 17:47

Amma bunu edə bilmirəm

 “Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının rəsmən tanınması haqda qanunun qəbul olunması ilə bağlı Türkiyə dövlətinin səlahiyyətli şəxsləri öz mövqelərini bildirəcəklər”. Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat Necdet Ünüvar Modern.az saytına belə deyib.

Onun fikrincə, parlamentdə hansısa qanunun qəbul olunması bir dövlət siyasətdir:  “Xocalıda baş verənlər hamımıza çox ağır təsir edib. Amma belə bir şey var: dövlətlərin ənənəvi siyasətinə uyğun hərəkət etmək lazımdır. Burada belə bir məqam var ki, ABŞ, Fransa, İsveçrədə və başqa ölkələrdə qondarma “erməni soyqırımı” ilə bağlı qanunlar qəbul ediləndə Türkiyə bunu qınayır. Türkiyənin mövqeyi ondan ibarətdir ki, tarixi olaylara qiyməti tarixçilər verməlidir. Bu məsələlərdə parlament üzvləri tarixçilərin yerinə söz deməməlidirlər, qərar verməməlidirlər, parlament üzvləri yenidən tarix yazmamalıdırlar. Yəni biz bu məsələdə mübahisə etməməliyik, əks getməməliyik. Xocalıda baş verənlərə görə çox üzülmüşük, həqiqətən çox ağır hadisələrdir. Xocalıda qətliam baş verib və mahiyyətcə insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımının qanunla tanınması məsələsində Türkiyə dövlətinin səlahiyyətli şəxsləri mövqelərini bildirəcəklər. Amma Türkiyə hesab edir ki, parlamentlər bu məsələlərdə qərar verməməlidirlər”.

Necdet Ünüvar deyib ki, Xocalı da daxil olmaqla Dağlıq Qarabağ, Azərbaycan torpaqları erməni işğalından azad olunmalıdır: “Amma bu sülh yolu ilə olmalıdır. Bu Cənubi Qafqazın sabitliyi və inkişafı üçün vacib şərtdir. Biz Xocalı qətliamını hər yerdə anırıq. Amma qətliamı Xocalıda yad edə bilmirik. Mən millət vəkili olaraq Xocalıya getmək istəsəm də bunu edə bilmirəm. Ona görə də bizim birinci məqsədimiz Azərbaycanın işğal olunan ərazilərini azad etmək, bir milyondan artıq məcburi köçkünün öz doğma evlərinə qayıtmasıdır. Türkiyə olaraq ən əsas məqsədlərimizdən biri də budur”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, müxalif Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputat Sinan Oğan parlamentə Xocalı soyqırımının tanınması haqda qanun layihəsi təqdim edib. 

Qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılıb, 26 fevralın Türkiyədə “Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü” elan olunması təklif edilib. Qanun layihəsində ölkənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı qurbanlarından birinin adı verilməsi təklifləri də əksini tapıb.

Qanun layihəsi hazırda Türkiyə parlamentinin hüquq komissiyasındadır.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu