Modern.az

Putin Rusiyası: Proqnozlar, reallıqlar, fərziyyələr...

Putin Rusiyası: Proqnozlar, reallıqlar, fərziyyələr...

Aktual

12 Mart 2012, 19:08

Con Makkeyn Volodyanın sayılı günlərinin qaldığını iddia edir, Obama təbrik edərək onunla işləməyə hazır olduğunu bəyan edir, Mixail Saakaşvili isə Azərbaycan parlamentinin tribunasından məsləhət verir...

Martın 4-də Rusiyada keçirilən prezident seçkiləri və onun nəticələri yəqin ki, hələ uzun müddət mətbuatın və siyasi dairələrin müzakirə predmeti olaraq qalacaq. Bu da təbiidir. Nəzərə almaq lazımdır ki, bugünki Rusiya 70 il bəşəriyyəti səksəkədə saxlayan qanlı bir imperiyanın varisidir və buna görə də dünya bu ölkədə baş verənləri, daha dəqiqi, yaxın onillikdə kimin prezident kürsüsündə əyləşməsi məsələsini haqlı olaraq çox diqqətlə izləyir, təhlil edir. Azərbaycana gəldikdə isə 70 il bizlərə “böyük qardaş”lıq etmiş Rusiyanın əlinin “duz”unu da görmüşük, sərgilədiyi “səxavəti” də. Bir sözlə, həmin qanlı-qadalı illər ərzində fitnəkar Kreml Azərbaycana qarşı bildiyi və bacardığı bütün pislikləri etdiyindən onun varisini- Rusiyanı da kimin idarə etməsi bizim üçün olduqca vacibdir.
Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk illərində Yeltsin Rusiyası ilə Azərbaycanın münasibətləri  yumşaq desək, qaydasında olmayıb və vaxtaşırı Moskvanın hələ də “böyük qardaş” kimi bizə ağalıq etmək iddiasına düşməsi, bəzi epizodlarda buna nail olması ikitərəfli münasibətlərdə nəzərəçarpacaq ziq-zaqlar, hətta diplomatik qalmaqallar yaradıb. Ancaq Putinin hakimiyyətə gəlişindən sonra etiraf etmək lazımdır ki, Azərbaycan- Rusiya münasibətlərində yeni üfüqlər açıldı və ötənlərdən yığılıb qalmış bir şox problemlər tədricən yoluna qoyulmağa başladı. Əlbəttə, bu heç də o anlama gəlməməlidir ki, ikitərəfli münasibətlərdəki mövcud problemlərin hamısı çözüldü. Unutmaq olmaz ki, Rusiya Azərbaycanın 20 faiz torpağını işğal etmiş bir terrorçu dövlətin- Ermənistanın strateji müttəfiqidir və hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində məhz işğalçının tərəfini saxlamaqdadır. Baxmayaraq ki, həmsədrlik statusu bunu mümkünsüz etməliydi və bu dövlət erməni sevgisinə rəğmən ən azı özünün beynəlxalq imici baxımından mümkün qədər öz neytrallığını qorumalıydı. Görünür, Putin adətən saman altdan su yeritmək siyasəti yürütməyə üstünlük versə də, bu məsələdə imitasiya siyasəti yürüdülməsinin əleyhinə olub və erməniləri açıqdan- açığa dəstəkləməkdə elə də böyük diplomatik qəbahət görməyib. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Putinlə istər Heydər və İlham Əliyevlərin, istərsə də tələbə yoldaşı İlham Rəhimovun çox sıcaq şəxsi münasibətləri var. Bu münasibətlər hətta o dərəcədə yaxındır ki, Putinin ailə üzvləri hər yayı İlham Rəhimovun Bakı çimərliklərindəki dəbdəbəli bağ evində onun ailə üzvləriylə birgə keçirir. Ancaq bütün bu yaxınlıq bəlli səbəblərdən bu günədək Dağlıq Qarabağ münaqişəsinin həllində özünü göstərməyib və gələcəkdə də göstərməsi ehtimalı çox azdır...

 Putinin Medvedevdən estafeti almasından sonrakı dönəmdə, yəni mayın 7- də keçiriləcək inaqurasiya mərasimindən sonra Azərbaycan- Rusiya münasibətlərinin hansı məcrada cərəyan edəcəyi də bu gün haqlı olaraq yerli və beynəlxalq mediada dartışılan mövzulardan biridir. Əksəriyyət bu qənaətdədir ki, şəxsi münasibətlərin ən yüksək səviyyədə olmasına baxmayaraq bir imperialist xarakterli dövlət kimi Rusiya bu münaqişənin həll olunmasını hər vəchlə tormozlamağa çalışacaq, bununla da həm Cənubi Qafqazı nəzarətdə saxlaya biləcək, həm də Qərblə diplomatik sövdələşmə aparmaq üçün manevr etmək şansını əldən verməyəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, artıq dünyada baş verən inqilabi dəyişikliklər Rusiyanı da ağuşuna alıb və hətta istəsə belə, Putin həm “Avrasiya İqtisadi Birliyi” adı altında keçmiş SSRİ- ni bərpa etmək ideyasından vaz keməli olacaq, həm də Rusiyanın öz daxilində ciddi islahatlar aparmağa məcbur olacaq. Əks halda, onun nəinki qarşıdakı 12 ildə, hətta yaxın bir- neçə ildə də prezident kürsüsünü saxlaması şansları sual altına düşə bilər.
 Doğrudur, məhşur amerikalı senator Con Makkeyn bu günlərdə bəyan edib ki, Putinin sayılı günləri qalıb və tezliklə ölkəni bürüyəcək inqilab dalğasına sinə gərə bilməyərək məhv olacaq. Ancaq senatordan fərqli olaraq Barak Obama Putini prezident seçilməsi münasibəti ilə təbrik edib və onunla Vaşinqtonun işləməkdə maraqlı olduğunu dilə gətirib. Əlbəttə, bu heç də o demək deyil ki, Vaşinqton Rusiyada keçirilən prezident seçkilərinin nəticələrindən razıdır. Sadəcə Ağ Evdə anlayırlar ki, onların Putinlə işləməkdən başqa yolları yoxdur və dünyanın indiki təlatümlü vaxtında Rusiyaya qarşı da  bir cəbhə açmaq axmaqlıq olardı. Ancaq heç şübhəsiz, Vaşinqton Putini devirmək və yeni qüvvələrin əliylə Rusiyanı demokratikləşdirmək niyyətindən vaz keçmək fikrində deyil və hər vəchlə meydanlarda, sosial şəbəkələrdə mövcud hakimiyyətə qarşı müqavimət göstərən qüvvələrə aşkar- gizli dəstək verməkdə davam edəcək. Baxmayaraq ki, bu gün Rusiya müxalifəti çox dağınıq vəziyyətdədir və onların Putinə qarşı qoya biləcəkləri ciddi liderləri yoxdur. Görünür elə bu səbəbdəndir ki, Rusiya müxalifəti gözlənilənlərin əksinə olaraq istər paytaxtda, istərsə də Sankt- Peterburq və ya Novosibirsk kimi çoxmilyonlu şəhərlərdə izdihamlı mitinqlər təşkil edə bilmədi. Doğrudur, istər ötən ilin 4 dekabrında Dövlət Dumasına keçirilən seçkilərdə, istərsə də bu ilin martın 4- dəki prezidentlik uğrundakı marafonda Rusiya müxalifəti son 15 ilin ən izdihamlı mitinqlərini keçirdi və sözün həqiqi mənasında Putin- Medvedev duetini bərk qorxuya saldı, bu cütlüyü gələcəyə hesablanmış bir çox siyasi ambisiyalarını öz qəlblərində dəfn etməyə vadar etdi. Ancaq etiraf etmək lazımdır ki, bu cür mitinqlərlə Rusiya kimi nəhəng bir ölkədə hakimiyyəti asanlıqla ələ keçirməyi düşünmək ancaq siyasətdən anlıayışı olmayanların ağlına gələ bilər. Təsadüfi deyil ki, martın 10- da müxalifətin paytaxt Moskvada keçirdiyi mitinqə əvvəlcədən iddia olunduğu kimi 50 min deyil, vur- tut 20- 25 min insanın cəlb edilməsinə nail olundu ki, bununla da Putin kimi hiyləgər və dövlətçilik təcrübəsini yetərincə mənimsəmiş bir siyasi xadimə təzyiq göstərmək, onu güzəştlərə sövq etmək mümkün deyil.

Doğrudur, müxalifət asanlıqla təslim olmaq fikrində deyil və mayın 7- də, yəni Putinin inaqurasiya mərasimi keçiriləcəyi gün “milyonların marşı” adlı mitinq təyin olunub. Ancaq çətin ki, müxalifət bu sayda insanı meydanlara çıxarmağa müvəffəq ola. Bu həqiqəti Qərbdə də diqqətlə analiz edərək başa düşürlər və az qala dünyanın yarısının bu ölkədən enerji asılılığında olduğu bir vaxtda Kremli qıcıqlandırmağın hansı fəsadlara səbəb olacağını hesablayırlar. Odur ki, bəzi analitiklərin proqnozlarının əksinə olaraq iddia edə bilərik ki, Putin ən azı yaxın bir neçə ildə Rusiyaya rəhbərlik edəcək. Onun hakimiyyətinin sponrakı taleyi isə dünyada baş verən dəyişikliklərdən və aparacağı islahatlardan çox asılı olacaq. Əgər o əvvəlki kimi zora arxalanaraq Rusiyanı dəyənəyin gücüylə idarə etməyə davam etsə, ehtimal etmək olar ki, doğrudan da Con Makkeyn iddia etdiyi kimi, onun sayılı günləri qalıb. Yox, əgər dünyada baş verən dəyişikliklərin nəbzini tutaraq buna adekvat islahatlar apara bilsə, onun qarşıdakı 12 ildə Rusiyanı idarə edəcəyinə kimsə şübhə etməməlidir. Ancaq bir məqamı da unutmamaq lazımdır.  Tarixin təcrübəsi dəfələrlə sübut edib ki, müəyyən dönəmlərdə dünyanın nizamını dəyişən siyasi kataklizmlər insan iradəsindən kənarda baş verir və bu sunami nəinki ən mahir siyasi xadimlərin planlarını alt- üst edir, hətta onalrın özlərini səhnədən silib aparır. Odur ki, sabah və ya o biri gün Rusiyada nələrin baş verə biləcəyini və Putinin bunların öhdəsindən gəlib- gəlməyəcəyini proqnozlaşdırmaq bir qədər yersiz görünür. Bizlərəsə gözləməkdən başqa bir şey qalmır...

Zülfüqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu