Modern.az

Milli Dram Teatrının direktoru: "Ölkədə rejissor qıtlığı yaranıb"

Milli Dram Teatrının direktoru: "Ölkədə rejissor qıtlığı yaranıb"

13 Mart 2012, 13:32

”İndi isə biz rejissor potensialımızla öyünə bilmirik. Bu gün bizdə həllini gözləyən problemlərdən biri rejissura məsələsidir. Eləcə də, bir neçə müəllifi çıxmaq şərtilə ölkədə dramaturgiya qıtlığı var”. Modern.az-ın məlumatına görə, bunu hakim partiyanın saytına müsahibəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib.

”Ölkəmizdə fəaliyyət göstərən 27 teatrın hər biri yeni tamaşa ortaya qoymaq istəsə, bizə 27 müasir mövzulu pyes lazımdır. Amma bu yoxdur. Aktyor yaradıcılığına gəlincə, bilirsiniz ki, istedadlı olmaq Allah vergisidir. Biz plan qoya bilmərik ki, Mədəniyyət və İncəsənət Universiteti hər il 20 istedadlı aktyor yetişdirsin. Yəni bu məsələ sərəncamla, tapşırıqla alınan iş deyil. Demək istəyirəm ki, universitetə daxil olan tələbələrdən yalnız bir neçə nəfəri istedad səviyyəsinə görə qaneedici olur. Bu mənada kadr problemi hələ də qalmaqdadır. Amma biz gələcəyə nikbinliklə baxırıq”-deyə İ.İsrafilov qeyd edib.

Onun sözlərinə görə, hazırda teatrlar yeni inkişaf mərhələsinə qədəm qoyub. Amma burada nəsillərin dəyişməsi prosesi qaçılmazdır və bunu təbii qəbul etmək lazımdır.

“Çünki bütün dövrlərdə bu proses baş verib. Yəni teatrda yeni rejisssor, aktyor, o cümlədən tamaşaçı nəsli formalaşır. Amma iş burasındadır ki, cəmiyyətin qapalılığı birdəfəlik yox olub, cəmiyyət dünyaya açılıb. Yeni nəslin teatrlardan estetik tələbi əvvəlki nəsillərlə müqayisədə fərqlidir. Əlbəttə ki, teatr yeni nəslin çağırışlarına cavab verməli və özünün repertuar siyasətini bu tələbləri nəzərə almaqla qurmalıdır. Bu gün biz istəsək də-istəməsək də Avropa mədəni dəyərləri ilə uzlaşan mədəni proses yaşamalıyıq. Çünki sənət adamları olaraq eyni üslublarla, janrlarla işləyirik.

Kadr məsələsinə gəlincə, biz təkcə neçə-neçə parlaq istedadlar olan rejissorlarımızın mövcudluğu ilə öyünə bilmərik. Məsələn, Azərbaycan teatrında Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları olub. Onlar görkəmli sənətkarlar idilər”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?