Modern.az

Yeni köçkün şəhərciyində köhnə problemlər

Yeni köçkün şəhərciyində köhnə problemlər

Reportaj

30 Dekabr 2009, 13:00

Bir müddət öncə Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksi istifadəyə verildi. Ümumi ərazisi 3 hektar olan bu şəhərcik hər biri 63 mənzilli 9 mərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yerlik məktəb binasından ibarətdir.  Yaşayış binalarındakı mənzillərin 81-i bir, 180-si iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.
Modern.az-ın əməkdaşı yaşayış kompleksində olaraq yeni mənzillərdə yerləşdirilən köçkünlərin təəssüratlarını öyrənib.
İlk qapısını açdığımız mənzil doqquzmərtəbəli binalardakı evlərdən biri oldu. Ev sahibəsi Mahizər adlı köçkün bizi gülərüzlə qarşılayıb içəri dəvət etdi.  Hal-əhvaldan sonra məcburi köçkün qadından yeni yaşayış yerində özlərini necə hiss etdiklərini soruşduq. Belə bir yaşayış komleksinə köçürüldüklərinə görə razılıq etdi, amma şikayəti də oldu: “Binalar qaz xətləri ilə təchiz edilsə də, mənzillərə mavi yanacaq verilmir. Qışın soyuğunda qazı buraxmırlar. İşıq da çox zəifdir. Otaqları qızdıra bilmirik”. Mahizər xalagil ailədə 3 nəfərdilər, birotaqlı mənzildə yerləşdiriliblər. “17 ildir çox ağır şəraitdə yaşayırdıq. Bura köşməyimizə çox sevinirik. Ancaq nə qədər yaxşı şərait olsa da, Füzuli torpağının yerini verə bilməz”.
Qonşularla da söhbətləşdik. Hamının istəyi mənzillərə qaz verilməsi, istilik sisteminin işə salınması idi.
Şamama adlı yaşlı qadın isə qonşuları naşükür olmamağa çağıraraq, dedi ki, dözməlidilər, qaz, istilik problemi də tədricən həll olunacaq: “Bizim üçün yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarıq. Şəxsən mənim heç bir şeydən narazılığım yoxdur”.
Doqquzmərtəbəli binanı gəzərkən məlum oldu ki, lift də işləmir. Sakinlər aidiyyatı qurumları bu promlemi həll etməyə çağırdılar: “Əksəriyyətimiz 16 ildi rütubətli-nəmişli yerlərdə yaşamaqdan xəstə düşmüşük, sümüklərimizə revmatizm çöküb. 7, 8, 9-cu mərtəbələrə qalxıb-düşmək çətindir. Biz bura yerləşdiriblər sağ olsunlar, amma lifti də işə salsalar, yaxşı olar”.

Qonşu binda yaşayan Qəzənfər dayı, Ceyran nənə də yeni mənzilindən razılıq etdi, amma dedilər ki, insafa gəlib ya qazı, ya da istilik sistemini işə salsınlar, soyuqdan ölürlər.

Yaşayış kompleksində yerləşdirilənlər əsasən Səttarxan adına zavodun ərazisindən köçürülən Qubadlı, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl köçkünləridir.

Şəhərciyi tərk edəndən sonra “Dövlətqaçqınkom”un nümayəndəsi Sənan Hüseynovla əlaqə saxladıq. Köçkünlərin qaz, istiliklə bağlı şikayətlərini onun diqqətinə çatdırdıq.
S.Hüseynov bildirdi ki, yeni şəhərciyin sakinlərinin mavi yanacaq problemi tezliklə həllini tapacaq: “Hazırda qaz xətləri yoxlanılır. Yeni ilə kimi bütün mənzillərə qaz veriləcək”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub