“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə işlərə yaxın vaxtlarda başlanacaq. Layihə üzrə keçirilmiş tenderin qalibi Almaniyanın “BİOWORKS” və yerli “TTŞ İnşaat” MMC şirkətlərindən ibarət konsorsium olub. Martın 13-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Konsorsium arasında tikinti üzrə podrat müqaviləsi imzalanıb.
“Azərsu”dan Modern.az-a bildirilib ki, müqaviləyə əsasən, Şamaxı şəhərində Çirkab Sutəmizləyici Qurğu tikiləcək. Şamaxı şəhərinin məişət-çirkab suları bioloji-davamlı aerasiyalı aktivləşdirilmiş lil sistemindən ibarət bu qurğuda təmizlənəcək. Çirkab Sutəmizləyici Qurğu ATV-131 standartları əsasında işləyəcək. Məhsuldarlığı sutkada 9,5 min kubmetr olan qurğu təqribən 50 min nəfər əhaliyə xidmət edəcəkdir. Çirkab Sutəmizləyici Qurğunun tikintisinin 18 aya başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən qurulması nəzərdə tutulur.