Modern.az

Orta məktəblərdə yerli və məcburi köçkün şagirdlərin münasibətləri öyrənilir

Orta məktəblərdə yerli və məcburi köçkün şagirdlərin münasibətləri öyrənilir

29 Dekabr 2009, 12:58

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsinin ilkin mərhələsinə yekun vurub. BAMF-dan Modern.az-a bildirilib ki, Dünya Bankı və Yaponiyanın Sosial İnkişaf Fondunun maliyyə vəsaiti ilə həyata keçirilən layihənin sifarişçi təşkilatı Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, inzibati təşkilatı Azərbaycan İcma İnkişafı,  Araşdırmalar, Təlim və Resurs Mərkəzidir. 2009-2011-ci illərdə həyata keçiriləcək layihənin məqsədi ortaq məktəblərdə yarana biləcək sosial gərginliyi doğuran səbəblərin aradan qaldırılması istiqamətində iş aparmaqdan ibarətdir. Layihənin icrası prosesində məcburi köçkün və yerli şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ortaq məktəblər kiçik həcmli əməkdaşlıq qrantları ilə təmin ediləcəkdir. 

Birinci yarımildə Bakı şəhəri və Abşeron rayonu üzrə 10 ortaq məktəbdə iş aparılıb, 9 ortaq məktəbdən hazırlanan 10 kiçik həcmli qrant layihəsi qiymətləndirmə komissiyası tərəfindən qalib elan olunub, onlardan 5-i artıq icra edilib.

 

Yeni tədris ilində isə Bakı və Sumqayıt şəhərlərində yerləşən 13 ortaq məktəblə iş aparılıb. Bu məktəblərə səfərlər zamanı şagird və müəllim kollektivi ilə görüşlər keçirilib, onlara layihənin məqsəd və vəzifələri geniş izah edilib. Hər ortaq məktəbdə yerli və məcburi şagirdlərdən ibarət  şagird icma fəaliyyət qrupları yaradılıb, onlara əməkdaşlıq qrantları üzrə layihə təkliflərinin hazırlanmasına dair təlimlər keçilib. Şagirdlərə qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması yolları izah olunub, onların irəli sürdükləri layihə mövzuları müzakirə olunub.

 

Qeyd edək ki, BAMF-ın həyata keçirdiyi layihə yerli və məcburi köçkün şagirdlərin birgə təhsil aldığı 35 ortaq məktəbi əhatə edəcək. Layihə çərçivəsində bu məktəblərdə əlaqələrin inkişaf etməsinə təkan verə biləcək bir sıra tədbirlərin – idman yarışlarının, müxtəlif  ədəbi-bədii gecələrin, inşa yazıları müsabiqələrin, əlamətdar günlərlə əlaqədar birgə tədbirlərin təşkili də nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir