Modern.az

Müdir

Müdir

17 Mart 2012, 12:44

(Felyeton)

Şəkəralının aqibəti yaman yer eləmişdi Səlimə. Bircə bu Şəkəralı məsələsi olmasaydı... Səlim tez-tez müdirin günlərlə boş qalan kabinetinə keçirdi. Ətrafda kimsə olmayanda kresloya yayxanırdı. Selektri götürüb-qoyur, birdən selektrin səsinin otağı bürüyəcəyindən ehtiyatlanıb özünü itirirdi. Amma selektrin düyməsini basmaq istəyindən də vaz keçə bilmirdi. Bir dəfə düyməni basandan sonra aparatı dayandırmağın yolunu-yöndəmini tapa bilməmişdi. Selektrin bütün otaqlar boyu ətrafa yayılan qorxunc səsindən vahimələnmiş, əlinə bir şey gəlməyəndə yalnız işıqları sayğacdan yerli-dibli söndürməklə birtəhər vəziyyətdən çıxmışdı. Sonralar bu “səhfini” iş yoldaşları görməsin deyə, daha təkrarlamamış, yalnız hamının istirahətdə olduğu günlərdə gəlib boş idarədə selektr üzərində “məşqləri” davam etdirmişdi. Hətta düyməni basıb kiməsə əmr verirmiş kimi öz-özünə, təkbaşına danışmışdı da...   

Əmr vermək, insanları cəzalandırmaq, onlara zülm eləmək, gücü çatanın “başında qoz sındırmaq”, güclü və görəvlilərin qarşısındasa yerli-yersiz hırıldamaq, onlara yalmanmaq hələ uşaqlıqdan böyük arzusu idi. O vaxtlar bunlara nail olmağa daha həvəslə can atardı. O vaxtlar Şəkəralının aqibətindən də xəbərsiz idi. Hətta kimliyindən də...

Arabir Şəkəralının aqibətini unudub Sovet dönəminin xiffətini çəkirdi. Daha doğrusu, həmin çağlardakı tərəvəz, pambıq briqadirlərinin işçilərə  əzab vermələrini, ferma müdirlərinin tabeliklərində olan çobanlardan “hər yüz qoyundan 110 bala aldırmayana” qədər sakitləşmədiklərini xatırlayıb həmin illərdə yaşının kiçik olmasından acı təəssüf hissi keçirirdi.

...Dəmir intizam tərəfdarı idi. Təbii ki, sözdə. Dəmir intizamın arxasında gizlənməyi özünün şakərinə çevirmişdi. Bu yolla hamını aldada bilirdi. Yuxarıdan aşağıya. Hər yerdə özgələrindən danışırdı öz “əməllərini” ört-basdır eləmək üçün. Amma özgələrinin yaxşı işlərini gizlətməyə çalışır, onların işıqlı ideyalarının yaddaşlardan belə silinməsi üçün xüsusi “fədakarlıq” göstərirdi. İstedadlı gənc görəndə başında tükləri biz-biz dururdu. Onu məhv etmək üçün şeytanın da ağlına gəlməyən bütün vasitələrdən istifadə edirdi. Gecə-gündüz plan cızaraq “gözdənsalma” kampaniyası aparırdı. Bəd niyyətinin puça çıxdığını görəndə isə gəncin qarşısında alçalmaqla özünü qayğıkeş kimi göstərmək istəyirdi. Amma yenə də imkan düşən kimi hamını keçi qiymətinə satırdı Səlim. Uf demədən. Belə məqamlarda Şəkəralının aqibətini də yaddan çıxarırdı.

Müdirlik həsrətilə alışıb-yanan Səlimə bir neçə dəfə anlatmışdılar ki, müdirlik yalnız gəlişi gözəl səslənən görəv deyil. Müdirlik həm də məsuliyyət və ağsaqqallıqdır. Məsuliyyət daha çox qazanmaq, başqalarının məhvi hesabına qamarlamaqdan ibarət ola bilməz.

Ağsaqqallıq isə... Ağsaqqalın tərəzisi düz çəkməlidi. “Hamı işləsin, amma bütün qazanclar mənim cibimə axsın” xisləti ilə yaşayandan nə ağsaqqal!.. Ağsaqqal gərək təkcə öz qayğıları ilə yaşamasın, başqalarını, iş yoldaşlarını, el-obanı – hamını düşünə bilsin. Hətta özündən qabaq. Yalnız öz cibini doldurandan, evinə bir tikə çörək aparmaq istəyənin qarşısına sədd çəkəndən, zəmanəsinin ən müqəddəs ruhlu insanına, ona çörək, vəzifə verənlərə uf demədən yalan satandan, doğma xalqının tarixi qayğılarından belə öz şəxsi – çirkin məqsədlərini çözmək üçün istifadə edəndən ağsaqqal olmaz axı! Həyatın qanunauyğunluğu tələb eləyir bunu...

...Müxtəlif “vasitələrlə” nail olduğu pullu günlərində harınlamış digər canlılar kimi aparırdı özünü. Heç kimə məhəl qoymurdu. Hamıya sataşır, sətiraltı mənaları ilə xüsusi seçilən ironik-sarkazm dolu ifadələri böyük-kiçik hamının ünvanına işlədirdi. Səlimin bu sətiraltı ifadələrini yaxşı başa düşsələr də, üzünə vurmurdular. Qeyri-ciddi adam hesab edirdilər onu. O isə hamını qanmaz yerinə qoyduğunu zənn edərək öz eybəcər davranışlarını, saxta irişmələrini, mənasız, aldadıcı gülüşlərini davam etdirirdi.

Əslində dəfələrlə yerində otuzdurmuşdular Səlimi. Yerini göstərmişdilər ona. Səliminsə gözü kresloda qalmışdı. Gecələr yuxusuna da girirdi kreslo. Qəribədir ki, oturaq həyatı da bir o qədər sevmirdi Səlim. Onu kresloya sahib olmaqdan çox, insanlara zülm etmək, onlarla məzələnmək, onları özünə tabe etməklə daim aşağılamaq kimi “niyyətlərə” çatmaq istəyi daha çox maraqlandırırdı. Eynən üzünü belə görmədiyi, məşhur 37-ci illərdəki ruhən birləşdiyi Şəkəralı kimi...

...30-cu illərdə Qərb bölgəsində yaşamış Şəkəralı Səlimdən bir qədər qoçaq çıxıbmış. Bəlkə də taleyi elə gətirib. O dövrdə savadlı adam qıtlığı səbəbindən... Əlqərəz, Şəkəralının başına humay quşu qonur. Onu gətirib kolxoz sədri kürsüsündə otuzdururlar. Vəzifəni qəbul edən günün səhərisi Şəkəralı eyforik dərəcədə harınlayır. Söz verir ki, kənddə bir nəfər də başıpapaqlı qoymayacaq.

...Repressiya illəri... Şəkəralı da hökumətin inanılmış kadrı. Barmağını kimə tuşlayırsa, insafsız hökumət üzvləri sorğu-sualsız tutub basırlar dama. Ardınca da hökm: “Rasstrel”. Əslində insanlarda xof yaratmaq üçün öz öyrədilmiş kadrları olan Şəkəralının sözlərini göyərdirmiş hökumət işçiləri. Deyilənə görə, Şəkəralı kənd adamlarını qorxudub hətta at-eşşək əvəzi onlardan bəzilərinin belinə belə minirmiş tarlaya gedəndə...

Ancaq kənd başıpapaqlılarının axırına çıxmağa Allah ona imkan vermir. Sonuncu bir neçə kişini də tutdurmaq istəyəndə qəfildən xəstələnir və cəmisi iki günün içərisində gəbərir. Ölməmişdən əvvəl öz qazandığı sonluğu təxmin edir və övladlarına onu kəndin ümumi qəbristanlığında deyil, elə həyətinin bir küncündə basdırmalarını tapşırır. Vəsiyyətə əməl edirlər...

...Şəkəralının dəfninin ertəsi günü kənd səhəri dəhşətli bir mənzərə ilə açır. Sən demə, Şəkəralı zülmündən qurtulan sağ qalmış kənd kişiləri bu zülmün bədəlini ödətdirmək qərarına gəlirlər. Sözü bir yerə qoyub gecə ilə onun meyitini qəbirdən çıxarırlar. Şəkəralını öz həyətinin tən ortasında otuzdururlar.  Ayıb yerini də ağzına bərk-bərk tıxamış vəziyyətdə. Yalnız bundan sonra ətraf kəndlərin ağsaqqalları yığışıb təhqir olunmuş meyiti kənd qəbristanlığında basdırırlar...

...Səlim də özünün belə bir sonluğu yaşayacağını düşündükcə bədəninə üşütmə gəlirdi. Ancaq harınlama məqamlarında yenidən gözünü qan örtür, müdir keçən kimi işgəncə aparatını işə salacağı günlərin yaxınlaşması “arzusu” ilə yaşayırdı. Günlərsə bir-birini əvəz edir, Səlimi müdhiş arzularının burulğanında qocaldırdı.

Şəkəralı aqibəti ilə bağlı fikirləri başından qovmağa daha çox aludə olduğundan onu gözləyən başqa bir səddin - “Allah dəvəyə qanad verməyib” ifadəsini də yarıb keçməyin müşküllüyünü tamam unutmuşdu Səlim...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir