Modern.az

“Şirvan şikəstəsi”, Nəsimi, Aşıq Şakir və Alim Qasımovun harayı

“Şirvan şikəstəsi”, Nəsimi, Aşıq Şakir və Alim Qasımovun harayı

Mədəni̇yyət

27 Mart 2012, 10:17

Aida Eyvazlı

Nə  bu gündü, nə dünəndi.... Əbədiyyatdı... Hər zaman olub, hər zaman  eşitmişəm,  9 ay ana bətnində, beşiyimin başında nənəmin və anamın laylalarında, atamın  kefinin  saz vaxtında zəngulə vurub sevincinə ovqat qatdığı vaxtlarda.... Təkçə mən yox  ki, ulu nənələrim, babalarım da, elə Nəsimi babam da... Hamısı bu havadan havalanıblar. Şirvanlılar  Şirvanın  firavan və ağır günlərində başlarına gələnlərə , “içərisindən  qəm ilməli əriş-arxac dağlar keçdiyi” vaxtlarda belə etiraz etməyi baçarıblar - “Şirvan şikəstəsi”, “Döymə Kərəmi”, balaban, sazla... Azərbaycanda ilk dövlət quran Şeyx İbrahimxəlilin sahibgiran  Fateh Teymurun  ayağqına  qul kimi getdiyi vaxtlarda çalınıb “Şirvan şikəstəsi”, “Döymə kərəmi”. “Rəiyyətimi qul etməzdən əvvəl, özüm bir qulam” - deyən Şeyx İbrahimxəlil, ağlı və diplomatiyası ilə xalqını bəladan qurtarıb. Sonra İpək yolunun üstündə olan Şirvanın  mədəniyyət və ədəbiyyatı ilə mat qoyub Fateh Teymuru. Nəsimiyə heyran olub. Saray şairi etmək istəyib, baş əyərdimi Nəsimi, əsla. O, ancaq  böyük Allahın qarşısında baş əyirdi.  Deyirlər ki, Şah Xəndan qardaşı Nəsiminı nə qədər çalışsa da, Şirvanda saxlaya bilməyib.  Dövrana, quruluşa, şaha  etiraz  edən  Nəsimi gedib, vətəni tərk edib. Bəlkə elə Şah Xəndanın sevdiyi  saray havası  “Şirvan şikəstəsi ” elə o vaxt yaranıb.  Nəsimi unudulardımı?!  Nəsimi sevənlər, şeirlərini ağızdan-ağıza  Quran ayələri kimi ötürənlər, bu yerlərdə sonralar yurd salan  ərəblər də Nəsimi gedəndən sonra deyiblər ki:

Mən aşıq Ərzuruma,
Yol gedir Ərzuruma,
Dəvəsi ölmüş ərəbik,
Dözürük hər zuluma

... Sonra bu səslər, bu nalələr göyə yüksəldi, buludları yarıb getdi, yaddaşlardan silinmədi, qayıtdı gəldi yer üzünə Aşıq Şakir Hacıyevin ifasında  yeni bir həyat, yeni bir nazənilik gəldi “Şirvan şikəstəsi”nə, “Döymə kərəmi”yə.  Artıq  kosmosu fəth edənlər, göyün 7-ci qatında  yerdəki musiqiləri eşitdiklərini isbat ediblər.  Şakiri də elə anasının bətnində havalandırmışdı bu musiqi.   1922-ci il 25 yanvarda Ağsunun Xəlilli kəndində  tanrı bir azərbaycanlı ailəsinə pay verdi onu.  Laylaları “Şirvan şikəstəsi”, “Döymə kərəmi” üstündə oldu. Böyüdü el atası oldu,  şənliklərin padşahı oldu, gözəlliyi, qəd-qaməti, tərbiyəsi, ədəbi, gözəl söz deməyi ilə, göylərin yeddi qatından gələn çənnət səsi ilə hər avazında havalandırdı hər kəsi.... Sazı bir dastan, özü bir dastan, meydana girəndə meydan sulamağı da bir toy idi. Toy içində toy yaradırdı Aşıq Şakir. Elə  bu havalarla, bu toyları ilə də sovetlər birliyində Moskvada  “Qırmızı Kremldə” “Kremldə doğan Günəş, şəfəq yayır səhər səhər” deyəndə də Sütünlü sarayı ayağa qaldırıb alqışlara qərq elədi. Bir aşıq musiqisilə zurna, balaban, sazın sədaları altında dilimizi bilməyənlərin ürəyinə Azərbaycan şəfəqi saçdı. Hər aşığın bir dövranı var. Şakir də dövranını sürdü,  zalım fələk tez apardı bu Şirvan bülbülünü. Bir qış günü dünyaya gəlib ürəklərə bahar gətirən Şakirin, bir bahar günündə köç etməsi nə yaman üşütdü sevənlərini. Ondan sonra  Şair Aşıq Əhməd Şakiri harda axtardısa, tapa bilmədi. Hər sözü fəlsəfə, hər sətrində 7 məna olan şair Aşıq Əhməd dostunu  tapmayanda, yoxluğuna  bir ağı yazdı:


Şakir əcəl səni məndən ayırdı, 
De hansı diyarda taparam səni,
Ovda gəzdiyimiz şehli çəməndə,
Turaclı bağlarda taparam səni.

De, hara gedirsən bu bahar çağı,
Getmə sənsiz qalar Şakir oylağı.
Gəzib həsrətinlə aranı-dağı,
Ağır yığnaqlarda taparam səni.

A qardaş bu susmaq sənə yaraşmaz,
Dur, qurbanın olum, çal-oxu bir az.
Bir əlində qələm bir əlində saz,
Gəzib hər diyarda taparam səni.

A qardaş,  çanımda nə qədər can var,
Dilim Şakir deyər, gözlərim ağlar.
Həsrətinlə gəzib diyarbədiyar,
Çiçəkli dağlarda taparam səni.

Əhməd deyər nədir bu qara xəbər,
Dolanır kəndbəkənd, şəhərbəşəhər.
B
u diri dünyada görməsəm əgər,
Girib daş məzarda taparam səni.

Özü gedib səsi qaldı, könüllərdə sözü qaldı bu xalq aşığı ilə xalq şairinin.  “Şirvan ki, var əzəl gündən ülviyyətin anasıdır” – deyə yazmışdı Əfzələddin Xaqani. Ülviyyətin anasının sinəsindən süd əmən şirvanlıların sırasında Alim Qasımov, Əvəzxan Xankişiyev, Zabit Nəbizadə, Abgül Mirzəliyev, Mirələm Mirələmov da bir yenilik, bir təravət gətirdilər “Şirvan şikəstəsinə”, “Döymə kərəmi”yə. Geniş səs diapozonuna, improvizə məharətinə malik olan bu xalq sənətçləri “Şirvan şikəstəsi”nə yeni çalarlar, yeni zəngulələr, vursalar da böyük Şakirin yolunu saxladılar. 
“Şirvan şikəstəsi” Yer üzündən küsənlərin haqqa harayıdır, şikayətidir. Yolu gör hardan gəlir, yaşını saymaq olmur. Dünya nə vaxt ədalətli olub ki? Nə qədər ki, “Şirvan şikəstəsi” onu eşidənləri havalandıracaq, dilləndirəcək, o qədər də ehtiram qazanacaq.  Bir təsadüfə baxın, Aşıq Şakirin  sünbüllü, sədəfli sazı ilə Kremldə səslənən “Şirvan şikəstəsi” indi də YUNESKO-da səslənir. Dünyalarca məşhur sənətkar Alim Qasımov hara  gedirsə, “Şirvan şikəstəsi”, “Döymə kərəmi” üstündə etdiyi improvizasiyalar, böyük  musiqi zallarını tirədir, alqışlarla müşayiət olunur.  Elə YUNESKO-da verilən konsertində də Alim Qasımov dərddən oxuyur. “Şirvan şikəstəsi”ni dərd dilləndirməsə elə səslənməz axı:

“Əzizinəm arxa haray,
Su gəlir arxa haray,
Q
ərib igid yad ölkədə
Çağırır arxa, haray” – deyə zənguləsi ilə salonu coşdurur.

Sonunu da belə bitirir:

“Dərdimiz çoxdur pərvərdigar,
Çarəsi yoxdur, bəlkə də var.
Ymid sənə ey yaradan,
Gəl qurtar bizi bu bəladan.
Nə qədər çəkəcək bu zülm, bu əzab,
Kimsə versin bizə bir cavab.
Yoxdursa qarşında günahımız,
Gəl qurtar bizi Allahımız...
Neynək, neynək ay dərdün aldığım...”

Onun naləsi ilə, səsi ilə  sözünü başa düşməyənlər  qərib bir ölkədə  ya səsinə, ya dərdinə əl çalırlar. Alim isə “Şirvan şikəstəsi” ilə haray çəkir. Bu haray isə üzü Nəsimi babamdan bəri gələn zəmanəyə etirazdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir