Modern.az

“Bizə “Avroviziya” lazım deyil!” deyənlər düşünsünlər

“Bizə “Avroviziya” lazım deyil!” deyənlər düşünsünlər

Mədəni̇yyət

27 Mart 2012, 12:22

Ötən il Almaniyada keçirilən “Avroviziya” mahnı yarışmasında Azərbaycanlı cütlüyün qalib gəlməsindən sonra yaşanan həyəcanlar heç yaddan çıxası deyil. Yadımdadır, ölkəmizin xalqı iqtidarlı-müxalifətli bir olaraq bu qələbədən duyduğu sevinci bütün dünya ilə paylaşmaq üçün əlindən gələni edirdi. Düzdür, az sayda da olsa bəzi şəxslər vardı ki, bir qədər fərqli və tərs mövqe tutmuşdular. Ancaq onların sayı o qədər az, səsləri o qədər zəif idi ki, həmin vurhavurda kimsəyə özlərini duyura bilmədilər.

İndi də “Avroviziya” ehtirasları coşmaqdadır. Artıq həmin möhtəşəm yarışmanın Bakıda tarix olmasına iki aydan da az vaxt qalır. Təbii ki, zaman daraldıqca Azərbaycanın düşmənləri əllərindən gələni edir ki, bu olacağı geri çevirsinlər. Həm də bu iş üçün siyasi şüarlarla çıxış etməkdədirlər. Lakin görünən və anlaşılan odur ki, “Avroviziya” yönətimi də, Azərbaycanda bu işə sorumlu olanlar da əllərindən gələni edir ki, yarışma siyasi çalarlardan arınsın və sırf musiqi yarışması kimi tarixi missiyasını yerinə yetirsin.

Biz də bu yarışmanın siyasi iddialara alət edilməsinin tərəfdarı deyilik. Biz də anlayırıq ki, Azərbaycanda insan haqları, demokratiya, söz və mətbuat azadlığı məsələlərində, bəzən də ciddi sayıla biləcək problemlər var. Biz də həmin problemlərin ən yüksək səviyyədə birdəfəlik həllini arzu edirik və bunun üçün səsimizi onların həllinə çalışanların səsinə qatmaqdan heç vaxt çəkinmədik. Bununla belə, səsini Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı yarışmasını uydurma iddialara söykənərək boykot yolu tutmuş ermənilərin səsinə qatanlarla bir səfdə yer tuta bilməyəcəyimizi də bəyan etmək istərdik.

Ermənilər iddia edir ki, Azərbaycana gəlib bu yarışmada iştirak etmək onların həyatı üçün təhlükəlidir. Bizsə anlayırıq ki, bir vaxtlar İrəvanda keçirilən bir idman yarışında Azərbaycanlı yarışmaçının çempion adı qazanaraq bayrağımızı yüksəltməsi qarşılığında Azərbaycanda keçirilən idman yarışlarında ermənilərin bunu edə bilməyərək rəzil duruma düşməsi hələ də onları rahatsız etməkdədir ki, bir daha ölkəmizdə keçirilən heç bir yarışmaya qatılmaq istəmirlər. Yəni can güvənliyi məsələsi bəhanədir. Onların sindirə bilmədiyi şey bu qədər mötəbər bir tədbirin Azərbaycanda keçirilməsidir.

Ermənilərin bu yanaşması adamda sadəcə ikrah hissi doğurmaqdan başqa bir işə yaramadığı üçün üzərindən keçmək də olar. Ancaq Azərbaycanlı olub, sırf iqtidara müxalif olduqları üçün bu yarışmanın baş tutmaması üçün çalışanların üzərindən elə-belə keçmək olmaz. Yuxarıda da qeyd etdik ki, ölkədə bir çox həlli vacib problemlər var. İndi nə edək, özümüzü həmin problemlərin həlli naminə dünyadan təcridmi edək? Biz demirik ki, problemlər yoxdur, yaxud onların aradan qaldırılması vacib deyil. Biz deyirik ki, həmin problemlərin varlığı birilərinin Azərbaycana (məhz Azərbaycana, sadəcə hakimiyyət başında olanlara deyil!) çox böyük fayda gətirəcək bu yarışmanı əngəlləmə çabalarına haqq qazandırmır!

Azərbaycanda insan haqları problemlərini bəhanə edərək “Avroviziya” mahnı yarışmasını boykota çağıranların məntiqi Azərbaycan hakimiyyətinin bəzi yüksək rütbəli məmurlarının Ermənistanın torpaqlarımızı işğal altında tutması üzündən insan haqları problemlərini göz ardı etməsindən heç də fərqli bir şey deyil! Müxalif dostlar, mən bir siyasi tərəfsiz və ictimai fəal vətəndaş olaraq sizin bu yanaşmanızı iqtidarın qeyd etdiyim yanaşması qədər zərərli hesab edirəm. Gəlin, siyasi iddialarımızdan şəxsi mənafe və özəl iddialarımız naminə istifadə etməyək. Siyasət mücadilə başqa, mahnı yarışması kimi siyasətə heç dəxli olmayan bir yarışma başqa.

Və sonda, “Bizə “Avroviziya” lazım deyil!” deyən dostlarımız bir daha düşünsünlər. Düşünsünlər ki, bununla Azərbaycana nə qədər zərər vura bilərlər.

Sözardı: Mövzuya dəxli olmasa da qeyd etməliyik ki, ingiliscə “Eurovision” kimi yazılan bu söz Azərbaycan türkcəsində “Avroviziya” kimi yazılmalı və ifadə edilməlidir. “Avrovijn”, “Yevrovijn” “Yurovijn” kimi deyimlər Azərbaycanın dil qaydalarına tərs düşməklə ciddi yanlışlıq örnəyidir. Bu tip sözlər üçün qullandığımız qəlib məhz “Avroviziya” formasının doğru olduğunu isbatlamaqdadır. “Television” – “Televiziya” örnəyində olduğu kimi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir