Modern.az

Bu dəfə “şinel”dən bəla çıxıb

Bu dəfə “şinel”dən bəla çıxıb

27 Mart 2012, 15:35

“İdman Azərbaycan”da öküz buğa yerinə sırınır

“İdman Azərbaycan” Azərbaycan teleməkanında idmanın təbliği nöqteyi-nəzərdən millətə lazım olan kanallardan biridir. Hamımız burada yayımlanan canlı-cansız verilişlərə böyük həvəslə baxırıq. Ancaq...

Bir də görürsən, verilişin şirin yerində şərhçi elə dil xətalarına yol verir ki, oyundan aldığın ləzzət ağı-zəhrimara dönür. Çünki reportajın şərhi elə adama tapşırılır ki, onun şərh etdiyi idman növündən elementar anlayışı belə olmur. Məlumdur ki, futbol oyunu zamanı komandalar bir-birinin qapısına top vurmaq üçün mübarizə aparırlar. Qapı isə yan dirəklərdən və bu dirəkləri birləşdirən tirdən ibarətdir. Bəzən futbolçu qapıya qol vurmaq istərkən top tirə dəyib geri qayıdır. Şərhçi isə bu həyəcanlı anda haray salıb deyir ki, top dirəyə dəydi. Yəni o, yanlışlığa yol verib tirə dirək deyir. Hər iki söz sırf türk sözüdür və yaranma tarixi çox qədimlərə gedib çıxır. Keçmişdə insanlar yaşayış üçün ev (dam) tikərkən tikilinin ön və arxa tərəfində ucu haça iki dirək basdırar və uzun, düz bir ağacı üstünə aşırıb bərkidərdilər. Həmin ağac tir adlanırdı. Tiri üzərində saxlayan “dirək” sözünün kökü də “tir”ə bağlıdır. Ayrı-ayrı türk dil qövmlərində sözün əvvəlində gələn “t” və “d” samitlərinin bir-birini əvəzlədiyi hər kəsə bəllidir. Məsələn, biz “daş”, “dan” deyirik, Türkiyə türkləri “taş”, “tan” deyirlər. Nəzərə alsaq ki, bütün türk sözlərinin kökü bir hecadan ibarət olub, onda “dirək” sözünün “tir” sözündən yarandığı heç bir şübhə doğurmur. Yəni tarixin müyyən dönəmində xalq “tir” sözünə “-ək” şəkilçisi əlavə etməklə yeni söz – “dirək” sözü yaradıb. Qəribə görünsə də,“dirsək” sözünün kökü də “tir” sözü ilə bağlıdır. 

İdman jurnalistləri yalnız “tir”ə “dirək” desələr dərd yarıdır. Onların dili yaxşı bilməmələri üzündən“öküz” sözü də indi həqiqi mənasından xeyli uzaq düşüb. Kovboyların buğa ilə keçirdikləri idman yarışlarından verilən reportajlar zamanı “öküz” sözü daim “buğa” sözünün yerində işlənir. Halbuki öküz inəkdən doğulan erkək cinsə məxsus heyvan olsa da, buğanın axtalanmış formasıdır. Buğaları vaxtilə arabaya qoşub yük daşımaq, xışa qoşub yer şumlamaq üçün axtalayardılar. Əks halda isə vəhşi xüsusiyyətini hələ də qoruyub saxlamış bu heyvanları ram etmək qeyri-mümkün idi. Öküzləri arabaya, xışa bir boyunduruq vasitəsilə daim cüt qoşardılar. Ona görə də idman junalistləri bilməlidirlər ki, öküz özü axtalanmaq yolu ilə buğadan, “öküz” sözü isə kökü “iki” olan sözdən törəyib.

Təəssüflənməli haldır ki, on cildlik “Sovet ensiklopediyası”nda da “öküz” sözünün etimologiyasından bəhs olunan zaman ciddi səhvə yol verilib. Müəlliflər kitabda hətta “Öküz döyüşü” adlı bölmə də verib və burada öküzlərin dəlisov, vəhşi xüsusiyyətlərindən söz açıblar. Halbuki bu bölmə “Buğa döyüşü” adlandırılmalı idi. Çünki axtalanmış heyvanın şıllaq atası, döyüşəsi halı yoxdur. O qədər fağırdır ki, ipi boynuna sal, hara istəyirsən çək apar.

Maraqlıdır ki, ruslar da “buğa” sözünü bir balaca əl gəzdirib “bık” kimi rahatlıqla işlətdikləri halda, bizimkilər buğanı öz adı ilə çağırmağı ayıb sayırlar. Əvəzində isə güc timsalı olan “buğa” sözü yavaş-yavaş arxaikləşməyə doğru gedir.

İdman şərhçiləri isə daim kobud dil xətalarına yol verərək Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqda davam edirlər. Bəlkə də bəzi yanlışlıqların üstündən birtəhər keçmək olar. Ancaq bu yaxınlarda Serbiyanın paytaxtı Belqradda keçirilən güləş yarışı zamanı şərhçinin naşılığı üzündən yol verdiyi xətanı heç cür həzm etmək mümkün deyildi. Güləşçilərdən biri rəqibi kürəyinə alıb yerə çırpmışdı. Rus dilində buna “bedro” fəndi deyirlər. Azərbaycanın qərb bölgəsində isə güləşçilər bu cür fənd işlədib rəqibi yerə yıxanda deyirlər ki, filan güləşçi rəqibi sırtına alıb yerə çırpdı. Sırt kürək anlamı verən sözdür. Fəndin adını bir qədər təkmilləşdirsək, ona “kürək” fəndi adı da vermək olar.Məsələ burasındadır ki, həmin epizodda işlədilən fəndin adı “bedro” – “kürək” ola-ola şərhçi onu “badalaq” adlandırdı.

Naşılıq olar, daha bu boyda da yox. Üstəlik, şərhçinin  apardığı reportaj güləşin yunan-roma növünə aid idi. Badalaq ayaqla yerinə yetirilən fənddir. Yunan-roma güləşində isə ayaqla fənd tətbiq etmək qadağandır. Yalnız qurşaqdan yuxarı tutmaqla fənd tətbiq edib rəqibi məğlub etmək olar. Bu həm də onu sübut edir ki, həmin şərhçinin, ümumiyyətlə, güləşdən xəbəri yoxdur.

Qeyd edim ki, Azərbaycanın qərb zonasında güləşənlərdən birinin ayağını rəqibin ayağına dolayaraq işlətdiyi fənd var. Burda söhbət bir idmançının ayağının digər idmançının ayağına sarılmasından gedir. Ona görə də bu fəndə “sarma” deyirlər. Badalaq isə qaçan adamın ilişib yıxılması üçün qabağına qəfil ayaq uzatmaqdır. Buradan “başqasına  badalaq gəlmək” ifadəsi yaranıb. Həm sırf lüğəti, həm də məcazi mənada mənfi çalara malik “badalaq” sözünü güləş fəndi kimi işlətmək heç bir məntiqə sığmır.

Bu səpgili naşılıqlara digər idman matçlarından reportajlar zamanı da rast gəlinir. Halbuki, hər bir reportaj həmin idman növünü bilən mütəxəssisə tapşırılmalıdır. Xarici ölkələrdə tanınmış idmançılar müəyyən yaş dövründən sonra şərhçi kimi telekanallara cəlb olunurlar. Bu da son nəticədə verilişlərin, reportajların effektivliyini artırır. Bizdə də vaxtilə belə təcrübə olub, lakin indi nədənsə buna əhəmiyyət verilmir.

“İdman Azərbaycan” kanalı AzTV kimi qədim-qayım bir telekanalın “şinel”indən çıxıb. Keçmiş ənənəyə sadiq qalaraq burada sözün doğru-dürüst ifadə olunmasına, yerində işlədilməsinə bu gün də xüsusi diqqət yetirilir. “İdman Azərbaycan”da isə gözümüz baxa-baxa seyrçiyə öküz buğa yerinə sırınır, öküz cəhənnəmə, dilimiz “axtalanır”. Həmişə “şinel”dən sələfin üzünü ağardan xələflər çıxıb. Çox təəssüf ki, bu dəfə “şinel”dən bala yox, bəla çıxıb. Bütün bunları gördükdə “Kitabi- Dədə Qorqud” dastanında buğanı bir yumruqla öldürüb “Buğaç” adı qazanan igidin əziyyətinə adamın heyfi gəlir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub