Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

30 Dekabr 2009, 11:49

«Media əhvalatları» rubrikasında bu dəfə həmkarlarımız Ceyhun Nağı, Nazim Sabiroğlu, Rey Kərimoğlu, Azər Rəşidoğlu başlarına gələn maraqlı əhvalatları danışırlar.

Ceyhun Nağı, «Açıq fikir» qəzetinin şöbə müdiri

«Elşad Paşasoy, az məzələn mənimlə»

- 2003-cü il idi. «Yeni Müsavat» qəzetində işləyirdim. Məlum oktyabr hadisələrindən sonra bizi Müsavat Partiyasının qərargahından çıxartdılar, «Azadlıq» qəzetinin redaksiyasına sığındıq. Həm müsavatçılara, həm də «Yeni Müsavat»çılara qarşı güclü repressiyalar başlamışdı. Amma o ağır günlərdə də biz zarafatımızdan qalmırdıq. Başqa otaqdan bir-brimizə zəng edib, özümüzü müstəntiq kimi təqdim edir, həmkarımızı polis idarəsinə izahat verməyə çağırırdıq.
Bir gün işin axırında mənə də zəng gəldi. Xəttin o başındakı şəxs Respublika Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən zəng etdiyini bildirdi və məni izahat vermək üçün çağırdı. Mən də fikirləşdim ki, həmkarlarımdan kimsə digər otaqdan bu dəfə də mənimlə məzələnir. Ona görə də mən də başladım zəng edən adamı dolamağa. Dedim gəlmirəm, sən kimsən məni idarəyə çağırırsan və s. Gördüm xəttin o başındakı adamın səsi gəlmir. Dedim, Elşad Paşasoy (jurnalist həmkarım - C.N.), az məzələn mənimlə. Birdən  telefondakı adam ciddi şəkildə «Ceyhun müəllim, mən müstəntiq M. Ş.ovam» dedi. Bəlli oldu ki, bu, zarafat deyilmiş. Mətbuat konfransından yazdığım yazıya görə izahat vermək üçün idarəyə çağırırdılar. Getməyə hazırlaşanda redactor «mətbuat konfransından hazırlanan yazıya görə niyə idarəyə getməlisən?» - deyə məni qoymadı. Elə bu arada redaksiyamıza BBC və digər xarici radioların əməkdaşları gəldilər. Onlar da hadisədən hali oldular və məndən müsahibə aldılar. Sonra heç sözügedən istintaq idarəsindən səs-soraq çıxmadı.

«Yaxşı bozbaş, pomidor-xiyar, bir də dovğa ola»

- «Bizim yol» qəzetində işlədiyim vaxtlar idi. Şoudan yazan xanım əməkdaşımız pəhriz saxlayırdı. Hər gün də bizim otağa gəlib deyirdi ki, «Ceyhun, yaxşı bozbaş ola, pomidor-xiyar ola, bir də dovğa. Oturasan, «doydum» deyənə kimi yeyəsən». Axırda mən qayıtdım ki, «axı, sən dieta saxlayırsan». O da cavabında dedi:
- İntuitiv nahar edirəm də, mədəmi aldatmaq üçün.

Nazim Sabiroğlu, «Yeni Müsavat» qəzetinin redaktoru

«Əli Kərimliyə heç bir rəğbətim yoxdur»

- Qəzetimizin əməkdaşı Fərahim İbrahimoğlu “facebook”un fəal üzvlərindəndir. Bilirsiniz ki, “facebook”da «Kitabsevərlər», «Fotoqrafa könül verənlər» və s. kimi qruplar var. Belə qruplardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini dəstəkləyənlərdir. Məlum oldu ki, Fərahim də bu qrupa qoşulub. Biz də Yeni il qabağı bir zarafat etmək istədik. Fərahimi dünən çağırdıq və bildirdik ki, «baş redaktorumuz çox qəzəblənib. Niyə görə, sən həmin qrupdasan, tez hadisənin necə baş verdiyi barədə ərizə yaz».
Fərahim də bunu ciddi qəbul etdi və həmin qrupa necə qoşulduğu barədə yazdı və ərizəsini «Əli Kərimliyə heç bir rəğbətim yoxdur» sözləri ilə bitirib qol çəkib imzasını atdı. Ərizə redaktorlarımızdan birindədi. Amma hələ də Fərahim onunla zarafat etdiyimizi bilmir.  

«Pənah Hüseyn deputat seçilməsə…» 

- Ötən həftə qəzetimizin planlaşdırmasında Pənah Hüseyndən söz düşdü. Mən dedim ki, Pənah Hüseyn növbəti parlament seçkilərində Milli Məclisə düşməyəcək. Baş redaktorumuz Rauf Arifoğlu mənimlə razılaşmadı və bildirdi ki, Pənah Hüseyn bu dəfə də deputat olacaq. Biz mərc gəldik. Şərtə görə, əgər Pənah Hüseyn bir daha deputat olsa, mən bir gün pulsuz işləyəcəm. Əgər Allahın köməkliyi ilə deputat olmasa, Rauf Arifoğlu mənə 15 min dollar dəyərində maşın alacaq.
Bildiyiniz kimi, Milli Məclisin son iclaslarından birində Pənah Hüseyn danışmaq hüququndan məhrum edildi. Bu xəbəri eşidəndən sonra uşaqlar məni təbrik etməyə başlayıblar ki, ən azı 1 “Mersedes”in var.
İndi səbirsizliklə parlament seçkilərini gözləyirəm…

Azər Rəşidoğlu, «Zerkalo» qəzetinin şərhçisi

 «Ölüb, yalan danışır!”

- Həmkarımız Natiq Qədimovun «Zerkalo» qəzetində işlədiyi təzə vaxtlar idi. Bir qadının öldürüldüyü barədə informasiya yazmışdı. Yazı çıxan gün qadın redaksiyamıza gəlib səs-küy saldı ki, «ölməmişəm». Qadın yazı müləllifini xeyli gözləsə də, Natiq məhkəmədə olduğundan redaksiyaya gec gəldi. Artıq qadın getmişdi. Biz də Natiq gələn kimi üstünə düşdük ki, niyə xəbəri dəqiqləşdirməmiş yazmısan. İnsanın hadisələrə ilk reaksiyası həmişə maraqlı olur. Natiqin ilk reaksiyası heç yadımdan çıxmaz. Hamımızın onun üstünə düşməsindən çaşan Natiq «ölüb, yalan danışır. İndi ona inanırsız, yoxsa mənə?» - deyə, vəziyyətdən çıxmağa çalışdı.

Rey Kərimoğlu, müstəqil jurnalist

«Abi, bura «obmenavalyuta»dı?»

- «Yeni Müsavat» qəzetində işləyəndə Səbuhi Məmmədli ilə Türkiyənin İqdır şəhərinə ezamiyyətə getmişdik. Şəhərin mərkəzi küçələrindəki bir binanın qarşısında iqdırlı dostumuzu gözləyirdik. Binanın şüşəli qapısından baxanda içəridə rəngli elektron tabloda müxtəlif rəqəmlərin yazıldığı görünürdü. Təxmin etdik ki, bura ya bank, ya da valyutadəyişmə məntəqəsidir.
Bir azdan dostumuz gəlib çıxdı və Türkiyə türkcəsində o vaxt cəmi 5-10 söz bilən Səbuhi ondan soruşdu:
- Abi, bura valyutadəyişmə məntəqəsidir?
İqdırlı dostumuz valyutadəyişmə məntəqəsinin nə olduğunu başa düşmədiyindən nəsə dedi. Amma nə Səbuhi, nə də mən onun dediyini anlaya bilmədik. Bu zaman dostumuz bizə aydın olsun deyə, sadə dillə «burada para bozulur» dedi.
Səbuhi həmişə dara düşəngə olduğu kim, sağ əlini boynunun ardından hərləyib çənəsinin sol tərəfini qaşıyaraq dedi:
- Qadan, alım, abi. Yəni demək istəyirsən ki, bura «obmenavalyutadı»?
Guya, türk dostumuz azəri türkcəsində anlaya bilməyəcəyi sözü rusca biləcəkmiş…

«Bu kimdi ora-bura hoppanır?»

- 2005-ci ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən Seyid Camal Əzimbəylinin Ağcabədidə seçicilərlə təşkil etdiyi görüşü qəzetdə işıqlandırmaq üçün həmin rayona getmişdim. Mitinqə icazə verilmədiyindən, icazəsiz aksiya keçirildi. Mənim də əynimdə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə hazırlanan və kürəyində “Press” sözü yazılan göy rəngli gödəkçə var idi. Gah hasarın, gah yol kənarında dayanan maşınların üstünə çıxıb şəkil çəkirdim. Aksiyanın bir yerində eşitdim ki, kənarda dayanan polislərdən biri məni göstərib yanındakı zabitdən soruşur:
- Rəis bu kimdi ora-bura hoppanır?
Polis mayoru da müdrik görkəm alaraq ona izah elədi:
- Görmürsən, kürəyində yazılıb də, «Mətbuat» qəzetindəndi.
Onlarla birgə olan digər polis zabiti də qayıtdı ki..:
- Ə, nə savadsız adamsınız! «Mətbuat» qəzetindən yox eyy, «Press» qəzetindəndi, «Press»…

Hazırladı: Lalə MUSAQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?