Modern.az

“Şərq”in layihəsi yekunlaşıb

“Şərq”in layihəsi yekunlaşıb

Mədəni̇yyət

30 Dekabr 2009, 18:27

«Şərq» qəzeti Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirdiyi «Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması» layihəsini yekunlaşdırıb. Dörd ay müddətində davam edən layihənin icrasına sentyabr ayından başlanılıb. Layihənin məqsədi qaçqın və məcburi köçkünlərin sosial durumunun öyrənilməsi, onların üzləşdikləri problemlər və neqativ halların araşdırılması, müəyyənləşdirilmiş faktların dövlət strukturlarının nəzərinə çatdırılması, həmçinin 1 milyon insanın Ermənistanın işğalçı siyasətinin qurbanına çevrilməsini beynəlxalq aləmə, təşkilatlara, diplomatik korpuslara çatdırmaqdan ibarət olub.
Layihə çərçivəsində «Şərq» qəzetinin əməkdaşları məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdıqları rayonlarda olublar. Jurnalistlərin ilk səfər etdikləri bölgələr Saatlı, Sabirabad və İmişli rayonları olub. Sözügedən ərazilərdə məcburi köçkünlərin məskunlaşdıqları məkanlardan geniş reportajlar hazırlanıb, yurdlarından didərgin salınmış vətəndaşlarımızın sosial durumları qəzetdə işıqlandırılıb.
“Şərq”çilər Bakı şəhərində məcburi köçkünlərin yerləşdikləri yataqxanalara da baş çəkiblər, onların yaşam tərzi, şəraitləri ilə maraqlanıblar.
Layihə çərçivəsində Ağdam, Beyləqan və Füzuli rayonlarına da səfərlər edilib, adıçəkilən bölgələrdə məskunlaşmış məcburi köçkünlərin durumu mətbuat səhifələrinə çıxarılıb.
Aparılan araşdırmalar nəticəsində o qənaətə gəlinib ki, məcburi köçkünlərin ən başlıca problemlərindən biri yaşayış yeri ilə bağlıdır. Yataqxanalarda bir otağa yerləşmək məcburiyyətində qalan ailələrin vəziyyəti xüsusilə dözülməzdir. İşsizlik məsələsi isə istər şəhərdə, istərsə də rayonlarda məskunlaşmış köçkünlər üçün əsas  xarakterik haldır. Bölgələrdə, «fin evləri»ndə, dəmir divar və tavandan ibarət kiçik bir tikilidə qalan soydaşlarımızın sosial durumları səfərlərdən sonra yazılan reportajlarda xırdalıqlarına qədər əksini tapıb.      
Erməni işğalı nəticəsində torpaqlarını, mallarını, mülklərini buraxıb gəlmək  məcburiyyətində qalmış insanlarımızın ən böyük istəkləri yurdlarına qayıtmaqdır. Qeyd edək ki, layihənin icrası dönəmində mətbuat konfransları keçirilib və ictimaiyyətə aralıq hesabatlar təqdim olunub.  
Layihənin başa çatması ilə bağlı yekun hesabat keçirən «Şərq» qəzetinin rəhbərliyi 4 ay ərzində görülən işlərlə bağlı məlumat verib. Layihənin rəhbəri Akif Aşırlı bildirib ki, rayonlara səfər, eyni zamanda Bakıdakı yataqxanalardan hazırlanan reportajlar məcburi köçkünlərin hansı şəraitdə yaşamalarını, problemlərinin nədən ibarət olmasını bütün detalları ilə ortaya qoyub. O, səfərlər zamanı layihə iştirakçılarının qarşılaşdıqları problemlərə də toxunub. Bildirib ki, bəzən qəzetin əməkdaşları ezam olunduqları rayonlarda aidiyyət orqanlar tərəfindən ezamiyyət vərəqlərinə möhür vurdurmaq problemi ilə üzləşiblər. A.Aşırlı sonuc olaraq bu qənaətə gəlib ki, kifayət qədər problemləri olan məcburi köçkünlərin diqqətə ehtiyacı var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...