Modern.az

Azərbaycanda daha 6 qəzet və 1 jurnal “reket nəşr” elan edildi

Azərbaycanda daha 6 qəzet və 1 jurnal “reket nəşr” elan edildi

Qarabağ

30 Dekabr 2009, 20:21

Modern.az xəbər verir ki, dekabrın 30-da Mətbuat Şurasının İdarə Heyəti 2009-cu ildə son iclasını keçirib. İclasda Mətbuat Şurasının 2009-cu ildəki fəaliyyətinə dair hesabat, Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında Mətbuat Şurasının qərarlarının çıxarılması, «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların çıxarılması, Mətbuat Şurasının sıralarına qəbul məsələlərinə baxılıb.

İdarə Heyətinin üzvləri «Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabatı» diləyərək müsbət qiymətləndiriblər. Qərara alınıb ki, hesabat əlavə və təkliflərlə birgə 2010-cu ilin yanvarında media və ictimaiyyətə təqdim olunsun.

MŞ sıralarına qəbulda 5 müraciətə baxılıb. Müzakirələrdən sonra «Ailə həkimi», «Birlik», «Azərbaycan nəşrləri» jurnalları və  «Media və Mülki Cəmiyyət» ictimai Birliyi Şura sıralarına qəbul olunub. İclasda belə qarara gəlinib ki, «Yeni xəbər» qəzetinin bir illik saylarının monitorinqi aparıldıqdan sonra bu nəşr MŞ sıralarına qəbul oluna bilər.

Sonra Şikayətlər üzrə Komissiyanın və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar çıxarılıb. «Gündəlik Bakı», «Zərbə», «Tolerant Azərbaycan», «Əsas xəbər», «Dünya kriminal», «Güzgü» qəzetlərinin və «Mozalan» jurnalının adları «reket nəşr» elan olunaraq,
«Bizim vətən» qəzetinin adı isə xəbərdarlıq edilərək Şuranın «qara siyahı»sına salınıb.

Cari məsələdə Mətbuat Şurasının 2010-cu ildəki iş planına dair müzakirələr aparılıb və bununla bağlı təkliflərin yanvarın ilk ongünlüyünədək qruplaşdırılaraq İdarə Heyətinə təqdim olunması barədə qərara gəlinib.

Qeyd edək ki, «qara siyahı»ya düşən bir sıra nəşrlər Şuraya fəaliyyətlərində dönüş yaratdıqları barədə müraciətlər ünvanlayıblar. Buna görə də iclasda «qara siyahı»ya düşən nəşrlərin oradan çıxarılması ətrafında da müzakirələr gedib. Bildirilib ki, bu məsələ MŞ-nin «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatında nəzərdə tutulan müddəalara uyğun olaraq tənzimlənəcək. Prosesə gələn ildən başlanılması üçün imkanların nəzərdən keçirilməsi məqsədəuyğun sayılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi