Modern.az

Əməkdar artist: «Rejissorlar mənə möhtacdırlar» - MÜSAHİBƏ

Əməkdar artist: «Rejissorlar mənə möhtacdırlar» - MÜSAHİBƏ

30 Mart 2012, 16:15

"Həmin filmdə çimərlik geyimindəyəm, niyə ayıb olur ki..."

«Tarix boyu belə olub»

Modern.az saytı yeni rubrikaya - «Mübahisə»yə başlayır.  Bu rubrikada müxtəlif peşə sahibləri, o cümlədən siyasilər, mədəniyyət işçiləri, aktyorlar, aktrisaların maraqlı tərəflərinı açmağa çalışacağıq. İlk qonağımız Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artisti Kəmalə Hüseynovadır.

- Əvvəlcədən razılaşaq ki, bütün suallara səmimi cavab verəcəksiniz

- Səmimi cavab vermək istəməyəcəmsə. Heç cavab verməyəcəm.

- Əməkdar artist Kəmalə Hüseynova, fəxri adı bir kənara qoyaraq özünü sənətin hansı pilləsində hiss edir?

- Baxır o pillələrdə kim var…

- Söhbət sizin sənətinizin pillələrindən gedir.

- Amma mən çıxacağım pillələrdə kimləri görürəm?

- Kimləri görürsünüz?

- Özümə yaxşı, yaxud pis deməzdən əvvəl fikirləşirəm-kiminlə müqayisə olunuram.

- Kimlərlə müqayisə olunmaq istərdiniz?

- Adlarını çəkmək istəmirəm.

- Amma əvvəldə səmimi olacağınıza söz verdiniz

- Adlarını çəkməyəcəyəm. Çünki onlar Azərbaycan teatrının aktrisaları deyil.

- Fərq etməz. Afrika teatrının aktrisası olsa belə…

- Fransa teatrından bir neçə aktrisa var idi ki, onların tamaşalarına baxmışdım. Həmin tamaşadan sonra bir müddət teatra gəlmək istəmirdim.

- Belə başa düşdüm ki, onların peşəkarlığını gördükdən sonra sizdə «mən də aktrisayam?»  fikri formalaşıb…

- Xeyr. Sadəcə həmin ölkələrdə teatr çox yüksək səviyyədədir.

- Bizim aktyor və aktrisalar peşəkarlıq baxımından onlardan geri qalırlarmı?

- Özümüzünkülərdən heç nə danışmayacağam.

- Səbəb?

- Ortaya iş qoyan istənilən insana hörmətim var. Səhnəyə çıxıb bir şeiri söyləyən insana da hörmətlə yanaşıram. O cümlədən yazara, şairə, aktyora… Çünki nəsə edib də artıq… Tüfeyli həyatdan ki, yaxşıdır.

- Belə düşüncənin nəticəsi deyilmi ki, teatrlarda, həmçinin incəsənətin digər qollarında təsadüfi adamlar həddən artıq çoxdur?

- Kimisə tənqid etmək fikrində deyiləm. Dəyirmi masa ətrafında tənqidi fikirlərimi səsləndirə bilərəm. Amma çox zaman bundan da daşınıram. Niyə? Nizami Gəncəvinin dövründə yazan təkcə o deyildi. Yüzlərlə, minlərlə şairlər var idi. Amma zaman ələyir-ələyir və tarixdə, insanların yaddaşında qalmalı olanlar qalırlar. Tarix boyu belə olub və zaman nəyi saxlayıbsa, biz də ona istinad edirik, söykənirik. Bəzən də sənətdə şans böyük rol oynayır.

«Hər təklif olunana çəkilmək istəmirəm»

- Hər halda şansla yanaşı istedad, sənət də böyük şərtdir…

- Əlbəttə belədir. Çox istərdim ki, nəsə yaradım, qoyum gedim… Amma kino sahəsində. Yüz ildən sonra mənim yaradıcılığımdan kimsə nəsə çəksə, inanmıram ki, tamaşadan nəsə versinlər. Hökumə Qurbanovadan nə qalıb?

- Sizdən Münəvvər Kələntərli, Nəcibə Məlikova, Hökumə Qurbanova  çıxacaqmı ki, 50 ildən sonra xatırlanasınız?

- Kinoya çəkilməsəm yox.

- Bəs çəkilsəniz?

- Hə.

- Yəni?

- Ona görə deyirəm ki, teatr bu gündür, kino isə tarix.

- Həm filmə çəkilmək istəyirsiniz, həm də dəvət olunduğunuz seriallardan, filmlərdən imtina edirsiniz. Hər halda müsahibələrinizin birində belə söyləmisiniz…

- Hər təklif olunana çəkilmək istəmirəm.

- Nəsə təklif gözlənilir?

- Gözlənilmir, mən onu gözləyirəm.

- Xəyalpərəstlikdir…

- Olsun. Oturub gözləyəcəyəm.

- Bəlkə heç dəvət eləmədilər…

- Nə olacaqsa, olacaq. Bəlkə… bəlkə… bəlkə…

- Belə çıxır ki, istədiyinizi gözləməyi bacarırsınız?

- Əlbəttə, gözləyirəm. İstədiyim olmasa belə, düşündüyümə bir az yaxın olsa çəkiləcəyəm.

- Bəlkə ümidləriniz azalır getdikcə? Bir zamanlar düşünürdünüz ki, çəkiləcəyim film yüz faiz mən istədiyim kimi olmalıdır.

- Əksinə, indi düşünürəm.

- Paranı istəmirsiniz, bütövü də verən yoxdur…

- Bəlkə olacaq.

«Mənə pul verməsələr də, Mehriban Ələkbərzadə adına gedib oynayacaqdım»

- Seriallara çoxmu dəvət alırsınız?

- Olur və imtina edirəm.

- Aktrisalar, aktyorlar maddi durumlarından gileylənirlər…

- Heç nədən gileylənmirəm.

- «Azdrama»yla nə vaxtdan əməkdaşlıq edirsiniz?

- Ötən ilin aprel ayından.

- İki teatrda çalışmaq yəqin  ki, asan deyil. El diliylə desək, iş yerlərinizdən birini yəqin ki, yola verirsiniz…

- Mən «Azdrama»da işləmirəm axı. Ayda bir dəfə gedib tamaşa oynayıram.

- Bəs məşq?

- Ordakı məşqlərə çox vaxtım getmir.

- Orda qonorar üçün oynayırsınız?

- Mənə pul verməsələr də, Mehriban Ələkbərzadə adına gedib oynayacaqdım. «Məhkumlar» fiimində onunla iş birliyimiz olmuşdu, gözəl anlaşmışdıq.

«…Gültəkin daha üstün idi»

- Bildiyimə görə, «Azdrama»da oynadığınız «Qatarın altına atılan qadın» tamaşasındakı Gültəkin Sarabskaya rolunu sizdən əvvəl iki xalq artistinə tapşırıblarmış…

- Bəli. Zərnigar Ağakişiyeva və Laləzar Mustafayevaya tapşırılmışdı.

 -  O boyda teatrda bu rolu oynayacaq kimsə tapılmadımı?

- Məktubu düz ünvana göndərmirsən. Rejissor belə istədi… Oldu.

- Həmin tamaşanı yaradıcılığınızın zirvəsi saymaq olar?

- İndi hə.

- Bəs ona qədər?

- «Pəri Cadu» tamaşasında Pəri Cadu obrazı.

- Bu obrazlar arasında nə fərq var? Yəni Gültəkin Sarabskaya Pəri Cadunu nədə üstələyir?

- Obraz olaraq heç nədə. Amma ifa olaraq Gültəkin daha üstün idi.

- Yəni daha yaxşı oynadınız…

- Söhbət daha yaxşıdan getmir. İfa daha dolğun idi.

- Bu özündənrazılıq deyil ki?

- Xeyr. Söhbət mənim oyunumdan getmir. Obraz özü çox mükəmməldir.

 «Məhkumlar» filmim kifayətdir ki, mənə «Xalq artisti» fəxri adı verilsin»

- Sizin yaşanızda və sizdən daha böyük aktrisalar var ki, hələ də fəxri ad almayıblar. Siz nə vaxt almısınız?

- Ötən il avqust ayının 2-də-Kino günündə.

- Sizin üçün tez deyildimi?

- Xeyr. 15 filmə çəkilmişəm. «Məhkumlar» kifayətdir ki, mən ad alaydım.

- Bir filmə görə ad verilsəydi…

- Bir filmə görə «Oskar» verilirsə, ad da verilə bilər.

- «Kişi sözü» və digər filmlərdəki epizodik rolları deyirsiniz?

- Nə dəxli var ki? Nəyə çəkiblərsə çəkilmişəm. Çəkdilər ki, çəkilmədim?!

- Amma çəkmək istədiklərinə də çəkilmisiniz…

- Mənim bircə dənə «Məhkumlar» filmim kifayətdir ki, mənə «Xalq artisti» fəxri adı verilsin.

- Bu çox böyük iddiadır axı

- İddialı olmasam nə alacam? Fəxri adı kifayət  qədər zamanında almışam. Əksinə, bir qədər gecikmişəm.

- Bəlkə aktyor və aktrisalar belə elədiklərinə görə, çoxu fəxri ada həsrət qalırlar. Ötən ilin avqust ayında «Əməkdar artist» fəxri adı almısınız və indi «Xalq artisti» iddiası qoymusunuz ortaya

- Kim dedi ki, mən bu iddiadayam?

- Özünüz..

- Niyə də düşməsin? Yaradıcılığımla tanış olmadan belə danışmağınız doğru deyil.

 «Niyə ayıbdır ki?»

- Hər şeydə maksimalistsiniz?

- Bəli. Ən böyük bəlam da budur. Az o adamın özünə qalsın.

- İndiyə qədər gördüyünüz ən yaxşı rejissor?

- Deyə bilmərəm. Əgər bu rejissorla işləyirəmsə, deməli artıq o yaxşıdır.

- Heç pis rejissorla işləməmisiniz?

- Yox. Necə səslənsə də deyəcəyəm və sözümün arxasında da dayanıram Rejissorlar mənə möhtacdırlar.

- Səbəb? Əgər belədirsə, niyə sizi daha yaxşı bir filmə çəkmirlər?

- Burda əsas istedad söhbəti deyil. Məsələn, rejissor ssenarini götürür, oxuyur və deyir ki, bu rolda belə bir xanımı görürəm.

- Açıq-saçıq filmdə çəkilərsiniz?

- Baxır nə qədər.

- Yəni açıq-saçıq.

- Ola bilsin ki, sən açıq-saçıq dediyin şeyə mən normal deyirəm. Sən açıq-saçıq nəyə deyirsən?

- Yəni alt paltarı sayılacaq geyimlərdə…

- Mən «Kişi sözü» filmində belə bir rol oynamışam. Ola bilsin ki, bəzi televiziyalar filmin həmin hissəsini efirə vermirlər.

- Amma orda uşaqsınız…

- 19 yaşında nə uşaq? Həmin filmdə çimərlik geyimindəyəm.

- Bəs indi ayıb deyilmi 45 yaşlı bir aktrisa çimərlik geyimində filmə çəkilsin?

- Niyə ayıbdır ki? Yaşın 45, yaxud 25 olmasının nə dəxli var ki?

- Aktyor, aktrisalar şəraitdən gileylənirdilər. İndi bütün teatrlar təmir olunub. Amma daxildəki «vətəndaş qırğını» bitmir ki bitmir.

- Hansı teatrda?

- Elə Gənc Tamaşaçılar Teatrında.

- Mənim xəbərim yoxzdur.

- Burda işləmisiniz?

- İşləyirəm.

- Bəs niyə bilmirsiniz?

- Onlar qırğın eləmələri mənə maraqlı deyil.

- Siz qırmırsınız ki?

- Yox.

- Bəs sizi?

- Qətiyyən. Bu teatrda işlədiyim 22 il ərzində kollektiv hər zaman mənə yaşıl işıq yandırıb.

- İddialısınız?

- Əsla.

«…özüm hələ öyrənirəm»

- Gənc həmkarlarınızdan bəyəndikləriniz var?

- Hamısı yaxşıdır.

- Yəni?

- Heç kimin adını çəkmək istəmirəm. Yaxşıları da var, ortababları da.

- Sizcə cılışlaşma getmir?

- Mən görmürəm.

- Amma belə deyirlər…

- Kim nə dediyini bilmirəm. Amma mən görmürəm. Əvvəlcə nəsə verməlisən ki, nəsə də tələb edə biləsən.

- Pedaqoq kimi fəaliyyətiniz var?

- Xeyr.

- Nədən?

- Çünki özüm hələ öyrənirəm.

- Olmayacaqsınız?

- Heç vaxt. Ömrümün sonuna kimi öyrənəcəm. Öyrədənlər var, qoy öyrətsinlər.

- Yəni pedaqoq olan digər aktyorlar sizdən çox bilirlər?

- Yəqin ki. Ola bilər kiminsə öyrətmək tərəfi yaxşı inkişaf edib. Mən isə öyrənməyi daha çox sevirəm.

Yusif Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi