Modern.az

Davam edir soyqırımı!..

Davam edir soyqırımı!..

Mədəni̇yyət

31 Mart 2012, 12:58

Sultan Laçın

(Xəlil Rza Ulutürkün və bütün haqq şəhidlərinin ruhuna ithaf)

Bu dünyada hər şeyin var gizli mahiyyəti-

Ağ daşların altında qara ilanlar yatır,

Dilindən bal tökülən, şəkər süzən kəslərin

Əsl gizli niyyəti bizə sonradan çatır...

Hələ eradan əvvəl hansısa imperiyanın

basdirdığı tikanlar millətimin ətinə elə indi də  batır...

Bu gün də qisas alır Tayqulaqla birləşib

Arazın sahilində Kirin kəsilmiş başı...

Adəmdən üzü bəri itmir heç nəyin izi-

Habil-Qabil qırğını yazılıb genimizə,

Didir qardaş-qardaşı...

Bu yol - uca Allahın dərgahından qovduğu o şər İblisin yolu,

O Allaha müxalif soxulub könüllərə-

 Bəşərin çoxun edib  tamahın, nəfsin qulu...

İblis daim çalışır kəssin Xeyirin soyun...

Odur “ənəlhəqq” deyən Nəsimini tutdurub

Şər qəlblərə hökm edən:”Soyun! Dərisin soyun!

Odur nahaqq önündə haqqı əzən, susduran,

Odur “37”-də azərtürkün qaymağın güllələdən, basdıran

Odur torpaqlarımı hayka işğal etdirən,

Odur “Mart”ı törədən, “Xocalı”nı törədən!

Hələ ölməyib İblis, yaşar xain qəlblərdə-

O, işini görəcək Haqq-hesab gününədək.

O, yalnız müharibə, döyüş, qirğında olmur,

Ən sakit, bər-bəzəkli, ən “sabit” diyarlarda,

Ən dinc xanimanlarda, bir damla qan axmayan yerlərdə də yaşayır...

Sarayda, villalarda, ofis, kabinetlərdə, ən uca göydələnli şəhərlərdə yaşayır...

İblis işini görür insanın əli ilə -

O var-dövlət, o qarın, vəzifə qullarının dillərin qabar edən “baş üstə”, “bəli” ilə...

İblis daim çalışır min hiylə, min kələklə kəssin Xeyirin soyun-

Odur hər an hökm edən öz nəfsinə qul olmuş xəyanətkar, rüşvətxor, korrupsioner, vicdansız, şərəfsiz varlılara:

“Soyun, milləti, soyun!..”

Ən dəhşətlisi budur;

maskalanmış, cildlənmiş iblis canişinləri-

Torpağı tapdaq altda olan bir məmləkətdə rüşvət alan, can alan,

Vicdanlını, haqlını polisdə, məhkəmədə ayaq altda tapdadan

o qaniçən nazirlər, başçılar, qulbeçələr,

Sadiq Şər vəkilləri – milləti zəlil edən zillət, dərd vəkilləri

tribunada, qəzetdə, yaxud telekanalda Xocalıdan, Şuşadan,

Soyqırımdan danışır...

Deyir ki, unudulmaz erməninin etdiyi “Xocalı”, “31 Mart”!..

Bəs sənin etdiklərin

“doğma” adlandırdığın bu xalqa, bu dövlətə, xəyanət, qəsd deyilmi?!.

“Yox!-deyirlər maymaqlar,- Tez qaçan oğru deyil!”

Vəzifə başındakı cinayətkar haqqında bircə kəlmə haqq desən,

Töküləcək hər yandan simasızlar, yaltaqlar:”Yox!Yox! Bu, doğru deyil!

Bunu deyən özüdür əsl Vətən xaini, tutun, atın xaini!..”

Dinən yoxdur qorxudan, haqqı deyən çox azdır,

“Ziyalı” şairlərin, alim və sairlərin çoxunun keyfi sazdır...

Günü-gündən çoxalır yaltaqlar, dəstəkçilər,

Tapdanır bu millətin, bütün bəşəriyyətin ən uca dəyərləri-

Bağçada körpəyə də yalmanmaq öyrədirlər!..

İnsanların mənliyi yaralanır genindən, yaralanır soyundan...

Susur, susur çoxları...

Qulaq batır torpağı işğal altında olan bu qoca məmləkətin

konsertindən, toyundan...

Susur, susur çoxları...

Odur ki, var gücümlə istəyirəm hayqırım: Davam edir soyqırım!..

Soyqırım sona yetmir yüz minlərlə soydaşın   fiziki məhvi ilə,

O daha da güclənir yeni texnologiyanın, sərvət mənbələrinin, şəhvət mənbələrinin kəşfi ilə, fəthi ilə...

Var ruhi soyqırım, var mənəvi soyqırım...  Siyasi, iqtisadi, psixoloji soyqırım...

Var mədəni soyqırım, ideoloji soyqırım...

Əgər mən bu dünyada fiziki yaşam üçün, qarnım tox olmaq üçün,

 pulum çox olmaq üçün, vəzifə, maşın üçün

ruhumu basıb-əzib, vicdanın səsin kəsib çaqqala qurd, tülküyə pələng, şir deyirəmsə,

Haqq deyənə yalançı, halala şər, şərəfsiz, amma rüşvət alana, amma haram yeyənə halal, pir deyirəmsə,

Özüm də onlar kimi halal-haram bilmədən tıxınca yeyirəmsə,

Demək ruhum xəstədir, şərəfim  tapdalanıb, mənliyim can üstədir,

Cürətim yox, bağırım:  davam edir soyqırım!..

Davam edir ən alçaq, ən murdar bir niyyətlə...

Davam edir soyqırım “atəşkəs”   dövründəki “dünya çapına uyğun” “sivil” mədəniyyətlə...

...15 ildir guya ki, axmır qan, qırılmır can, canımız  qurtarıbdır “Qrad”dan, bombalardan...

Bəs bu 15 il boyu ya erməni, ya da ki o dığadan da betər, o şərəfsiz, rüşvətxor komandir gülləsindən, ya aramsız  fiziki-mənəvi işgəncədən ölən, özün öldürən yüzlərlə milli əsgər?..

Çadırda, vaqonlarda, özgə qapılarında yurd dərdindən can verən on minlərlə soydaşım?..

Qarabağ həsrətindən ürəyi xəstə atam, anam, bacım, qardaşım?..

Bəs bunlar qan deyilmi, bəs bunlar  can deyilmi?! Azərbaycan deyilmi?!.

15 ildir sərasər daşıyıb sərvətləri, vururlar genimizə Qərbin, şər Amerikanın, mavi Hollandiyanın ən murdar adətlərin...

15 ildir nəfsimiz kəsilib özümüzə düşməndən də pis qənim,

15 ildir ən iyrənc, ən şərəfsiz hadisələr yaşadı bu müqəddəs Vətənim...

Hər cür xisləti gördük, ən pis qisməti gördük...

Haqq deyəni susdurduq, haqlıya qan qusdurduq.

Halalı tapdalayıb qalxdıq haram içində zirvəsinə batilin,

Gördük ana qatilin,  gördük ata qatilin...

Hər cür xisləti gördük, ən pis qisməti gördük...

Bəzəkli binaları  haram daş ilə hördük...

Odur ki, başımıza uçdu o göydələnlər,

Nə fayda... Özünə yığışmadı bu millətin azadlıq ağacından müftəcə “göy” dərənlər...

Hər cür xisləti gördük, ən pis qisməti gördük...

Ruh alıb “atəşkəs”dən uçdu şər bayquşları,

Pərvazlanıb sərhəddi keçdi Dubay “quş”ları...

Tapdanan namus-qeyrət, korşalan yaddaşımız, Vətən daşın unudan neçə vətəndaşımız...

...94-də Bakıda anadan olmuş oğlan bilmir Qarabağ nədir, bilmir Xocalı nədir...

Amma ki, Kəlbəcərdə 94-də göz açan erməni dığaları, erməni axçiləri bu gün türk yurdlarına ürəklə “Vətən” deyir...

Bizsə hər il aldadıb özümüz-özümüzü, deyirik ki, “inşallah, Qarabağda keçirək gələn Novruzumuzu”...

Beləcə illər keçir, Qarabağda yaşamış, dağları xatırlayan, bağları xatırlayan, düşmənin sinəmizə çəkdiyi o sağalmaz dağları xatırlayan insanlar bir-bir köçür,

Beləcə illər köçür, belə nəsillər köçür, beləcə ellər köçür, arzu, ümidlər köçür...

Düşmənə də bu lazım... Yəhudi, ingilisə, urusa, fransıza, masona da bu lazım...

Bu torpağı bir nəfər xatırlayan olmasa, tələb edən olmasa, kim istəsə alacaq, kim istəsə verəcək...

Bu gün beyinlərini şou-konsertlər yeyən, körpəsin, məktəblisin seriallar bəsləyən;

O eqoist, unutqan, namus-qeyrət bilməyib xalqına lağ eyləyən, muğama lağ eyləyən, mini yubkalar geyən modabazlar yığnağı

beş-on il çəkməyəcək ABŞ-ın, Fransanın, AŞPA-nın dəstəyilə bircəcə referendumla verəcək Qarabağı...

Biz hələ sazı atıb rok-ulduza gedirik...

Bu toy-konsert içində,”Yevrovijin” içində, reklamlar içində, bər-bəzəyin içində, “Mersedes”lər içində, göydələnlər içində, bilmirik nə biçimdə,

bilmirik nə yeyirik, bilmirik nə deyirik, bilmirik nə edirik... Hələ... duza gedirik...

Alqış –bina tikilir, alqış – məktəb tikilir, alqış – yollar çəkilir, alqış – körpü tikilir...

Mən də “alqış” deyirəm, ürəkdən söyləyirəm:

Sevinirəm ölkədə yeniləşən hər şeyə.

Ancaq bu gün düşmənin əlindədirsə Şuşa,

gərək varmı bu qədər təntənəyə, alqışa?!.

Əgər bu yeniliklər zahirdədirsə yalnız,

Əgər bu yaraşıqlı, müasir məktəblərdə

müəllim, müavin, direktor yenə də şagirdinin, o kasıb valideynin manatına göz dikən həmin o rüşvətxor həmin dələduzdursa,

Dünya standartına uyğun xəstəxanalardakı on minlərlə dollarlıq aparatı işlədən

 tibb bacısı, həkimin,  ürək yaran cərrahın pulsuz xəstəyə qarşı qəlbi yenə buzdursa,

Villalarda yaşayan, o “BMV”-də gəzən yalançı ulduzdursa, həmin o quduzdursa,

Əxlaqlılar dilənçi, əxlaqsızlar tuzdursa...

Davam edir soyqırım!!.

Bu elə soyqırım ki, onu edən silahlar, onu törədən kəslər çox vaxt görünmür gözə...

Dünənlər başımızı qılıncla kəsirdisə Rusiya ilə İran,

bu gün pambıqla kəsir başımızı masonlar, yəhudiylə ingilis, fransız ilə yunan.

Bu gün mədəniləşib səlib yürüşçüləri –

İraq, Əfqanıstanda bombalarla, tanklarla “demokratiya” qururlar,

Azərbaycanda isə nefti sorub yerinə tolerantliq  vururlar, dözümlülük vururlar...

Bu gün ehtiyac yoxdur əsir götürmək üçün əl-qolu bağlamağa-

Əsir edir bizləri asanlıqla nəfsimiz...

O qədər bər-bəzəyi,”snikers”i, “Mersedes”i, interneti, mebeli, telefonu, mobili soxurlar gözümüzə - uyuyub qalırıq çaş, kəsilir nəfəsimiz...

Artıq lazım deyildir tutduğun əsirləri manqurt eləmək üçün başlarını daz edib taxmaq dəvə dərisi...

Manqurt deyil, bəs nədir, əyləncədən savayı bir şeyi düşünməyən o kliplər dəlisi,

o telefon hərisi, o internet hərisi,  o kafe-bar pərisi?..

Bu gün telekanallar, o mobil telefonlar, o kompüter zalları, o internet kafelər tutub bütün tinləri – yeyir gənc beyinləri...

Əlbət, lazımdır bizə mütləq elm, texnika, inkişaf, dinamika...

Ancaq bir inkişaf ki genimizə zərbədir, dinimizə zərbədir, dilimizə zərbədir,

Onun xeyri bizə yox. onun xeyri Qərbədir...

Milli düşmənimizdir ikiüzlü əcnəbinin o minnətli dolları, kredit, sələm pulları,

Bir də bu puldan ötrü atan, satan, tapdayan öz milli mənliyini

 sərvət, şəhvət qulları...

Belə varlı olanın, belə biznes quranın, belə nazir olanın, belə dünya şöhrətli siyasətçi olanın bu millətə xeyri nə?!.

Belələri işləyir yalnız Şərin xeyrinə, erməninin xeyrinə!..

...Əsəblər gərginləşib, sinirlərimiz tarım,

Davam edir soyqırım!..

Yetmədi? Artıq bəsdir, bütün cəhdlər əbəsdir,

İblis də çıxa bilməz bu millətin sonuna,

Artıq çox az qalıbdır bu zillətin sonuna...

Allah özü alacaq Xeyirin qisasını,

Məhşər günü çəkəcək hər kəs öz cəzasını...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi