Modern.az

Hər gün ölən Kəlbəcər

Hər gün ölən Kəlbəcər

Aktual

2 Aprel 2013, 09:00

2005-ci ilin fevralın 10-u idi. Səhər saat altı radələrində mobil telefonuma zəng gəldi. Belə saatlarda adətən adama yaxşı xəbər demirlər. Hansısa bəd xəbəri eşidəcəyimi hiss edib də, telefonu götürdüm. Kəndimizin ağsaqqallarından olan və yaxın qohumumuz Əziz əmim rəhmətə getmişdi. Nəvəsi Teymur zəng vurmuşdu... 

Dərhal onlara yollandım... Müəyyən işləri yoluna qoyduqdan sonra dəfn üçün yer axtarmağa başladıq. Əziz əmimi Qaraçuxurdakı qəbiristanlıqda dəfn etməyi qərara aldıq.

Qəbiri qazdırmaq mənim üzərimə düşürüdü. Bizdən təxminən 200-300 metr aralıda da məzar qazırdılar. Günorta saatlarında mərhumu dəfn etdik. Bizdən 200-300 metr aralıda da o biri rəhmətliyi eyni vaxtda torpağa tapşırdılar.

Geri döndük. Məlum oldu ki, Əziz əmimdən 200-300 metr aralıda dəfn olunan da qohumumuz Rza dayı imiş. Rəhmətliklər həm yaşıd, həm qohum, həm də həmkəndli idilər. Uzun illərin didərginliyi hamını pərən-pərən saldığından qohum ailələr bir-birlərinin yas mərasimindən xəbər tuta bilməmişdilər. Amma Kəlbəcərin işğalından öncə.... Heç olardımı ki, eyni kənddə yaşayasan, biri-birinin xeyrindən, şərindən belə xəbərsiz olasan. Dünya dağılsa da, olmazdı...

1993-cü ilin may ayı idi... İnana bilməyəcəyim bir xəbər aldım. Kəndimizin sayılıb seçilən ağbirçələrindən olan bir qadın Bakıda institutda oxuyan qız nəvəsi ilə yola getmədiyindən oğlunun evindən acıq edib Xanlara (indiki Göygöl) uzaq qohumugilə pənah aparmışdı. Səbəb bu olmuşdu ki, nənə nəvəsinin şalvar geyinməsini qəbul etməyib, nəvə isə nənənin şəhərdə qaloş geyinməsini ayıb hesab edib. Halbuki,  kənddə o nənə nəvəsini o qədər çox istəyirdi ki, hamı onlara qibtə edirdi. Nəvə də nənəsini az istəmirdi. Hətta nəvə kəndə gələndə nənəsinin qaloşunu sevə-sevə geyinirdi. (Onları yaxından tanıdığımdam bunları bilirəm).

2000-ci ilin sentyabr ayı idi. Kəlbəcərin işğalından 7 il adlasa da, hələ də kəlbəcərlilər bir yerdə məskunlaşa bilmirdilər. Bu günə, sabaha geri dönəcəklərini zənn edirdilər. Qohumlarımla görüşmək üçün Gəncəyə “Asxi”nin yataqxanasına getmişdim. Kəlbəcərdə hamının tanıdığı təxminən 75-80 yaşlarında ər-arvad da bu yataqxanada məskunlaşmışdı. Ömürlərini at belində, yaylaqlarda keçirən bu cütlüyə yatqxanada kiçik bir otaq vermişdilər. O dağlara sığmayan cütlük bu kiçik yataqxana otağında o qədər kiçilmişdilər, o qədər miskinləşmiş, yazıqlaşmışdılar ki... O nənənin dedikləri heç zaman yadımdan çıxmaz: “Dərdini deməyə yaxının yox, gəzməyə yerin yox, bir iş görməyə imkanın yox, oturub ölümümüzü gözləyirik...”. 

2004-cü ilin iyun ayı idi. Sevimli şairimiz, mərhum Bəhmən Vətənoğlu ilə Xanlarda görüşdük. Bəhmən müəllimdən soruşanda ki, Kəlbəcərsiz necə dözürsən, necə yaşayırsan, cavabı belə oldu: “Yaşaya bilmirəm ki, özümü aldatmaqla məşğulam”. Sonra əilini Murova tərəf uzadaraq “Ay, oğul, o dağları, o daşları, o kol-kosu, o meşəni Kəlbəcərdəki hesab edib özümü aldadıram”.

Mən iki yaxın qohumun bir vaxtda bir qəbiristanlıqda dəfn olunmasını və bundan ailələrin xəbəri olmamasını biləndə, kənddə ən sevimli nənə-nəvənin qürbətdə yola getmədiyini eşidəndə, o boyda Kəlbəcərə sığmayan ər-arvadın darısqal yataqxana otağında yaşadığını görəndə, böyük şairimiz Bəhmən Vətənoğlunun Kəlbəcərsiz yaşamağın yeganə yolunu özünü aldatmaqda gördüyünə şahid olanda bir qənaətə gəldim. Bəlkə də buna görə məni qınayananlar olacaq. Amma qənaətimi deyəcəm. Kəlbəcər ölür əzizlərim, özü də hər gün, hər saat, hər dəqiqə, hər saniyə ölür. Axı hər an sadaladığımdan da betər hadisələr olur.

Düz 20 ildir ki, Kəlbəcər ölür. Daha o yerləri yeni nəslə tam olaraq anlatmağa, filan yerin niyə elə adlanmasını izah etməyə, hansı bulağın hansı dərdə dərman olduğunu, hansı bitkinin hansı xəstəliyi müalicə etdiyini deməyə,... kəlbəcərli qalmayıb. Ya da barmaqla sayılacaq sayda qalıb. Bu gün hər yaşlı kəlbəcərlinin dünyasını dəyişməsi Kəlbəcərin bir o qədər ölməsi deməkdir.

Məni qınamayın... Mən Kəlbəcəri nə qədər sevsəm də, çox istəsəm də 71 yaşlı dədəm qədər sevə, istəyə bilmirəm. Hətta uşaqlığım orada keçsə belə... Bunu hər dəfə dədəmin üzünə baxanda açıqca hiss edirəm. Onun sifətindəki hər qırışda dünya boyda nisgil var, dərd var. Kəlbəcər nisgili, Kəlbəcər dərdi...

Neynəsəm də, mənim oğlum Kəlbəcəri mənim qədər sevə, istəyə bilməyəcək. Axı o, babasının üzündəki qırışların nədən yarandığını duyacaq anlar yaşamayıb. 

Bunu duyduqca Kəlbəcərin hər gün öldüyünü bir daha yəqinləşdirirəm. Axı ata-babalarımın köç etdiyi Dərələyəz də, Göyçə də belə ölüb...

Bu ölümdən qurtuluşun bircə yolu var. Hər gün misqal-misqal ölməkdənsə ya birdəfəlik ölmək, ya da birdəfəlik dirilmək...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar