Modern.az

“Kəlbəcərsiz 19 il...” - Poemadan parçalar

“Kəlbəcərsiz 19 il...” - Poemadan parçalar

2 Aprel 2012, 12:46


Ələmdar Cabbarlı

Yenə köklənmişəm Kəlbəcər üstə
Yenə fikirlərim düşüb dolaşıq.
Bir belə qürbətdə yaşamaq olmaz,
Ürəyim hökm edir: durma, yola çıx.

Burda bir rahatlıq tapa bilmirəm,
Bu dərdin cəngindən qopa bilmirəm.
Bu yurdun hər yeri şirindi, amma
Bir özgə yuvaya hopa bilmirəm.

İndi Kəlbəcərin çiçək vaxtıdı,
Gözəllik vaxtıdı, göyçək vaxtıdı.
Burda da yaz gəlir, bizə ki gəlmir
Təzə avaz gəlir, bizə ki gəlmir
Arzu, muraz gəlir, bizə ki gəlmir.

Burda o eşq yoxdur, o həvəs yoxdur,
Adamın yaza da gəlmir həvəsi –
Beynimdə ustadın yanğılı səsi:
“Yenə çiçək fəslidi,
Hava gül nəfəslidi.
O dağlar – Xan Əslidi
Məmməd – Yanıq Kərəmdi”.

O çiçək fəsilə, o gül havaya,
O qarlı dağlara tamarzıyıq biz.
Elə yaz gəlsə də qış işindəyik,
Zil qara yazılan bir yazıyıq biz.

Sabah o yurdlara qayıtmaq üçün
Sən nə eləyirsən soruş özündən.
Soruş oğulundan, soruş qızından,
Soruş yaxınından, soruş yadından.
Sülhlə qayıtmağı çıxart yadından.

Gərək Kəlbəcərə qayıtmaq üçün
Bütün Azərbaycan qana-qan desin!
Qeyrətsiz nə bilir Kəlbəcər nədir,
Onun nə vecinə ona can desin.
Son döyüşdən ötrü hücum əmrini –
Yetər ki, Ali Baş Komandan desin!

Bütün Azərbaycan əmr gözləyir,
Tarıma çəkilmiş səbir gözləyir.
O yurdda narahat, yiyəsiz, tənha
Hər məzar gözləyir, qəbir gözləyir!

...Dərdini daşımaq düşüb payıma
Ey canım Kəlbəcər, gözüm Kəlbəcər.
Mənim bu hayıma, bu harayıma –
Göyçədən hay verər Dədə Ələsgər:
“Gəşt elədim bu dünyanı dolandım,
Kəlbəcərin xeyri, şəri yaxşıdı.
...Hörmətləri, mərfətləri yaxşıdı.
...Qovğa günü igidləri yaxşıdı”.

İgidlər, qovğaya hazırsınızmı?
Hər an silah tutan əllərinizlə
Yağının qəbrini qazırsınızmı?
Özcə əlinizlə öz bəxtinizə
Qazilik, şəhidlik yazırsınızmı?

Sizə zülm edənə siz də zülm edin;
Yığışın yağının üstünə gedin –
Bunu nə sərkərdə, nə də şah deyər,
Götürün Quranı, oxuyun ordan –
Bu əmri birbaşa o ALLAH deyər!
Allahın əmrindən çıxmaqmı olar?
Bu boyda dərdlərə, müsibətlərə
Sakitcə oturub baxmaqmı olar?

Qəhrəman xalqımın, cəsur xalqımın –
Bilməzdim bir belə fağır olduğun.
Qaçqın adı altda ömür sürməyin
Dözülməz olduğun, ağır olduğun –
Neçə şair yazıb şeirlərində,
Neçə misra deyib, neçə bənd deyib –
Amma ən təmizin Sücaət deyib:
“Doğma qardaşın da himayəsinə,
Sığınıb yaşamaq heç nə deməkdir”.

Qurtarmaq lazımdır bu dayələrdən,
Bu başa qaxılan himayələrdən,
Bu yerli, bu yersiz kinayələrdən,
Bu evsiz-eşiksiz kirayələrdən,
Bu BMT-lərdən, bu ATƏT-lərdən,
Bu konfranslardan, bu sammitlərdən.
...Bu gün hər vətəndaş əsgər olmalı!
Ən ali kürsü də səngər olmalı!

Hələ gözümüz yaş, bağrımız talan,
Bu qan elə yerdə qalmalıdırmı?
Babasının qəbri tapdaqda olan
Düşmənə bir güllə atmaqdan ötrü –
Kimdənsə icazə almalıdırmı?
O yurdda narahat dolaşan ruhlar
Ömürlük hay-haray salmalıdırmı?

...Səsini duyuram Dədə Şəmşirin –
Sənətdə pələngin, sənətdə şirin.
Deyir elsiz-günsüz qolu bağlıyam,
Deyir kədərliyəm, qəlbi dağlıyam.
Vaxt vardı – söz qoşub hey oxuyardı:
“Şəmşirəm, nə gözəl diyar oğluyam”.

İndi gözəllikdən bir əsərmi var,
İndi o əvvəlki Kəlbəcərmi var...
Ruhu qərib olan Dədə Şəmşirin
Dərdi, qəmi boyda qəm-qəhərmi var?

Dünyanı götürüb ahı-naləsi
Deyir ki, üzübdü bu məlal məni.
Gələr qulağına Vurğunun səsi:
“Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni”.

İndi Dəlidağdan yadlarmı keçir,
Ceyran bulağından qızlarmı içir...
Ceyran bulağına tamarzı qalan –
Ər oğul itirən dostum Mirsəyyaf
Ən kövrək, yanğılı misralar seçir:
“Yuxuda sürünüb bulaq gəzirəm,
Gecələr yataqda dizim qanayır...”.

Mənim də gözümdə yaşım göynəyir,
Yadıma saldıqca huşum göynəyir.
Dağların suyundan içib yuxuda –
Səhər dururam ki, dişim göynəyir.

...Fəqət içimizdə bir ümid yaşar,
Bir gün qəzəbimiz kükrəyər, daşar –
Bir gün Kəlbəcəri döyüşlə alıb,
Ərlik zirvəsinə qalxıb, ucalıb –
Gedib əbədilik yurd salmalıyıq
Düşmənin qəlbinə od salmalıyıq.
Onda anaların üzü güləcək,
Onda şairlərin sözü güləcək.
Ruhu şad olacaq Vətənoğlunun,
Ruhu sevinəcək Ənvər Rzanın.
Onda deyəcəyik çıxdıq sonuna
Bizlərə kəsilən ağır cəzanın.

Deyərik, İlahi, sənə min şükür
Axır ki, qurtardıq bu dərddən, sərdən.
Ədalət sazını basıb döşünə – 
Bir ağız oxuyar Şamil Əsgərdən:
“Ey ana Kəlbəcər, Murov, Ketidağ,
Sənin torpağına, daşına qurban.
Ey loğman İstisu, ey Sarıbulaq,
Min dəfə dolanım başına qurban”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi