Modern.az

Salyanın İcra Hakimiyyəti kimi aldadır?

Salyanın İcra Hakimiyyəti kimi aldadır?

3 Aprel 2012, 11:52

Bir neçə gün əvvəl hazırladığım yazı üçün Salyan rayonu İcra Hakimiyyətinə işim düşdü. Elə İcra Hakimiyyətinin saytını açdım ki, bəklə istədiyim məlumatı tapım. Düzü bəzi rayonların İcra hakimiyyətlərinin saytından fərqli olaraq 3 dildə hazırlanmış, nəfis tərtibdə bir sayt gördüm. Məlumatlar da yerli-yerində. Ürəyimdə Salyan rayonun icra başçısı Tahir  Kərimova bir “afərin” də dedim.

Amma axtardığım məlumatı saytda tapmadım. Axtarış aparan zaman saytda İcra Hakimiyyətinin işçilərinin telefon nömrələrinin yazıldığını gördüm. Burada iş telefonu ilə yanaşı, mobil nömrə də yazılmışdı. Mənə lazım olan məlumatı almaq üçün bu sahəyə aidiyyatı olan adamın adını siyahıda axtarıb nömrəsini tapdım. Amma yığmaqda çətinlik çəkdim. Çünki nömrənin əvvəlində hansı mobil operatora mənsub olduğu yazılmamışdı.

Məmurlar əsasən “SİM” işlədir deyib, nömrənin əvvəlidə 050 kodunu yığdım.

- Salam Teyyub müəllim. (saytda vəzifəsi Memarlıq və tikinti şöbəsinin müdiri yazılmışdı)

- Salam.

- Sizi bir məsələyə görə narahat edirəm.
Məsələni ona izah etdim. Xəttin o başında bir neçə saniyəlik susqunluq yarandı. Sonra cavab gəldi

- Yaxşı mən araşdırım sizinlə əlaqə saxlayaram.

... Başım yazı yazmağa qarışmışdı. Bu vaxt telefon zəng çaldı. Düzü bir neçə nəfərə zəng etdiyimdən bu nömrənin hansı olduğunu bilmədim.

- Bəli eşidirəm.

- Siz məni tanıyısız?

- Adınızı Salyan rayonu İcra Hakimiyyətinin saytında görmüşəm. Nömrənizi də ordan götürmüşəm.

- Yox deyəsən sən mənimlə məzələnirsən?

- Başa düşmədim müəllim bu nə sözdür?

- Axı sən mənim nömrəmi hardan almısan?

- Deyirəm axı, saytdan götürmüşəm.

- Hansı saytdan?

- Salyan rayonu İcra Hakimiyyətinin  saytından.

- Onun adı necə yazılır.

- salyan-ih.gov.az orda telefonlar bölməsi var. Sizin nömrə ordadır. Həm də mən axı soruşanda “Teyyub müəllim?”, siz dediniz ki, “bəli”.

- Müəllim bilirsən, mənim zarafatcıl dostlarım çoxdu. Elə bildim mənimlə məzələnirlər. Həm də mən ictimai adam olmasam da, müəlliməm. Saatlıda işləyirəm. Düzdü sizə adımı deməyəcəm. Amma bilin ki, elə-belə oğlan deyiləm. Mənə bir neçə dəfə Teyyub müəllimin adına zəng gəlib. İndi bildim ki. Məni aldatmırsız.

Artıq səbrim tükənməyə başlamışdı. Bu nə işdir düşdüm. Yazım da yarımçıq qalıb. Birtəhər bu adamı “yola verib” işimə davam etdim.

Amma hələ də mənə maraqlıdır ki, niyə Salyan rayonu İcra Hakimiyyətinin saytındakı nömrələrin əvvəlinə operatorun kodu yazılmayıb. Çünki zəng elədiyim başqa bir nömrəyə də özgə adam cavab verdi. Görəsən burada nə maraq var? Əgər bu insanlar özlərini gizlədirlərsə, niyə sayta nömrələri qoyulub, yox əgər aşkarlıq edirlərsə, operatorun kodu hanı?

P.S. Bax belə. Əvvəldə qeyd etdim ki, Salyan rayonu İcra Hakimiyyətinin saytını çox bəyənmişdim. Dizaynı yaxşıdır. Bircə içindəki məlumatlar da doğru olsaydı...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub